Məhkəmə qərarları › İş №2-1(116)-441/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-441/2020

14.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-441/2020 14.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-0554, kod 40610018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ında adı qeyd olunan X2 adının həmin mülkiyyət sənədindən çıxarılmaqla onlara hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-0554, kod 40610018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ında adı qeyd olunan X2 adının həmin mülkiyyət sənədindən çıxarılmaqla onlara hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Kürd kəndində digər ailə üzvləri ilə birlikdə mülkiyyətində 4.98 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi JN 554, Kod 40610018 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə adlarına rəsmiləşdirilmişdir. Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçiləri olaraq onun, X3, X1, X2 və X4 adları qeyd olunmuşdur. Məlum olduğu kimi, dövlət başçısının müvafiq göstərişi ilə Ağdaş rayonun Ləki qəsəbəsində yerləşən dəmir yolu xəttindən Qəbələ rayonu istiqamətində hazırda dəmir yolu xətti çəkilir. Həmin torpaq sahəsi də dəmir yolunun çəkildiyi əraziyə düşür. Lakin bununla belə dəmir yolunun çəkilməsi ilə bağlı dövlətə kompensasiya ödənilməklə keçən torpaq sahəsinə görə qeyd olunan kompensasiyanı ala bilmir. Səbəbi isə torpaq sahəsinin mülkiyyətçilərindən biri olaraq Dövlət Aktında adı qeyd olunan oğlu Rərvin Ələkbərovun vətəndaşlığının itirilməsidir. Pərvin uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində yaşamır və onun vətəndaşlığı məhkəmə qərarı ilə itirilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Pərvin Ələkbərovun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə çıxarılmasanı xahiş etmişdir. Həmin məhkəmənin 13 dekabr 2017-ci il tarixli 2(001)-16745/2017 saylı qətnaməsi ilə 04 iyun 1988-ci ildə Qəbələ rayonun Kürd kəndində anadan olmuş, Kürd kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikası vətəndaşlığını itirilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədən aydın olduğu kimi Pərvinin ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsini müəyyən edən halların mövcudluğu təsdiq olunmaqla bu qərar qəbul olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia inzibati qaydada verilən iddiaların öhdəliyin icrası növünə aiddir. Həmin növ iddiaların mümkünlük şərtlərindən ən əsası iddiaçının müvafiq tələblə bağlı ilkin olaraq inzibati orqana müraciət etməsidir. Hazırki vəziyyətdə iddiaçının öz tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, işdə olan 14.11.2019-cu il tarixli cavabdeh inzibati orqanın məktubundan görünür ki, iddiaçı dövlət aktında olan ad səhvinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. İddiaçıya izah olunur ki, o, müvafiq tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etməli, ərizəsi təmin olunmadığı və ya qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində cavablandırılmadığı halda məhkəmədə iddia qaldıra bilər. Odur ki, hazırki iddia ilə bağlı iddiaçının hüquq və qanuni mənafelərinin cavabdeh orqan tərəfindən pozulmasını göstərən hallar istisna olunur. Hazırki iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin : 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-0554, kod 40610018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ında adı qeyd olunan X2 adının həmin mülkiyyət sənədindən çıxarılmaqla onlara hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar