Məhkəmə qərarları › İş №2-1(116)-442/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-442/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-442/2020 03.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı "JN-065F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, hərrac vasitəsilə aldığı 0,03 ha torpaq sahəsinə dair adına DƏDRX-dən çıxarışın və plan-ölçü sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı "JN-065F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, hərrac vasitəsilə aldığı 0,03 ha torpaq sahəsinə dair adına DƏDRX-dən çıxarışın və plan-ölçü sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən X4 məxsus 0,27 ha torpaq sahəsinin 0,03 ha hissəsini beh müqaviləsi əsasında almış, lakin həmin torpaq sahəsi onun adına rəsmiləşdirilməmişdir. Həmin müqavilə əsasında onun tərəfindən ödənilən 1850 manat pulun ödənilməsi üçün o, Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, 200 manat hüquqi yardım xərci və 30 manat dövlət rüsumunun X2 tutularaq ona ödənilməsi barədə 13.06.2017-ci il tarixli qətnamə qəbul olunmuşdur. Bundan sonra X5 həmin pulu ödəyə bilmədiyi üçün borclunun əmlakının üzərinə həbs qoyulmuş və hərraca çıxarılmışdır. O, sözügedən əmlakın dəyərini ödəyərək hərracdan həmin torpaq sahəsini almışdır. O, hərrac vasitəsilə aldığı 0,03 ha torpaq sahəsinə adına çıxarışın və plan-ölçü sənədinin hazırlanaraq verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh özünün 03.09.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, torpaq sahəsinin qeydiyyatı üçün "Hərracın yekunları barədə protokol"un əsli, torpaq sahəsinin bölgü planı təqdim olunmalıdır. Bundan başqa, torpaq sahəsinin üzərinə Qəbələ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən nəzarət qoyulmuş və bu günə qədər nəzarət götürülməmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 13.06.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə görə, X2 İddiaçı xeyrinə cəmi 2080 manat məbləğində pulun tutulması qət edilmiş və 26.10.2017-ci ildə bu barədə icra vərəqəsi verilmişdir. Bundan sonra cavabdeh verilmiş müddət ərzində icra sənədini könüllü icra etmədiyinə görə icra məmuru borclu X3 və digər iki nəfər ailə üzvünün ümumi mülkiyyətində olan JN-065F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,27 ha torpaq sahəsinin 0,03 ha hissəsinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermişdir. Qəbələ Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Daha sonra Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən, qeyd olunan 0,27 ha torpaq sahəsinin 0,03 ha hissəsinin satılması üçün "xxxx" MMC tərəfindən 04.03.2019-cu ildə hərrac keçirilmişdir. İddiaçı hərracda qalibi gəlmiş, onunla "xxxx" MMC arasında 04.03.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, X4 məxsus Qəbələ rayon Zarağan kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsi 2100 manata İddiaçı satılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin 0,03 ha torpaq sahəsi ilə bağlı öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanıb verilməsini xahiş etmiş, lakin cavabdeh 09.10.2019-cu il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, İdarənin əməkdaşları ölçü işlərinin aparılması və bölgü planının tərtib edilməsi üçün həmin ünvanda olmuş, lakin torpaq sahəsində mübahisə olduğuna görə ölçü işlərinin aparılması və bölgü planının tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirdi ki, o, hərracda aldığı 0,03 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir, lakin həmin 0,03 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən edən heç bir sənəd yoxdur, əvvəlki mülkiyyətçilər isə bölgü planının tərtib olunmasına razı deyillər. Məhkəmə qeyd edir ki, iddiaçı 0,03 ha torpaq sahəsini satın alsa da, bu torpaq sahəsinin koordinatları nə alqı-satqıdan əvvəl, nə də ondan sonra müəyyən edilməmişdir. Onun aldığı 0,03 ha torpaq sahəsinin JN-065F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,27 ha torpaq sahəsinin məhz hansı hissəsində olmasını müəyyən etməyə imkan verən heç bir sənəd yoxdur. Hazırda İddiaçı JN-065F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də adları göstərilən şəxslərlə yanaşı, ümumi mülkiyyətdə olan 0,27 ha torpaq sahəsinin ümumi mülkiyyət iştirakçılarından biridir. Lakin iddiaçının hüquqi marağı torpaq sahəsinə ümumi mülkiyyət hüquqlarının deyil, yalnız satın aldığı 0,03 ha torpaq sahəsinə ayrıca özünün mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Bunun üçün isə əvvəlcə həmin 0,03 ha torpaq sahəsinin koordinatları müəyyən edilməli və həmin pay torpaq sahəsinin qalan hissəsindən ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. (221.1-ci maddə) Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (220.2-ci maddə) Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. (220.3-cü maddə) Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. (220.4-cü maddə) Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. (220.5-ci maddə) Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. (220.6-cı maddə) Göründüyü kimi, paylı mülkiyyətdə olan əşyanın bölünməsinin və ondan payın ayrılmasının qaydası Mülki Məcəllədə nəzərdə tutulmuşdur. 0,27 ha torpaq sahəsinin bütün mülkiyyətçiləri sahənin bölünməsi və ya ondan iddiaçının payının ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri halda, iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməlidir. Həmin tələb isə əmlak hüquqları ilə bağlı olduğuna görə ona inzibati məhkəmədə deyil, ümumi məhkəmə sayılan Qəbələ Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia inzibati məhkəmədə baxılmalı olmadığına görə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı "JN-065F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, hərrac vasitəsilə aldığı 0,03 ha torpaq sahəsinə dair adına DƏDRX-dən çıxarışın və plan-ölçü sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar