Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-442/2022 27.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayon İvanovka kəndində yerləşən fərdi yaşayış evinin və 0,23 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14.07.2001-ci il tarixli 125 saylı qərarı ilə ona məxsus JN-872A kod 40709018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən texniki səhvin aradan qaldırılması, dövlət reyestrində torpaq sahəsinin koordinatlarının istifadə vəziyyətinə uyğun yenidən işlənib hazırlanması və 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı 24.12.2003-cü il tarixli notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonunun İvanovka kəndində 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini almışdır. Fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi verilmiş, həmçinin İsmayıllı rayonunun Aqrar İslahat Komissiyasının 04.07.2001-ci il tarixli 125 saylı qərarı ilə iddiaçının adına 0,23 ha torpaq sahəsinə dair JN-872A kod 40709018 saylı şəhadətnamədə tərtib edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 25.11.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, JN-872 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə uyğunsuzluq var. Belə ki, ləğv edilmiş DTXKnın İsmayıllı rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş torpaqdan pay almaq huququ olan subyektlər siyahısında “872” sıra nömrəsi X1 adı qeyd olunmuşdur. Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatlarında da JN-872 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə X1 adı qeyd olunmuşdur. Qeyd olunan səbəbə görə də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. İddiaçı adına tərtib edilmiş Qeydiyyat vəsiqəsi və Texniki pasportun arxiv nüsxələri Ərazi İdarəsinin arxivində mövcud deyil. JN-872 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “İsmayıllı rayon İvanovka kəndində yerləşən fərdi yaşayış evinin və 0,23 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 06.12.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş İsmayıllı rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş subyektlər siyahısının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının qanuni istifadəsində 0,23 ha həyətyanı torpaq sahəsi vardır. Xəritə nömrəsi 872-dir. Ailə tərkibi 1 nəfərdən ibarətdir. JN-872A kod 40709018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, İsmayıllı rayon AİK-nın 04.07.2001-ci il tarixli 125 saylı qərarı ilə 0,23 ha həyətyanı torpaq sahəsi iddiaçıya verilmişdir. Cavabdehin 26.11.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilir ki, JN-872A kod 40709018 nömrəli şəhadətnamədə göstərilən mübahisəli 0,23 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, faktiki sahəsi 0,2478 ha, istifadəçisi İddiaçıdir. Dövlət Notariat Arxivinin 16.04.2022-ci il tarixli məktubuna əlavə olunan 4Ə-3-384 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, 145 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı rayonu İvanovka kəndində yerləşən fərdi yaşayış evi X4 və X5 hər birinə 1/2 pay olmaqla mülkiyyətdədir. 197205 nömrəli 24.12.2003-cü il tarixli “Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, X4 və X6 tərəfindən verilmiş vəkalətnamə əsasında onların adından çıxış edən X7 İsmayıllı rayonu İvanovka kəndində yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 27 nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, İsmayıllı rayonu İvanovka kəndində yerləşən fərdi yaşayış İddiaçı mülkiyyətindədir. 228 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, İsmayıllı rayonu İvanovka kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Sənəddə evin 2300 kv.m torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən 0,23 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, İsmayılı rayon AİK-nın müvafiq qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş, qanuni istifadəsində 0,23 ha torpaq sahəsinin olduğu göstərilmiş, həmçinin torpaq sahəsinin xəritədə nömrəsi 872 olaraq qeyd olunmuşdur. Bunun əsasında AİK-nın 04.07.2001-ci il tarixli 125 saylı qərarı ilə həmin həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddia tələbində qeyd edilən fərdi yaşayış evinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı fərdi yaşayış evini notariat kontorunda alqı-satqı qaydasında əldə etmiş və adına Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmçinin evin 228 inventar nömrəli texniki pasportunda da əvvəlki mülkiyyətçilərin adlarının üzərindən xətt çəkilərək iddiaçının adı qeyd edilmiş, sənəddə evin 0,23 ha torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə İsmayıllı rayonunun İvanovka kəndində yerləşən fərdi yaşayış evinin və 0,23 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İsmayıllı rayonunun İvanovka kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin və 0,23 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-442/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-442/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver