Məhkəmə qərarları › İş №2-1(116)-443/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-443/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-443/2020 16.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazisi Balakən rayon Aqrar islahat İdarəsi Komissiyasının qərarında dəyişikliklər edilməsi, həmin qərar əsasında ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 1051 kod 40102018 və JN 0358 kod 40102018 torpağa mülkiyyət hüququna dair Dövlət aktlarını qismən ləğv etməklə həyətyanı sahəyə bitişik olan 0,25 ha kənd təsərrüfatı torpaq sahəsinə yeni sənədlərin verilməsi və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazisi Balakən rayon Aqrar islahat İdarəsi Komissiyasının qərarında dəyişikliklər edilməsi, həmin qərar əsasında ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 1051 kod 40102018 və JN 0358 kod 40102018 torpağa mülkiyyət hüququna dair Dövlət aktlarını qismən ləğv etməklə həyətyanı sahəyə bitişik olan 0,25 ha kənd təsərrüfatı torpaq sahəsinə yeni sənədlərin verilməsi və RX seriyalı ******* N li hüquqların dövlət qeydiyyatından çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, İddiaçı Mahamarəsul oğlu ailəsi ilə birlikdə Balakən rayonu Hənifə kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə ona və 3 ailə üzvünə 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 3 ayrı-ayrı planşetdə konturda verilmişdir. İki planşetdə torpaq sahəsi onun evinin yaxınlığında həyətyanı sahə ilə bitişik yerdən digər planşetdə isə tamamilə başqa yerdən verilmişdir. Digər tərəfdən üçüncü şəxslər X8, X9 və X6 Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 1,07 ha sahəsi ayrılmış və həmin torpaq sahəsi də 3 ayrı-ayrı planşetlərdə verilmişdir. X8 və onun ailə üzvlərinin adına verilmiş JN-0358 KOD 40102018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”na əsasən iddiaçı DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayon Aqrar İslahat Komissiyasının Qərarında dəyişikliklər edilməsi həmin qərar əsasında ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarında düzəliş edilməsinə və ya onların ləğv edilməsi, həmçinin Dövlət Reyestrində aparılmış Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə müraciət etmiş, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsindən alınmış 06 noyabr 2019-cu il tarixli **********76 №-li məktubundan görünür ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş, “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” da düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmçinin dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın ərizəniz əsasında ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdehin etirazında qeyd olunmuşdur ki, iddiaçı Balakən rayon sakini X10 adına 0,25 ha torpaq sahəsinə dair verilmiş **********17 reyestr nömrəli çıxarışın ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmçinin dövlət reyesrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən iddaçının ərizəsinin icra edilməsi tərəfimizdən mümkün olmamış və bu barədə ona məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının mübahisələndirdiyi Balakən rayonu, Hənifə kəndində yerləşən 0,70 ha torpaq sahəsi, 1,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi Balakən rayon Aqrara İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə X7, X3 və X4 mülkiyyətinə verilmiş və ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən onların adına JN-0358 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” (0,70 ha torpaq sahəsi 358N planşet hissədə göstərilib) ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş 23 mart 2006-ci il tarixli, 4Ə-66 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X1. Qeyd olunan müqavilə əsasında X10 hüquqları 14 aprel 2016-cı il tarixli, **********17 reyestr nömrəli çıxarışla rəsimləşdirilmişdir. İddiaçı məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, torpaq aktlara hələ 2001-ci ildən ona verilmiş, həyətinin yanında olan torpaq sahəsindən o, istifadə etmişdir. Onun aktda göstərilən 0,52 ha hissəsi 10 km aralı olduğu üçün istifadə etməmişdir. X14 ona qarşı Balakən Rayon Məhkəməsində iddia qaldırmış, o da buna görə bu məhkəməyə müraciət etmişdir. Həmin torpaq sahəsinin Şakirə aid olmasından xəbəri olmuş, sonradan Əjdərlə də razılığa gəlmək istəmişdir. Hətta özünə aid olan 0,52 ha hissəni də ona verməyə razıdır. Aralarında torpağa dair mübahisə 6 ildən çox davam edir. Onun həyətinə bitişik zəbt sahəsi çoxdur. Əjdərin də sahəsindən faktiki 0,14 ha hissəni tutmuşdur ki, onun da əvəzinə 0,52 ha hissəni verməyə hazırdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı işdə mübahisə olunan X13, X9 və X4 mülkiyyətinə verilmiş və ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən onların adına JN-0358 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” Balakən rayon Aqrara İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsini ən azından 2001ci ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin iddianın aktın ləğvi hissəsinə dair tələbi mümkün sayılmadığı üçün həmin akt əsassında alqı-satqı nəticəsində verilmiş çıxarışın ləğvində dair hissədə də iddia mümkün sayılmır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazisi Balakən rayon Aqrar islahat İdarəsi Komissiyasının qərarında dəyişikliklər edilməsi, həmin qərar əsasında ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 1051 kod 40102018 və JN 0358 kod 40102018 torpağa mülkiyyət hüququna dair Dövlət aktlarını qismən ləğv etməklə həyətyanı sahəyə bitişik olan 0,25 ha kənd təsərrüfatı torpaq sahəsinə yeni sənədlərin verilməsi və RX seriyalı ******* N li hüquqların dövlət qeydiyyatından çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar