Məhkəmə qərarları › İş №2-1(116)-443/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-443/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-443/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 il 2 ay təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, 20 il 2 ay təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1980-cü ildən xx.xx.1981-ci ilədək X1 toxucu istehsalatında əyrici işləmişdir. ( iş stajı 11 ay 04 gün). xx.xx.1981-xx.xx.1983-cü ilədək Mingəçevir “Azərrezintexnika” zavodun hazırlıq sexinə kauçuk buraxışı üzrə ambardar vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 il 1 ay 19 gün ) xx.xx.1984-xx.xx.2002-ci ilədək Mingəçevir “Azərrezintexnika” zavodun texniki nəzarət şöbəsində 1nömrəli rezin qarışığı hazırlığısexində rezin qarışığının hazırlanması vərezin kley üzrə əməliyyatlararası texnoloji prosesə nəzarət üzrə nəzarətçi, daha sonra 5 nömrəli razvari qayışlar istehsalı sexində sınaqçı-çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 18 il 4 ay 11 gün ) xx.xx.2011-xx.xx.2011-ci ildə Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində dalandar işləmişdir. ( iş stajı 3 ay 13 gün). xx.xx.2012-xx.xx.2019-cu ildə MingəçevirŞəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində süpürgəçi-fəhlə işləmişdir. ( iş stajı 6 il 6 ay 19 gün). Beləliklə müvəkkilimin ümumi iş stajı, 27 il 11 ay 5 gün , güzəştli şərtlərlə iş stajı 20 il 2 ay təşkiledir. Müvəkkilimin ümumi iş stajıeləcədə güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2020-cü il tarixli **********2 saylıməktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensyaları haqqında” Qanunun 21.1-ci maddəsinə istinad edərək xx.xx.1997-xx.xx.2002-ci il tarixləriarasındakı dövr ərzində uzun müddətli ödənişsiz məzunyyətdə olmuş və sığorta haqqı ödəməmiş və həmin dövr iş stajına daxiledilmədiyindən ümumi iş stajı 20 ildən az olmuşdur. Cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Mərkəzi Filial tərəfindən müraciətə baxılaraq İddiaçı xx.xx.2020- ci il tarixli **********2 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı 07.11,1962-ci il tarixdə anadan olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunmuş “X3” ASC-nin 1 iyul 2020-ci il tarixli 294 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002- ci il tarixədək öz hesabına, yəni əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olmuşdur. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilməsinin qanunvericilik əsası yoxdur. Nəzərinizə çatdırırıq ki, iddiaçı S.X2 təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən ümumi iş stajı qanunvericiliklə tələb olunan 20 ildən az (15 il 08 ay) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16951,82 manat təşkil edir.Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:

1. Cavabdehin xx.xx.2020-cü il tarixli imtina məktubu;

2. 01.07.2020-ci il tarixli tarixli güzəştli arayışın surəti.

3. 01.07.2020-ci il tarixli arxiv arayışının surəti.

4. İddiaçıya məxsus ИТ-0596872 seriya nömrəli əmək kitabçası;

5. İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxiyyət vəsiqəsinin surəti,

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyətinin növləri sadalanmışdır. Qeyd olunan normada ödənişsiz məzuniyyət müddətlərinin iş stajı kimi nəzərə alınması müəyyən edilməmişdir. Bununla yanaşı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1) qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır. 2) azı 25 il ümumi sosial sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmalıdır. İş üzrə müəyyən edilir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002- ci il tarixədək ödənişsiz, yəni əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olmuşdur(“X3” ASC-nin 1 iyul 2020-ci il tarixli 294 nömrəli arayışı). Qanunvericilikdə iş stajına daxil edilən əmək fəaliyyəti növlərinin arasında sosial və ödənişsizməzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməz. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının ümumi iş stajı 20 ildən az (15 il 8 ay) olduğundan iddia tələbi uğursuzdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 il 2 ay təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar