Məhkəmə qərarları › İş №2-1(116)-444/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-444/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-444/2022 05.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına əmək pensiyası təyin olunmasına dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən 05 avqust 2021-ci il tarixdə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. İddiaçı qeyd edir ki, o, müraciətinə Zaqatala rayonu, “Sabir” adına kolxozda işləməsinə dair 08.06.2021-ci il tarixli arxiv arayışları və 09 iyun 2021-ci il tarixli 13 saylı Azərbaycan Respublikası Elmi Tədqiqat Bağçılıq və X4 (hal-hazırda Meyvəçilik və Çayçılıq X13) dayaq məntəqəsində 16.09.1973-cü il tarixdən 07.03.1978-ci il tarixədək işləməsi barədə arayışı, 09 iyun 2021-ci il tarixli 40 saylı Azərbaycan Respublikası Əkinçilik X1 X8 07.01.1983-cü il tarixdən 20.03.1986-cı il tarixədək aqrotexnik vəzifəsində işləməsi barədə arayışları əlavə etmiş, lakin cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 14.02.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İddiaçı təqdim etdiyi X9 09.06.2021-ci il tarixli 13 nömrəli arayışına əsasən 16.09.1973-07.03.1978-ci illər üzrə əmək fəaliyyəti dövrü, X15 stansiyasının 09.06.2021-ci il tarixli 40 nömrəli arayışına əsasən 07.01.1983-20.03.1986-cı illər üzrə əmək fəaliyyəti dövrü, Zaqatala rayon Dövlət Arxivinin 08.06.2021-ci il tarixli 5207 nömrəli arayışına əsasən 01.01.1986-01.01.1992-ci illərdə “Sabir” adına kolxozda işlədiyi dövr, Zaqatala rayon Dövlət Arxivinin 08.06.2021-ci il tarixli 5207 nömrəli arxiv arayışına əsasən 02.03.1992-01.09.1999-cu illər üzrə əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilməmişdir. İddiaçının 16.09.1973-07.03.1978-ci ilədək X10 işlədiyini təsdiq edən yeganə sənəd Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin 09.06.2021-ci il tarixli 13 nömrəli arayışıdır. Həmin arayışda əsasən iddiaçının 16.09.1973-07.03.1978-ci illərdə X10 fəhlə işlədiyi qeyd olunmuşdur. Eyni zamanda iş materiallarında olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 26.11.1974-24.12.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Göründüyü kimi iddiaçının hərbi xidmətdə olduğu dövrdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsi iddiaçının orada fəhlə işləməsinə dair arayış vermişdir ki, bu isə həmin arayışın saxta olduğunu sübut edir. Şəxsin xidmətdə olduğu dövrdə həmin müəssisədə işləməsi mümkün deyildir. Həmçinin iddiaçının işlədiyini iddia etdiyi dövrlər üzrə təqdim olunmuş arayışlara əsasən əmək fəaliyyəti dövrləri toplandığı təqdirdə cəmi 21 il 2 ay 3 gün təşkil edir ki, bu da onun yaşa görə əmək pensiyasına çıxması üçün tələb olunan (25 il) sosial sığorta stajından azdır. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Zaqatala rayon Dövlət Arxivinin 18.11.2021-ci il tarixli 116 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışında qeyd olunur ki, Zaqatala RİH başçısının 02.03.1992-ci il tarixli 138 nömrəli sərəncamı rəhbər tutularaq “Sabir” adına kolxozdan ayrılıb gəlmiş siyahı üzrə olan bütün kolxozçular fəhlə qəbul edilmişlər (əmr 24, 30.03.1992-ci il). Sovxozun aşağıda adları qeyd olunan fəhlə və qulluqçuları (586-cı sırada İddiaçı qeyd olunub) 01.09.1999-cu il tarixdən tutduqları vəzifədən azad edilsinlərəmr 24, 17.09.1999-cu il). Zaqatala rayon Dövlət Arxivinin 18.11.2021-ci il tarixli 116 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışından görünür ki, iddiaçı “Sabir” adına kolxozda kolxozun şəxsi hesab kitablarına əsasən 1986-cı ildə 242, 1987-ci ildə 284, 1988-ci ildə 307, 1989-cu ildə 254, 1990-cı ildə 332, 1991-ci ildə 610, 1992-ci ildə 193, 1993-cü ildə 450 və 1994-cü ildə 383 adam günü işləmişdir. Minimum adam günü 200 gün hesab olunmuşdur. 3210060 nömrəli iddiaçıya məxsus hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 30.11.1974-cü ildən 20.12.1976-cı ilədək hərbi xidmət keçmişdir. Cavabdehin 18.02.2022-ci il tarixli məktubuna əlavə olunmuş Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X7 Elmi X11 Bölgə Təcrübə Stansiyasının 09.06.2021-ci il tarixli 40 nömrəli arayışının surətində qeyd olunur ki, Stansiyanın 07.01.1983-cü il tarixli 03 nömrəli əmri ilə 04 yanvar tarixindən aqrotexnik vəzifəsinə qəbul edilmiş, 20.03.1986-cı il tarixli 29 nömrəli əmrilə ilə tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin 18.02.2022-ci il tarixli məktubuna əlavə olunmuş Azərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin 09.06.2021-ci il tarixli 13 nömrəli məktubunda qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikası Elmi-Tədqiqat Bağçılıq və X4 (hal-hazırda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) Dayaq Məntəqəsinin 16.09.1973-cü il tarixli 35 nömrəli əmrilə 10 sentyabr tarixindən kənd təsərrüfatı fəhləsi vəzifəsinə qəbul olunmuş, Məntəqənin 07.03.1978-ci il tarixli 07 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçının 07.06.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. “X6 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına hesablanacağı təqdirdə, yəni X10 16.09.1973-07.03.1978-ci illər üzrə (26.11.1974-24.12.1976-ci illərdə hərbi xidmət dövrü də daxil olmaqla) 4 il 5 ay 29 gün, X15 stansiyasının 09.06.2021-ci il tarixli 40 nömrəli arayışına əsasən 07.01.1983- 20.03.1986-cı illərdə əmək fəaliyyəti dövrü üzrə 3 il 2 ay 13 gün, “Sabir” adına kolxozda işlədiyi dövr nəzərə alınmaqla 1986-1994-cü illər üzrə 8 il 8 ay 25 gün kolxozda iş stajı müəyyən edilsə belə iddiaçı qanunvericiliklə müəyyən edilmiş azı 25 il sığorta stajı tələbinə cavab vermir. Bununla yanaşı cavabdeh tərəfindən etirazda göstərilmiş şəkildə, iddiaçının hərbi xidmət müddəti ayrılıqda hesablanmaqla iddia edilən iş stajının üzərinə gəlindikdə belə iddiaçı qanunvericiliklə tələb olunan minimal 25 il kimi müəyyən edilmiş iş stajı tələbinə cavab verməməkdədir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X6 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar