Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-445/2022 14.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Quşencə kəndinə yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonu Quşencə kəndinə yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1625/2021 nömrəli qərardadı ilə İsmayıllı rayon Quşencə bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İsmayıllı rayonu Quşencə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 nömrəli qərarı ilə, həyətyanı məqsədilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 1200 kv.m torpaq sahəsi iddiaçıya satılmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair keçmiş DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən A501420 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu, müvafiq torpaq sahəsinin ona İsmayıllı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 nömrəli qərarı ilə satılması və torpaq sahəsinin dəyərini ödəməsi ilə, cavabdeh iddia tələbinə etirazını – müvafiq torpaq sahəsinə dair təqdim edilməli olan hüquq müyyənedici sənədlərin əsillərinin təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2015-ci il tarixdə tərtib edilmiş, A501420 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, 1200 kv.m torpaq sahəsinə dair müvafiq sənədin hazırlanmasına əsas - İsmayıllı rayonu Quşencə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı olmuş, torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədilə ayrıldığı qeyd edilmişdir. - İsmayıllı rayon Quşencə bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 02 №-li məktubunda qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsi ilə bağlı bələdiyyədə heç bir sənəd mövcud deyildir. Şifahi sorğu əsasında həmin dövrdə bələdiyyə sədri vəzifəsində işləmiş X3 bildirmişdir ki, 2005-ci ilin noyabr ayında Quşencə İƏD üzrə nümayəndəliyin və bələdiyyənin yerləşdiyi binada baş vermiş partlayış zamanı bəzi sənədlər məhv olmuşdur. Həmin məhv olmuş sənədlərin içərisində İddiaçı məxsus sənədlərin əsli də olmuşdur. - İsmayıllı RİHB-nın Quşencə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 10 №-li məktubunda qeyd edilmişdir ki, 2005-ci ilin noyabr ayında Quşencə kənd İƏD üzrə nümayəndəliyin binasında partlayış baş vermişdir. Həmin müddətdə Quşencə bələdiyyəsi nümayəndəliyin binasında yerləşmişdir. Partlayış zamanı idarə binasında olan bəzi sənədlər korlanmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülümş 0.1462 ha torpaq sahəsi Quşencə kəndi ərazisində aparılmış Torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən İsmayıllı rayonu Quşencə kənd İnzibati Ərazi Vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası əkin olan ərazidir, İsmayıllı rayon Quşencə bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0.1462 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının adına tərtib edilmiş A501420 nömrəli planölçü sənədinə əsasən 0.12 ha torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0.1462 ha torpaq sahəsi üst-üstə düşür. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, iddia olunan torpaq sahəsinə dair təqdim edilməli olan hüquq müəyyənedici sənədlərin əsilləri təqdim olunmamışdır. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddia olunan torpaq sahəsinə dair iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş A501420 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi” təqdim edilir. Sənədi tərtib edən inzibati orqan – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi olmuşdur. Həmin sənəddə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə əsas olaraq İsmayıllı rayonu Quşencə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli iclas protokolunun 11 №-li qərarı qeyd edilmişdir. Göründüyü kimi, plan-ölçü sənədi səlahiyyətli dövlət orqanı tərəfindən, torpaq ayrılmasına dair müvafiq bələdiyyənin qərarı əsas götürülməklə tərtib olunmuşdur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 453 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, 2.1-ci bəndinə əsasən isə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmı, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021 -ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxsin bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçir. Yəni, hazırkı cavabdeh, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin hüquqi varisi olmuşdur və ilkin olaraq plan-ölçü sənədini tərtib edən orqana artıq müvafiq hüquq müəyyənedici sənədlər təqdim edilmişdir. Müvafiq sənədlərin mötəbərliyinə şübhə olmadığından A501420 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən artıq bir dəfə planölçü sənədi tərtib edilərkən həmin sənədlərin əsli tələb edilərək yoxlanılmış və sənədlərin mötəbərliyi ilə bağlı şübhə olmadığından müvafiq plan-ölçü sənədi hazırlanmışdır. Həmin sənədlərin təkrarən iddiaçıdan tələb edilməsi yolverilməzdir və iddiaçının təqdim etdiyi plan-ölçü sənədinin mötəbərliyinin şübhə doğurması ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, İsmayıllı rayonu Quşencə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının əsli iddiaçıda, bələdiyyənin özündə və arxivdə olmasa da, həmin sənədin əsli və ya təsdiq edilmiş surəti cavabdehin özündə olmalı idi. Belə ki, yuxarıda qeyd edildiyi kimi, müvafiq plan-ölçü sənədinin tərtibi ilə əlaqədar cavabdeh orqan müvafiq sənədi tələb etmiş və tərtib etdiyi plan-ölçü sənədində əsas olaraq həmin sənədin məzmununa istinad etmişdir. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin uqodiyası əkin olaraq göstərilsə də, müəyyən edilir ki, həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlarına aiddir və bələdiyyənin perspektiv inkişaf fond torpaqlarında yerləşir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə hansı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinin mümkün olmaması qeyd edilmiş və bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Qanunvericiliyin tələbindən görünür ki, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqların xüsusi mülkiyyətə verilməsinə qadağa müəyyən olunmadığından, mübahisəli torpaq sahəsinin uqodiyasının əkin olması onun kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qiymətləndirilməsinə səbəb olmur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə “İsmayıllı rayonu Quşencə kəndinə yerləşən, A501420 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə qeyd edilmiş 0,12 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.