Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-447/2020 21.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin 06.11.2019-cu il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” əsasında Şəki bazarı 1997-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. 2001-ci ildə həmin bazar açıq tipli səhmdar cəmiyyətə çevrilmişdir. O, 2001-ci ilin aprel ayının 10-da "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilmiş və həmin vəzifədə 2010-cu ilin may ayının 7-sinə kimi işləmişdir. 2001ci ilin iyun ayının 4-də isə Şəki bazarını “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müstəqil surətdə özəlləşdirmişdir. İdarə heyətinin sədri seçilən zaman onunla birlikdə səhmdarların sayı 69 olmuşdur. Bazar, ümumiyyətlə, istifadəyə yararsız olmuşdur. Ətrafında 1500 m2-lik sahə istifadə olunmamış, həmin ərazilərdə 67 ədəd mağaza olsa da, heç biri bazarın balansında olmamışdır. Bazara müdir təyin olunduqdan sonra 80 mağaza tikdirib bazarın balansına daxil etmişdir. Həmçinin, bazarın balansında olan mağazalarda işləyən hər sahibkarla fərdi qaydada icarə müqaviləsi bağlanmışdır. Sahibkarlar hər biri icarə pullarını bazarın kassasına ödəmişlər. Bazara müdir təyin edildikdən sonra bazarda tikinti, quruculuq işləri aparmış və 194 yeni iş yeri açaraq Şəki camaatını işlə təmin etmişdir. Sonradan bazarın səhmlərinin hamısını almışdır. Şəki bazarına məxsus torpaq da ona aid olmuşdur. Yəni bazarın faktiki sahibi o, olmuşdur. Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə yaxın dostu və qohumu X3 Səmədovanın adına Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin vaxt Firuzənin 22 yaşı olmuşdur. İcra başçısının 01 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində ticarət cərgəsi tikilməsinə icazə verilmişdir. O, əvvəllər öz şəxsi vəsaiti hesabına orada tikinti işləri aparmışdır. 2008-ci ilin sonlarında artıq bazarın yeni tikintisinin 70%-i hazır olmuşdur. Həmin vaxtdan vəsait çatışmazlığı yaranmışdır. Şəki rayonunda yeni ticarət mərkəzinin tikilməsi barədə xəbərlər yayıldığına görə müxtəlif vətəndaşlar ticarət mərkəzinə baxıb orada tikinti işlərinin həyata keçirilməsini görərək özlərinə ticarət cərgəsindən yerlər və mağaza icarəyə götürməkdən ötrü ona müraciət etmişlər. Ticarət mərkəzinin tikintisinin tez bir zamanda tamamlanmasına kömək məqsədilə, həmçinin gələcəkdə həmin pul verən şəxslərin bazarda fəaliyyət göstərəcəkləri dövrdə onların icarə haqqından azad olunması şərti ilə onlardan qəbzlə pul qəbul edilmişdir. Bundan başqa vətəndaşların yeni açılacaq bazarın tikilməsi üçün ödədikləri pulların elə hamısı bazarın tikintisinə xərclənmişdir. Beləliklə də vətəndaşların verdikləri pullar ilə tikinti işləri yenidən 2009-cu ilin yay aylarında bərpa edilmişdir. 1800 nəfərlik iş yeri və bütün sənədlər hazır olmuşdur. Lakin bazarın açılmasına icazə verilməmişdir. O, sözügedən torpaq sahəsində dəyəri 300 min manata qədər olan ticarət cərgələri, qurğu və avadanlıqlar öz vəsaiti hesabına tikdirmişdir. Eyni zamanda bu obyektin sənədləşdirilməsi sünişəkildə problemə çevrilmişdir. Sözügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Yaxın dostu olan Natiq Səmədov vəfat etdikdən sonra qızı Firuzə kimlərinsə təsiri ilə həmin obyektlərin onun adına rəsmiləşdirməsinə razılıq vermir. X1 adına olan 2 ha torpaq sahəsində toplam 182 ticarət obyektləri inşa etdirmişdir. Qeyd etdiyi kimi Firuzənin həmin zaman 22 yaşı olmuş, həmin 2 ha torpaq sahəsinin harada yerləşməsindən, orada hansı inşaat işlərinin aparılmasından onun xəbəri olmamışdır. 2010-cu il tarixdə həmin yeni bazarın açılışını etmək istəmiş, lakin müəyyən səbəblərdən onun açılışını edə bilməmişdir. 2010-cu ildə həmin yeni bazarın açılışını edə bilmədikdə vətəndaşlar ona verdikləri (hansı ki, həmin pulları bazarda ticarət cərgələrinin inşasına xərcləmişdir) pulları tələb etdikdə onları qaytara bilməmiş və buna görə də ondan şikayət etmişlər. Nəticədə onun barəsində CM-nin 178.3.2, 179.3.2, 193-1.3.2 və 213.1-ci maddələri ilə cinayət işi başlanılmış və o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək cəzalandırılmışdır. Cəzasını çəkib qurtardıqdan sonra yenidən bazarın açılmasına çalışmış və nəhayət 2016-cı il tarixdə onun açılışını edə bilmişdir. Ümumiyyətlə 2007-ci ildən qeyd edilən yeni bazarın saxlanılması xərci onun tərəfindən qarşılanmışdır. Qeyd edilən hökm həmin torpaq sahəsində inşa edilən tikili və qurğuların onun tərəfindən tikilməsini bir daha sübut edir. Bundan başqa qeyd edilən 2 ha torpaq sahəsində tikinti işləri aparılması üçün Səmədova Firuzə Natiq qızı ilə aralarında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu, 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi bağlamış və bu barədə 19 iyun 2006-cı il tarixli aktı təsdiq etdirmişlər. Həmçinin 14 avqust 2015-ci il tarixdə Səmədova Firuzə Natiq qızı ilə aralarında yuxarıda qeyd edilən razılaşma protokolunu, müqaviləni və aktı özündə cəmləyən müqavilə də bağlamışlar. Həmin müqavilədə cavabdeh X8 şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondunda 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını həmçinin, həmin əmlakların ona aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin, yəni onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Bütün bu sənədlər Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə Firuzə Səmədovanın adına Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü 2 ha torpaq sahəsində inşa edilmiş tikililərin, qurğuların və avadanlıqların onun tərəfindən inşa edilməsini sübut edir. Sözügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Buna görə də həmin əmlakların onun tərəfindən tikdirilməsi hüquqi faktı müəyyən edilməsi məqsədi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 2(075)-4127/2018 qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmiş ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların onun tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilmişdir. İddiaçı 25.02.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin 06.11.2019-cu il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 26.02.2020-ci il tarixli 2-1(116)- 447/2020 nömrəli qərardad ilə icraata qəbul edilmişdir. Məhkəmənin 25.02.2020-ci il tarixli qərardadı ilə Səmədova Firuzə Natiq qızı və Şəki şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin nümayəsi iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh imtinasında bildirmişdir ki, Təqdim edilən sənədlərin ekspertizası zamanı torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər Səmədova Firuzə Natiq qızının adına olduğundan və məhkəmə tərəfindən yalnız Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgisinin) X2 tərəfindən inşa edilməsi faktı müəyyən edildiyindən, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsinə Səmədova Firuzə Natiq qızının adına verilmiş 23 may 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qediyyatı haqqında yüklülük çıxarışı ləğv edilərək, icarə müqaviləsinin İddiaçı ilə bağlanılması öhdəliyinin Şəki Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və tikiliyə mülkiyyət hüququnun İddiaçı adına tanınaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmə tərəfindən tanınmadığından, ərizənizin icrası mümkün olmamışdır. Cavabdehin etirazı: Təqdim edilən sənədlərin ekspertizası zamanı torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər Səmədova Firuzə Natiq qızının adına olduğundan və məhkəmə tərəfindən yalnız Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgisinin) X2 tərəfindən inşa edilməsi faktı müəyyən edildiyindən, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsinə Səmədova Firuzə Natiq qızının adına verilmiş 23 may 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli yüklülük çıxarışı ləğv edilərək, icarə müqaviləsinin İddiaçı ilə bağlanılması öhdəliyinin Şəki Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və tikiliyə mülkiyyət hüququnun İddiaçı adına tanınaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmə tərəfindən tanınmadığından, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 04245044 nömrəli ş/v surəti, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 12 saylı Şəki Ərazi İdarəsinin 06.11.2019-cu il tarixli **********93 nömrəli imtina məktubu, 06.02.2020-ci il tarixli **********208 nömrəli etirazı, Şəki Rayon Məhkəməsinin 28.11.2018ci il tarixli 2(075)-4127/2018 nömrəli Qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(107)-684/2019 nömrəli Qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli 2(102)-4942/2019 nömrəli Qərarı, DƏDRX-nin MH seriyalı ******* nömrəli çıxarışı, X5 Verilməsi Haqqında 25.08.2006-ci il tarixli müqavilə, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının 22.05.2006-cı il tarixli sərəncamı, 01.10.2007-ci il tarixli 1/240 saylı və 27.01.2010-cu il tarixli 1/12 saylı sərəncamlardan çıxarışları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon 1 saylı dövlət notariat konturunun 04.04.2015-ci il tarixli 67 nömrəli məktubu, 15.06.2006-cı il tarixli Razılaşma Protokolu, 18.06.2006-cı il tarixli Şəki Şəhər Razılışma Müqaviləsi, 19.06.2006-cı il tarixli akt, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 15.03.2018-ci il tarixli 2/1-21/2030/2 nömrəli və 20.06.2006-cı il tarixli 13/919 nömrəli məktubları, Şəki Ticarət Mərkəzinin 18.02.2016-ci il tarixli 01 nömrəli məktubu, 23.01.2012-ci il tarixli müqavilə, 10.02.2012-ci il tarixli akt, 02.07.2015-ci il tarixli 370828 nömrəli etibarnamə, DİN-nin 04.03.2019-cu il tarixli J-5085 nömrəli arayışı, 10.09.2009-cu il tarixli 1/347 nömrəli akt, 14.02.2015-ci il tarixli müqavilə, aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə teleqram göndərərək gələ bilməyəcəyini bildirmiş iclasın təxirə salınmasını xahiş etmişdir. 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və 3-cü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Həçinin tələb üzrə iddiaçı tərəfindən bütün sənədlər təqdim olunmuş, məhkəmənin əvvəlki iclasında tərəfindən izahat verilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. İşdə olan 23.05.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsi 20 il müddətinə Səmədova Firuzə Natiq qızına icarəyə verilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli 2(075)- 4127/2018 nömrəli qətnaməsi ilə, iddiaçının Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2016-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Sümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.03.2019-cu il tarixli 2(107)-684/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Səmədova Firuzə Natiq qızı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş. Şəki Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(075)-4127/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli 2(102)-4942/2019 saylı qərarından görünür ki, cavabdeh Səmədova Firuzə Natiq qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-684/2019 nömrəli iş üzrə 05.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Məhkəmə qeyd edir ki, hazırki halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin ona aid olmasına dair heç bir sənəd yoxdur. Məhkəmə qərarları ilə Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli 2(075)-4127/2018 nömrəli qətnaməsi yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən tələb olunan sənədləri əvəz etmir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və onun mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin 06.11.2019-cu il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Səmədova Firuzə Natiq qızının adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-447/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-447/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver