Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-447/2022 14.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X1rşı “”Ağdaşkəndkimya” ASC-də işləmiş olduğu illəri nəzərə almaqla xx.xx.2021-ci ildən (əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in 13 saylı regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xx.xx.1981-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də işləmiş olduğu illərin sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona xx.xx.2021-ci ildən (əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-447/2022 nömrəli qərardadı ilə cavabdeh DSMF PHŞ-nin 13 saylı Regional ərazi filialı – hüquq varisi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialı ilə əvəz edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialı – hüquq varisi DSMF PHŞ-nin Sosial Ödənişlərin X5 Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “”Ağdaşkəndkimya” ASC-də işləmiş olduğu illəri nəzərə almaqla xx.xx.2021-ci ildən (əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini, həmçinin hərbi xidmətdə olduğu və təhsil aldığı müddəti nəzərə almaqla, əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, hərbi bilet, attestat) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1981-xx.xx.2007-ci illər ərzində əmək fəaliyyəti müddətinin yoxlanılmasının mümkün olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından və H3 ******* №-li hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974xx.xx.1976-ci illərdə hərbi xidmətdə olmuşdur. - xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1974-xx.xx.1974 (4 ay 13 gün), xx.xx.1976-xx.xx.1976 (1 ay 7 gün), xx.xx.1978-xx.xx.1979 (7 ay 29 gün), xx.xx.1979-xx.xx.1979 (7 ay 2 gün), xx.xx.1979-xx.xx.1981 (1 il 9 ay 4 gün), xx.xx.1981-xx.xx.2007 (25 il 11 ay 26 gün) - cavabdeh orqan tərəfindən təqdim edilmiş, iddiaçıya aid müavinət işindən görünür ki, iddiaçıya 2-ci qrup əlilliyə görə xx.xx.2013-xx.xx.2014-cü illər üzrə əlilliyə görə pensiya təyin edilmiş, tələb olunan staj 14 il 04 ay, xx.xx.2006-cı ilədək faktiki staj 29 il 10 ay qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağdaş Kəndkimya ASC xx.xx.1996-cı ildən qeydiyyatdadır. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" ASC (VÖEN: **********) xx.xx.1998-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2009-cu ildir. - "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli 01 saylı ümumi iclasının protokolundan görünür ki, balansda olan 657930 zavod nömrəli, 657930 şassi nömrəli, 518730 mühərrik nömrəli MTZ-80 traktoru İddiaçı satılmışdır. - "xxxx" ASC əmrlər kitabından görünür ki, iddiaçı ilə bağlı xx.xx.1996-cı ildə əmək məzuniyyətinə buraxılması, 2004 və 2005-ci illərə aid “əvvəlki illərdə olduğu qaydada ona təhvil verilmiş texnikada icarə işinə başlaması, icarədə olduğu üçün idarədən şəxsə əmək haqqı hesablanmaması” barədə qeydlər vardır. - Ağdaş rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 50 №-li məktubundan görünür ki, Ağdaş rayon "xxxx" ASC-nin sənəd və materialları arxivə təhvil verilməmişdir. - xx.xx.1970-ci ildə Dövlət Texniki peşə Təhsili Komitəsi tərəfindən verilmiş 824 №-li attestatdan görünür ki, iddiaçı xx.xx.1969-xx.xx.1970-ci illərdə texniki peşə təhsili almışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İddiaçı, xx.xx.2021-ci ilədək əlilliyə görə əmək pensiyası aldığını bildirir və təyin ediləcək yaşa görə əmək pensiyasının - əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan hesablanmasını xahiş edir. İş materiallarında iddiaçıya məxsus əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 29 il 5 ay 21 gün qeyd edilmişdir. İddiaçının işdən azad olunması ilə bağlı əmək kitabçasında müvafiq əmrin nömrəsi və tarixi qeyd edilməmişdir. Həmçinin, iddiaçının işdən azad olunma tarixi xx.xx.2006-cı ildən sonraya aid olmasına baxmayaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunduğu tarix (xx.xx.2007-ci il) "xxxx" ASC tərəfindən MTZ-80 traktorunun iddiaçıya satıldığı tarixlə eynidir. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Odur ki, xx.xx.2006-cı ildən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmədiyindən, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti müddəti onun sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, 2004-2005-ci illərə aid əmrlərdə iddiaçı ilə bağlı “əvvəlki illərdə olduğu qaydada ona təhvil verilmiş texnikada icarə işinə başlaması, icarədə olduğu üçün idarədən şəxsə əmək haqqı hesablanmaması” barədə qeydlər mövcuddur. Nəzərə alınmalıdır ki, müvafiq kənd təsərrüfatı texnikası "xxxx" ASC tərəfindən məhz orada işləyən şəxslərin icarəsinə verildiyindən, iddiaçının 2005-ci ilədək həmin müəssisədə işləməsi heç bir şübhə doğurmur. 2005-ci ilə aid 4 №-li əmrdə (v bəndi) qeyd edilir ki, işlədilən texnikalar icarə pulunu müqavilə əsasında göstərilən miqdarda vaxtında ödəyə bilməyəndə, şəxs müqavilə öhdəliyini pozarsa, həmin vaxtı işdən azad edilir. Görünüdüyü kimi, iddiaçıya icarə əsasında kənd təsərrüfatı texnikası verildiyindən ona əmək haqqı hesablanmamış, lakin icarə müqaviləsinin şərtlərinə əməl olunduğu müddətdə "xxxx" ASC-nin işçisi sayılmışdır. Hər bir halda iddiaçının "xxxx" ASC-də işlədiyi müddəti, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtinin tələb olunmadığı xx.xx.2002-ci illədək qəbul edib (xx.xx.1981-xx.xx.2002) onun ümumi sosial sığorta stajı hesabladıqda (hərbi xidmət və təhsil müddəti daxil olmaqla), 26 il 10 ay 9 gün sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.2002-ci ilədək işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Cavabdehin istinad etdiyi iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin əmək haqqı cədvəllərinin arxivdə mövcud olmamasına gəldikdə isə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı X6nın üzərinə İddiaçı “”Ağdaşkəndkimya” ASC-də işləmiş olduğu illəri nəzərə almaqla hüququnun yarandığı – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.