Məhkəmə qərarları › İş №2-1(116)-448/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-448/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-448/2021 17.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamı əsasında Oğuz şəhəri Cavanşir küçəsində kommersiya köşkü inşa etmək üçün ona verilmiş 7 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş köşk barədə adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəsi İddiaçı mağaza tikmək üçün 8 kv.m torpaq sahəsi ayrılması barədə 05.10.1998-ci il tarixli vəsatətlə Oğuz Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamına əsasən, Oğuz şəhərində İddiaçı 7 kv.m kommersiya köşkü tikmək üçün torpaq sahəsinin verilməsi qərara alınmış, rayon GEM-ə, Oğuz şəhər icra nümayəndəliyinə, yanğından mühafizə dəstəsinə köşkün tikintisi və onun fəaliyyəti ilə əlaqədar müvafiq norma və qaydaların gözlənilməsinin, Oğuz RİH-nin memarlıq və tikinti şöbəsinə müvafiq torpaq sahəsinin ayrılmasının, Oğuz rayon torpaq şöbəsinə isə torpaq sahəsinin ölçülüb verilməsinin təmin edilməsi tapşırılmışdır. Oğuz rayonunun baş memarı tərəfindən "Oğuz şəhərində İddiaçı kommersiya köşkü tikmək üçün ayrılmış yerin sxemi" tərtib edilmiş, sxemdə ayrılan torpaq sahəsinin ölçüləri 2,5 m X 2,8 m (cəmi 7 kv.m) göstərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Oğuz şəhərində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 28.10.2020-ci il tarixli **********54 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, təqdim olunan sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamı əsasında kommersiya köşkünün tikintisi üçün 7 kv.m torpaq sahəsi ayrılmış, lakin iddiaçı tərəfindən əsaslı tikintinin aparılması üçün tikintiyə icazə barədə sərəncam, obyektin təsdiq edilmiş layihəsi və istismara qəbul aktı təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, o, torpaq sahəsində müvafiq qaydada təsdiq edilmiş eskiz layihə əsasında köşk inşa edərək istifadə etməyə başlamış və uzun müddətdir ki, həmin köşkdən təyinatı üzrə istifadə etməkdədir. Həmin köşkün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya qarşı 02.03.2021-ci il tarixli **********64 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəsinin 05.10.1998-ci il tarixli vəsatətindən görünür ki, həmin vəsatət İddiaçı mağaza tikmək üçün 8 kv.m torpaq sahəsi ayrılması məqsədilə Oğuz Rayon İcra Hakimiyyəti qarşısında qaldırılmışdır. - İşdə olan, Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamından görünür ki, Oğuz şəhərində İddiaçı 7 kv.m kommersiya köşkü tikmək üçün torpaq sahəsinin verilməsi qərara alınmış, habelə rayon GEM-ə, Oğuz şəhər icra nümayəndəliyinə, yanğından mühafizə dəstəsinə köşkün tikintisi və onun fəaliyyəti ilə əlaqədar müvafiq norma və qaydaların gözlənilməsinin, Oğuz RİH-nin memarlıq və tikinti şöbəsinə müvafiq torpaq sahəsinin ayrılmasının, Oğuz rayon torpaq şöbəsinə isə torpaq sahəsinin ölçülüb verilməsinin təmin edilməsi tapşırılmışdır. - İşdə olan, Oğuz rayonunun baş memarı tərəfindən tərtib edilmiş "Oğuz şəhərində İddiaçı kommersiya köşkü tikmək üçün ayrılmış yerin sxemi"ndə ayrılan torpaq sahəsinin ölçüləri 2,5 m X 2,8 m (cəmi 7 kv.m) göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Cavabdehin imtina məktubundan görünür ki, o, qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtinasını aşağıdakı sənədlərin təqdim olunmaması ilə əsaslandırmışdır: 1) Tikintiyə icazə barədə sərəncam, 2) Obyektin təsdiq edilmiş layihəsi, 3) Obyektin istismara qəbul aktı. İddiaçı öz iddia ərizəsində bu imtinanın əsassız olmasını bildirərək çoxsaylı hüquq normalarının mətnlərini sadalasa da, imtina məktubunda göstərilmiş sənədlərin tələb olunmasını niyə əsassız saymasını izah etməmişdir. Ona görə də məhkəmənin 29.01.2021-ci il tarixli sərəncamı, sonra isə 29.03.2021-ci il tarixli xatırlatma məktubu ilə bunun ətraflı şəkildə izah olunması iddiaçıya təklif edilmişdir. İddiaçı məhkəməyə yazdığı 31.03.2021-ci il tarixli cavabda bildirmişdir ki, tikintiyə icazə barədə sərəncam bir dəfə verilmişdir, təsdiq edilmiş layihə vardır, istismara qəbul aktı isə həmin sərəncamda əks edilmişdir. Şifahi məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamı həm tikintiyə icazəni, həm də istismara qəbulu nəzərdə tutur. O, əlavə olaraq bildirdi ki, qeydiyyata alınması tələb olunun qeyri-yaşayış binası 1998-ci ildə inşa edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,

2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,

3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı,

4. istismara qəbul aktı. Məhkəmənin sorğusuna cavab olaraq Oğuz Rayon İcra Hakimiyyəti özünün 05.02.2021-ci il tarixli 7/4-150 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı məxsus sahibkarlıq binası üçün Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən icazə barədə sərəncam verilməmişdir. Lakin məhkəmə qeyd edir ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamında tikilinin inşa edilməsinə bilavasitə icazə verilməsi açıq mətnlə yazılmasa da, 7 kv.m torpaq sahəsinin məhz kommersiya köşkünün tikilməsi üçün verilməsi yazıldığına görə həmin sərəncam həm torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd, həm də tikilinin inşa edilməsinə icazə barədə qərar kimi qəbul edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəyə gəldikdə isə müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə "Oğuz şəhəri Cavanşir küçəsində İddiaçı məxsus sahibkarlıq binasının eskiz layihəsi" təqdim edilmişdir. Həmin layihənin bəzi vərəqlərinə Oğuz Rayon İcra Hakimiyyətinin Memarlıq-tikinti şöbəsinin dairəvi möhürü vurulmuş və imza icra edilmiş, lakin imzalayan şəxsin adı, vəzifəsi və imzalanma tarixi yazılmamışdır. Ona görə də məhkəmə tərəfindən Oğuz Rayon İcra Hakimiyyətinə sorğu edilərək həmin sənəddə olan möhür və imzaların kim tərəfindən və hansı tarixdə icra edilməsi barədə məlumat tələb edilmişdir. Oğuz Rayon İcra Hakimiyyətinin 05.02.2021-ci il tarixli 7/4-150 nömrəli cavab məktubunda göstərilmişdir ki, Oğuz şəhəri Cavanşir küçəsində İddiaçı məxsus sahibkarlıq binasının mövcud vəziyyətinin eskiz layihəsi 10.12.2020-ci ildə Oğuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri X5 tərəfindən imzalanmış və onun tərəfindən həmin şöbənin dairəvi möhürü ilə möhürlənmişdir. Göründüyü kimi, layihə tikintidən əvvəl tərtib edilməli olduğu halda, tikinti başa çatdıqdan, hətta cavabdeh iddiaçının müraciətinə imtina cavabı verdikdən sonra tərtib edilmişdir. İddiaçı tərəfindən tikinti aparılarkən müvafiq icra hakimiyyəti orqanı ilə heç bir layihə razılaşdırılmamışdır. Məhkəmə hesab edir ki, belə olan halda, iddiaçının məhkəməyə təqdim etdiyi eskiz-layihə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində tələb olunan "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə" kimi deyil, artıq mövcud olan tikilinin hazırkı ölçülərini əks etdirən sənəd kimi qəbul edilməlidir. Cavabdehin imtinasının sonuncu bəndi, yəni istismara qəbul aktı ilə bağlı isə məhkəmə qeyd edir ki, belə bir sənəd, ümumiyyətlə, mövcud deyil. İddiaçı məhkəməyə yazdığı 31.03.2021-ci il tarixli müraciətdə istismara qəbul aktının Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamında əks olunduğunu bildirsə də, həmin sərəncamda belə bir akt yoxdur və ola da bilməzdi. Çünki, həmin sərəncam tikintiyə başlamazdan əvvəl verilmişdir, istismara qəbul aktı isə tikinti başa çatdıqdan sonra tərtib edilə bilərdi. Məhkəmə hesab edir ki, istismara qəbul edilməyən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Həmin maddədə deyilir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni hüquqi mövqe 2-1(102)-2902/2019 nömrəli başqa bir oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.12.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində deyilir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz Rayon İcra Hakimiyyəti başçısının 28.10.1998-ci il tarixli 164 nömrəli sərəncamı əsasında Oğuz şəhəri Cavanşir küçəsində kommersiya köşkü inşa etmək üçün ona verilmiş 7 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş köşk barədə adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar