Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-449/2020 02.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, iddiaçının vəkili Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonunun Çayarxı kəndində yerləşən, 20 may 2006-cı il tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsindən aldığı 0,12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı Göyçay rayonu Çayarxı Bələdiyyəsinə ərizə ilə müraciət edərək Göyçay rayonu Çayarxı bələdiyyəsi ərazisində Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan, yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. 17 may 2006-cı il tarixdə Bələdiyyənin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin mütəxəssisinin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və Göyçay rayonu Çayarxı Bələdiyyəsinin 20 may 2006-cı il tarixli 06 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan, Çaylaq adlanan hissədən 0,12 hektar yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə ona satılmışdır. Həmin tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsi ilə onun arasında torpaqların alqı-satqısına dair akt imzalanmış və o, torpaq sahəsinin alqı-satqısı üçün müəyyən edilmiş məbləği bələdiyyənin hesabına ödəmişdir. Torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsə də cavabdeh 14 noyabr 2019-cu il tarixli **********39 saylı məktubla mülkiyyət hüququnun qeydə alınmasından imtina etmiş və imtinasını torpaqların alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin möhürü ilə təsdiq edilməməsi ilə əsaslandırmışdır. Cavabdehin etirazının dəlilləri: İddiaçı Göyçay rayonu, Çayarxı kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı Qaydalarına uyğun tərtib edilməmişdir. Belə ki, torpaqların alqı-satqısına dair akt DT və XK-nin Göyçay rayon şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsinə müayinə baxışı keçirilən zaman həmin torpaq sahəsinin Göyçay çayının şərq sahəsindəki yola və çayın mühafizə zonasına düşdüyü, həmçinin həmin torpaq sahəsindən götürülən koordinatlar (faktiki koordinatlar) elektron kadastr məlumat bazasında araşdırılan zaman, həmin torpaq sahəsinin Göyçay rayonunun inzibati ərazisindən kənarda yerləşdiyi məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 14.11.2019-cu il tarixli **********39 nömrəli imtina məktubu, iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, Torpaqların alqı-satqısına dair Akt, 17.05.2006-cı il tarixli Torpaq sahəsinin seçilməsinə dair Baxış Aktı, Göyçay rayon Çayarxı Bələdiyyə iclasının 20.05.2006-cı il tarixli 06 nömrəli Qərarı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 28.01.2020-ci il tarixli **********12 nömrəli etirazı və ona əlavə olunmuş Arayış aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iddiaçı iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 14.11.2019-cu il tarixli **********39 nömrəli məktubundan görünür ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaqların alqısatqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı Qaydalarına uyğun tərtib edilməmişdir. Beləki, Torpaqların alqı-satqı Qaydalarına əsasən torpaqların alqı-satqılarına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri , torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Təqdim etdilən torpaqların alqı-satqısına dair akt DT və XK-nin Göyçay rayon şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 28.01.2019-cu il tarixli **********12 nömrəli məktubundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə müayinə baxışı keçirilən zaman həmin torpaq sahəsinin Göyçay çayının şərq sahəsindəki yola və çayın mühafizə zonasına düşdüyü, həmçinin həmin torpaq sahəsindən götürülən koordinatlar (faktiki koordinatlar) elektron kadastr məlumat bazasında araşdırılan zaman, həmin torpaq sahəsinin Göyçay rayonunun inzibati ərazisindən kənarda yerləşdiyi məlum olmuşdur. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göyçay rayon şöbəsinin müdiri X2 iştirakı ilə tərtib olunması qeyd olunsa da, akt onun tərəfindən imzalanmamış, möhürlə təsdiqlənməmiş və ümumiyyətlə qeydiyyata alınmamışdır. Akt 2 nəfər tərəfindən imzalanmışdır. Bələdiyyə sədri X3 və İddiaçı. Həmçinin aktda iddiaçının şəxsiyyət vəsiqəsində ünvanı ünvan 1 52 olduğu halda, ünvanı ünvan 1 54 qeyd olunmuşdur. İş materiallarında olan yerquruluşu planından çıxarışın surətindən görünür ki, həmin sənəd sənəd də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göyçay rayon şöbəsinin müdiri X4 tərəfindən imzalanmamış, möhürlə təsdiqlənməmişdir. İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, həmin qəbz 2010-cu illərə aid qəbz olsa da, 1 rəqəminin üstündən qaralama edilərək, 2006 qeyd olunmuşdur. Bu da həmin qəbzin sonradan keşmiş tarixə tərtib olunması qənaətinə gəlməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi vəfiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Beləliklə, iş materiallarına istinad etməklə məhkəmə iddiaçı ilə Çayarxı bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib edilmiş aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göyçay rayon şöbəsinin müdiri X4 tərəfindən imzalanmadığını, aktın qeydiyyata alınmadığını, torpağın Göyçay çayının şərq sahəsindəki yola və çayın mühafizə zonasına düşdüyünü, həmçinin həmin torpaq sahəsinin Göyçay rayonunun inzibati ərazisindən kənarda yerləşdiyini nəzərə alaraq iddianın əsassız olması qənaətinə gəlir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonunun Çayarxı kəndində yerləşən, 20 may 2006-cı il tarixdə Göyçay rayonu Çayarxı Bələdiyyəsindən aldığı 0,12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-449/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-449/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver