Məhkəmə qərarları › İş №2-1(116)-449/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-449/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-449/2021 11.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "Balakən rayonu Şambul kəndi ilə sərhəddə yerləşən 24 ha torpaq sahəsinə dair icarə müqaviləsinin vaxtının 30 il uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Balakən rayonu Şambul kəndi ilə sərhəddə yerləşən 24 ha torpaq sahəsinə dair icarə müqaviləsinin vaxtının 30 il uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsində deyilir ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. Həmin Qanunun 10-1.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Həmin Qanunun 10-1.5-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Həmin Qanunun 10-1.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir. Həmin Qanunun 10-1.7-ci maddəsinə görə, bu Qanunun 10-1.5-ci və 10-1.6cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir. Həmin Qanunun 15-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 116 nömrəli Fərmanının 2-ci bəndinə görə, həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.3-cü, 10-1.3.2-ci, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı (hər iki halda) və 10-1.7-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində və 10-1.6-cı (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur; həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.3-cü maddəsində, 10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.6-cı (ikinci halda) və 10-1.7-ci maddələrində "orqan (qurum)" dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, İddiaçı icarəyə verilmiş torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması Balakən Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həyata keçirilə bilər. Belə olan halda, iddiaçı iddianı məhz həmin orqana qarşı verməlidir. İddia ərizəsində cavabdeh kimi qeyd edilən Cavabdeh isə belə bir səlahiyyəti yoxdur. Beləliklə, iddiada cavabdeh düzgün seçilməmişdir, bu səbəbdən də hazırkı iddia mümkün sayıla bilməz. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış və çatızmalıqların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatızmazlıqları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı "Balakən rayonu Şambul kəndi ilə sərhəddə yerləşən 24 ha torpaq sahəsinə dair icarə müqaviləsinin vaxtının 30 il uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar