Məhkəmə qərarları › İş №2-1(116)-45/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-45/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-45/2021 11.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı X7 qarşı “Qax rayonunun Turaclı kəndi ərazisində 0.10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonunun Turaclı kəndi ərazisində 0.10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qax rayonu, Turaclı kəndinin ərazisində yerləşən qeyri-yaşayış binası rayonda islahat aparılan zaman əmlak payı kimi iddiaçıya verilmişdir. İddiaçı Turaclı bələdiyyəsinə müraciət edərək həmin qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin ona satılmasını xahiş etmiş və Turaclı bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli 18 nömrəli qərarı ilə qeyri-yaşayış binasının altında yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bələdiyyə ilə iddiaçı arasında imzalanmış torpaqların alqı-satqısına dair aktla həmin 0.10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı sözügedən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********82 nömrəli imtina məktubu və məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********65 nömrəli etiraz məktubunda inzibati orqan qeyd etmişdir ki, vətəndaş müraciət etdiyi zaman təqdim etdiyi torpaqların alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təsdiqlənmədiyindən və qeydiyyat kitabında qeydiyyata alınmadığından vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Məktubda həmçinin qeyd edilir ki, satılmış torpaq sahəsi anbar binasının altında olmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyində həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi satılması qeyd edildiyi üçün uyğunsuzluq aşkar edilmişdir. Bu səbəblə də məsələnin ətraflı araşdırılması üçün iddia olunan torpaq sahəsinin koordinatları, təyinatı, rejimi, statusu və istifadəçiləri haqqında məlumatların əldə edilməsi üçün “xxxx” MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi və Qax rayonu Turaclı bələdiyyəsinin prosesə cəlb edilməsinin zəruriliyi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qax rayonu, Turaclı bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli, 18 nömrəli qərarından müəyyən edilir ki, qərara əsasən İddiaçı pulunu ödədiyi üçün (mədaxil qəbzi seriya KM, № 051803, tarix: xx.xx.2004, məbləğ: 980000 manat) ona düşən əmlak binasının sahəsindən 0.10 ha torpaq sahəsi özəlləşdirilərək mülkiyyətinə verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qax rayon Turaclı bələdiyyə mülkiyyətindən Turaclı kənd sakini İddiaçı həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlərə verilən rəydə qeyd edilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.10 ha olmaqla Turaclı bələdiyyəsinin mülkiyyətinə aiddir. Nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla torpaq sahəsinin həmin məqsəd üçün satılması qanuna uyğundur. İş materiallarında olan Turaclı bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixdə imza və möhürlə təsdiq edilən “Torpaqların alqı-satqısına dair Akt”dan müəyyən edilir ki, iddiaçı torpaq almaq məqsədi ilə xx.xx.2004-cü il tarixdə bələdiyyəyə müraciət etmiş, bələdiyyənin xx.xx.2004-cü il tarixli, 18 nömrəli qərarı ilə ona 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Aktda qeyd edilir ki, iddiaçı bunun üçün 051803 nömrəli qəbzlə ******* manat haqq ödəmişdir. Aktın Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmadığı müəyyən edilmişdir. İş materiallarında olan Qax Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 25/2 nömrəli məktubunda qeyd edilir ki, Turaclı bələdiyyəsi Qax Rayon Dövlət Arxivinə Dövlət mühafizəsinə sənəd təhvil vermədiyindən həmin bələdiyyənin arxivdə fondu yoxdur. İş materiallarında olan Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 103 nömrəli məktubunda qeyd edilir ki, Qax rayonu, Turaclı bələdiyyəsinin sənədləri Dövlət Arxivinin Şəki filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********43 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində araşdırmanın nəticəsi olaraq qeyd edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 0.0898 hektar olmaqla Elektron Baza məlumatlarına əsasən Qax rayonu, Turaclı kəndinin Kompleks Yerquruluşu layihələrində yaşayış məntəqələri torpaqlarına aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azəbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci bəndinin bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası): Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bənd 11.Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; Bənd 13. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir; Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; Bənd 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; Bənd 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; Bənd 25. Bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd 26. Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan sənədlərdə uyğunsuzluqlar aşkar edilmişdir. Beləki, Turaclı bələdiyyəsinin qərarından görünür ki, qərar xx.xx.2004-cü il tarixdə verilmiş, lakin tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2004-cü il tarixdə bağlanılmış (alqı-satqı aktı qərardan əvvəl bağlanıla bilməz) və həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyata alınmamışdır. Həmçinin bağlanılan xx.xx.2004-cü il tarixli müqavilədə İddiaçı 051803 nömrəli qəbzə əsasən əvvəlcədən haqq ödədiyi qeyd edilsə də, sözügedən qəbzdə ödənişin tarixi xx.xx.2004-cü il olaraq göstərilmişdir. Eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən rəydə müvafiq möhür və tarix aşkar edilməmiş, İddiaçı satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsinin həyətyanı olduğu qeyd edilsə də, rəydə, nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunauyğun hesab edilmişdir. Göründüyü kimi alqı-satqı aktı verilən bələdiyyə qərarından əvvəl, yəni xx xxxx 2004-cü ildə tərtib edilmiş, lakin 2004-cü ildə tərtib edilən həmin aktda iddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarında vəsiqənin verilmə tarixi xx.xx.2005-ci il olaraq qeyd edilmişdir. İş materiallarında olan mütəxəssis rəyində sözügedən torpaq sahəsinin Elektron Baza məlumatlarına əsasən Qax rayonu, Turaclı kəndinin Kompleks Yerquruluşu layihələrində yaşayış məntəqələri torpaqlarına aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşdiyi qeyd edilmişdir. Həmçinin iddiaçının ərizəsinə əlavə etdiyi bələdiyyə qərarının nömrəsi 18 olduğu halda, əlavə etdiyi Turaclı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı iclas protokolundan çıxarışda qərarın nömrəsinin 1 olduğu, Bələdiyyə tərəfindən göndərilmiş Turaclı bələdiyyəsinin xx.xx.2004cü il tarixli 10 saylı iclas protokolundan çıxarışda isə qərarın nömrəsinin 18 olduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı yuxarıda sadalanan uyğunsuzların aşkar edilməsi, həmçinin təqdim edilən sənədlərin arxiv idarələrində mövcud olmaması təqdim edilən sənədlərin saxta olmaqla sonradan əvvəlki tarixə tərtib olunması qənaətinə gəlməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı X7 qarşı “Qax rayonunun Turaclı kəndi ərazisində 0.10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi" tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 60 manat 60 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar