Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-450/2022 30.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən, Oğuz (keçmiş Vartaşen) şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin 0.0305 ha hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhərində yerləşən, Oğuz (keçmiş Vartaşen) Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 28 may 1985-ci il tarixli 10 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-450/2022 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinin ölçüsünü 0.0305 ha qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Vartaşen şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 10 №-li qərarı ilə ona verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədin əsli və torpaq sahəsinin yerləşmə sxeminin təqdim edilmədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçünçü şəxs iddia ərizəsinə münasibətində bildirmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir.. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - JN416A KOD 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X7 və X8 0.22 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi üzərində X9 və X6 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Vartaşen şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 10 №-li iclas protokolunun qərarından görünür ki, iddiaçıya 0.06 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 0.24898 ha torpaq sahəsi Oğuz şəhərinin inzibati sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla uqodiyası çoxillik əkmələrdir. Faktiki ölçülmüş torpaq sahəsinin 0.2193 ha hissəsi **********83-10301 inventar nömrəli texniki pasporta əsasən X5 xüsusi mülkiyyətinə verilmişdir. 0.0305 ha hissəsi isə JN-1548A nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. - JN-1548A nömrəli KOD 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X2 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - xx.xx.2015-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, X3 məxsus 0.06 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, JN-1548A nömrəli Şəhadətnaməyə əsasən ona məxsus 0.06 ha torpaq sahəsinin konfiqurasiyası naturada faktiki torpaq sahəsinin konfiqurasiyası ilə fərqlənir və 0.06 hektardır. Zərniyar Bayramovaya məxsus torpaq sahəsinin sərhədləri naturada başqa formada olduğu halda texniki səhv olaraq mülkiyyət hüququna dair sənəddə fərqli göstərilmişdir. Zərniyar Bayramovaya məxsus torpaq sahəsinin faktiki sərhədləri digər mülkiyyətçinin mənafeyinə toxunmur. Odur ki, Zərniyar Bayramovaya məxsus olan JN-1548A nömrəli Şəhadətnamə üzrə 0.06 ha torpaq sahəsinin faktiki sərhədlər daxilində Daşınmaz Əmlakın Dövlət Reyestrində əvvəl yaranmış hüquq kimi tanınması məqsədəuyğun hesab edilmişdir. - Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... şəhər... xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarların hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. İşin hallarından göründüyü kimi Vartaşen şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 10 №-li qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmış, lakin torpaq islahatı aparılan zaman iddiaçının adına hər hansı sənəd tərtib edilməmişdir. Ayrılmış torpaq sahəsinin sxemi mövcud olmasa da, məhkəmə qeyd edir ki, istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda subyektlərə torpaq sahəsinin ayrılmasını və qanuni istifadəsində olmasını təsdiq edən bir çox sənədlər (...təsərrüfatbaşına kitablardan çıxarış, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, qaytanlanmış torpaq kitablarından çıxarış və s.) sadalanmışdır ki, həmin sənədlərin mövcudluğu daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müstəqil əsasdır. Yəni, müvafiq “Siyahıda” şəhər xalq deputatları sovetləri tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qəbul edilmiş qərarların həmin torpaq sahəsinin sxemi ilə birlikdə təqdim olunduqdan sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olması barədə hər hansı göstəriş yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı, Vartaşen şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 10 №-li qərarı ilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh orqan təqdim etdiyi mütəxssis rəyində iddia olunan torpaq sahəsinin JN- 1548A nömrəli şəhadətnamədə qeyd edilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirsə də, müəyyən edilir ki, JN-1548A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin naturada yeri ilə sənəd üzrə yeri arasında konfiqurasiya fərqi olduğundan xx.xx.2015-ci il tarixdə akt tərtib edilərək Zərniyar Bayramovaya məxsus olan JN-1548A nömrəli Şəhadətnamə üzrə 0.06 ha torpaq sahəsinin faktiki sərhədlər daxilində Daşınmaz Əmlakın Dövlət Reyestrində əvvəl yaranmış hüquq kimi tanınması məqsədəuyğun hesab edilmiş və texniki səhv aradan qaldırılaraq sənəd üzrə cizgi yox, faktiki sərhədlər nəzərə alınmaqla JN-1548A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.06 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yəni, cavabdeh orqan mütəxəssis rəyində həmin torpaq sahəsinin JN-1548A nömrəli şəhadətnamə ilə üst-üstə düşdüyünü qeyd etsə də, əslində qeyd olunan halın texniki səhv olmasına 2015-ci ildə qiymət vermiş və Zərniyar Bayramovanın mülkiyyət hüququnu naturada istifadə vəziyyətinə uyğun dövlət qeydiyyatına almışdır. Bu isə onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsinin hər hansı subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi faktiki olaraq mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhərində yerləşən, Oğuz (keçmiş Vartaşen) şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin 0.0305 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-450/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-450/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver