Məhkəmə qərarları › İş №2-1(116)-4502/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-4502/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-4502/2025 19.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xidmət etdiyi orqanın verdiyi məlumat vərəqəsinə əsasən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan ona xidmət etdiyi orqan tərəfindən yeni məlumat vərəqəsi verilmiş və cavabdeh tərəfindən ona təyin olunmuş əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Nəticədə üç il ərzində 12.531,96 manat ödənilməmiş pensiya kimi fərq məbləği yaranmış və cavabdeh orqan həmin məbləği ötən dövrdəki ayların sayına bölərək hissə-hissə (aylıq 348,11 manat) ödəmə aparır. İddiaçı əmək pensiyasının yenidən hesablanmasında yaranmış fərq məbləğinin ona birdəfəlik ödənilməsi ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 64.1-ci maddələrinə «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.16-cı maddələrinə istinad etməklə tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), maddi durumu aşağı həddə olduğundan, əmək pensiyasının yenidən hesablanmasında yaranmış 12.531,96 manat fərq məbləğinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona birdəfəlik ödənilməsini istəyir. Cavabdeh iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki (iddiaya qarşı yazılı etiraza əsasən), sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim edilmiş yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq 683,76 manata (yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirmələr də nəzərə alınmaqla hazırda 1.037,02 manat) artırılmışdır. Həmçinin keçmiş üç il müddət üçün ona ödənilməli 12.531,96 manat fərq məbləği hesablanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüquqi yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 12531,96 manat fərq məbləği cari ilin iyun ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 348,11 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməkdədir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün hesablanmış fərq məbləğinin ayların sayına bölünərək hissə-hissə ödənilməsi nəzərdə tutulub. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ona əmək pensiyasının yenidən hesablanmasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ona əmək pensiyasının yenidən hesablanmasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 30.2-ci maddəsinə görə əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyi keçmiş müddət üzrə hesablanmış pensiya məbləğinin ödənilməsinin xüsusi qaydasını müəyyən etmişdir: müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün və hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan ödəniş qaydası ilkin pensiya təyinatında birmənalı uzlaşsa da, pensiyanın yenidən hesablanmasında yaranmış fərq məbləğinə münasibətdə yenidən hesablanma zərurətinin əmək pensiyasını təyin edən orqanın səhvi səbəbindən yaranması istisna olmaqla, digər hallar üçün şərtsiz tətbiq olunmalıdır. Hazırkı işin hallarına görə iddiaçının barəsində ilkin məlumat vərəqəsinin səhv verilməsi və sonradan yenisi ilə əvəz olunması pensiya təyinatı aparan orqan kimi DSMF-nin və ya onun tabeliyindəki strukturun (mərkəzi filial və s.) iradəsindən asılı olmamış, daha dəqiq desək məlumat vərəqələrinin hər ikisi iddiaçının xidmət etdiyi orqan tərəfindən verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının yeni məlumat vərəqəsi üzrə yenidən hesablanmasında yaranmış fərq məbləğini «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni son üç il üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəməkdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqlı olmuşdur. Odur ki, cavabdehin iddiaçıya pensiyanın fərq məbləğinin birdəfəlik ödənilməsindən imtinası qanuna zidd sayıla bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal deyil. İddiaçınınm dəlilinə gəldiksə isə, bu xüsusat (maddi durumunun ağır olması) inzibati orqanla vətəndaşların inzibati münasibətləri üzrə “bərabərlik prinsipi”nə birbaşa ziddir və iddiaçıya münasibətdə fərqli yanaşma qanunun tələbi pozulmaqla inzibati təcrübə yarada bilərdi. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar