Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-451/2024 14.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1, mütəxəssis X2 İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 16 saylı Ucar ərazi idarəsinə qarşı “iddiaçıların adına Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı-na (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıların adına Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı-na (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddiasını onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 42-saylı qərarı ilə İddiaçı1, İddiaçı3 və Məmmədova (Abuzərova) Günel Azər qızına kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.62 ha torpaq sahəsi verilmişdir. İddiaçıların torpağa mülkiyyət hüququ JN- 538, KOD 40806018-saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin 0.62 ha torpaq sahəsi iddiaçılara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. ünvan 1 ünvanda yaşayan İddiaçı1, İddiaçı3 və ünvan 2 ünvanda yaşayan İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı ərazi idarəsinə müraciət edilərək, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinin yerinin naturada müəyyən edilməsi, Torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən tələbin icrasından imtina olunmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,1435 ha, 0.1666 ha və 0 31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq başqa şəxs tərəfindən istifadə edilir. Bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş rəyə dair əlavə suallara cavab verən mütəxəssis iddia olunan torpaq sahəsinin üç planşetdə yerləşdiyini,iki ərazi üzrə torpaq sahəsinin naturada yerinin müəyyən edildiyini, 0,1435 ha torpaq sahəsinə dair çıxarış verilməsinə baxmayaraq həmin torpaq sahəsinin TEKUİS-ə əsasən yerinin müəyyən edilməsinin mümkün olmadığını və natura mövcud olmadığını bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 0.31 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 0.1435 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 0.1666 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4532/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçılara **********18 reyestr nömrəli çıxarışla verilmiş 0.1435 ha, **********93 reyestr nömrəli çıxarışla verilmiş 0.31 ha, **********17 reyestr nömrəli çıxarışla verilmiş 0.1666 ha torpaq sahələrinə “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilməmişdir. Mütəxəssislər torpaq sahəsinə baxış üçün ərazidə olduqda iddaçı faktiki istifadə etdiyi torpaq sahəsinin olmadığını bildirdiyi üçün sulları cavablandırmaq mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, JN-538 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş 0.62 ha torpaq sahəsinin 0.1666 və 0.3104 ha hissələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilsə də, 0.1435 ha hissəsi göstərilməmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən JN-538 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.62 ha torpaq sahəsinin 0.1666 hissəsindən Məmmədov Nəriman, 0.3104 ha Mirqasımov Teyyubun faktiki istifadə etdiyi mütəxəssisə baxış zamanı bildirilmişdir. Kəndin kompleks yerquruluşu islahat layihəsi (DVJ) ilə real məkan (naturada torpaq sahələri yerləşən çevrələr) arasında konfqurasiya, sürüşmə və uyğunsuzluq olduğu üçün sözügedən torpaq sahələrinin islahat xəritəsinə uyğun yerləşdiyi ərazinin mütəxəssis tərəfindən müəyyən olunması mümkün olmamışdır.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,onun hüquqi marağı 0.62 ha torpaq sahəsinə dair JN-538, KOD 40806018 saylı “torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı-na (baza məlumatlarına uyğun) uyğun olaraq yeni plan-ölçü sənədinin verilməsindən ibarətdir.İddiaçının 0.62 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd alınsa da faktiki olaraq torpaq sahələrinin yerlərini müəyyən etməyə imkan verən texniki sənəd hazırlanmamışdır. Hazırkı iddiaya əsasən iddiaçı cavabdeh inzibati orqandan 0.62 ha torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin koordinatlara uyğun plan-ölçü sənədinin verilməsini tələb etmişdir. Cavabdehin imtinasının əsasını iddia olunan 0.62 ha torpaq sahəsinin naturada başqa şəxslərin istifadəsində olması ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 saylı qərarı 0.62 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir. İnzibati orqan tərəfindən həmin sənəd əsasında təkrar mülkiyyət hüququ qeydə alınaraq torpaq sahəsinin ayrı-ayrı planşetlərdə yerləşməsi səbəbindən çıxarışlar verilmişdir. TEKUİS-ə əsasən təqdim olunan rəydən görünür ki həmin torpaq sahələrinin 0.1666 ha və 0.3104 ha hissələri naturada mövcud olsa da 0,1435 ha torpaq sahəsinə dair çıxarış verilməsinə baxmayaraq həmin torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün deyildir. Odur ki,iddia qismən təmin edilməli,naturada mövcud olan 0.1666 ha və 0.3104 ha torpaq sahələrinə dair Çıxarışa əsasən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı,iddia qalan hissədə təmin edilməməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.1666 ha və ********** qeydiyyat nömrəli xx.xx.2022ci il tarixli çıxarışa əsasən qeydə alınmış 0.31 ha torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.