Məhkəmə qərarları › İş №2-1(116)-451/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-451/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-451/2025 16.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçıın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin “Ailənin” ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması” barədə qanunsuz imtina qərarını ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 iyun 2023-cü il tarixdən hər ay üçün 280 AZN olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının əsassız hesab edilməsi və ona xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, “iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 01 iyun 2023-cü il tarixli **********70101 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı cavabdehin sosial yardımın təyinatından imtinasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir.”. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, ır ki, Şəki inzibati Məhkəməsinin 31 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi mümkün sayılmamışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 6 noyabr 2025-ci il tarixli qərarı ilə iddiaçıya sonuncu, yəni 27 mart 2024-cü il tarixli müraciətinin araşdırılması məqsədilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş yenidən baxılması üçün Şəki inzibati Məhkəməsinə qaytarılmışdır. Hesab edirik ki, hazır ki tələb üzrə icraatınızda olan 2-1(116)-451/2025 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İşin faktiki hallarına əsasən İddiaçı sosial yardımın təyin edilməsi ilə məqsədilə 27 mart 2024-cü il tarixli **********12402-197 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə maddi-məişət şəraitinə şərait yaradılmaması səbəbindən səbəbindən imtina edilmişdir. Belə ki, müvafiq müraciət üzrə 14 may 2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ərizəbəyannamədə qeyd etdiyi mənzildə təmsilçinin özü deyil müraciətində qeyd etmədiyi övladı aşkar edilmişdir. İddiaçının əvvəlki müraciətlərində olduğu kimi hazır ki, müraciətində də, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılması məqsədilə ərizəbəyənnamədə qeyd etdiyi mobil nömrələrə zəng edilmiş lakin, iddiaçının müvafiq zənglərə cavab verməməsi və ya nömrələrin təyin edilməməsi səbəbindən maddi-məişət şəraitinin həyata keçirilməsi mümkün olmamışdır. İddiaçıya dair Şəki Apellyasiya Məhkəməsinin 2-1 (107)-539/2025 nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilən əvvəlki müraciətlərinə münasibətdə isə bildiririk ki, onun 18 yanvar 2024-cü il tarixli müraciətinə uyğun olaraq maddi məişət-şəraitinin yoxlanılması məqsədilə iddiaçının ərizəbəyannamədə qeyd etdiyi mənzilə yaxınlaşılmış, buna baxmayaraq mənzilin qapısını açan olmamışdır. Qeyd edilən səbəblə əlaqədar növbəti gün təkrar mənzilə yaxınlaşılsa da, yenidən qapını açan olmamışdır. Həmçinin 27 iyul 2023-cü il tarixli müraciəti əsasında keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə-bəyannamədə qeyd edilən ünvana əməkdaşlar tərəfindən ezam olunduqları qısa müddət ərzində dəfələrlə yaxınlaşılsada evdə heç kim olmamışdır. Bununla bağlı qeyd edirik ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Bundan başqa müayinə zamanı İddiaçı ərizə - bəyannamədə qeyd etmədiyi oğlunun evdə olması belə ona ünvanlı sosial yardımın təyin olunmasından imtina əsası kimi qiymətləndirilə bilər. Həmçinin bildiririk ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Beləliklə işin faktiki hallarından məlum olduğu kimi İddiaçı ünvanda yaşamaması və yaxudda ünvanda olamaması Fondun əməkdaşlarının təkrarən yoxlamalar aparması ilə əlaqədar sübut edilmiş, bunun nəticəsi olaraq maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmaması səbəbindən cavabdehin sosial yardım təyin edilməsindən imtina ilə bağlı qərarı qanunauyğun olmuşdur. Əlavə olaraq onuda qeyd edək ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona və aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.”. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, mənə imtina verib dedilər ki, sənə kömək edəcəyik. Mənə qol çəkdirdilər. Mən bunlara inandım, qol çəkdim. Yenidən birdə müraciət etdim. Yenidən mənə imtina verdilər ki mən ünvanda yaşamıram. Halbuki mən həmin ünvanda yaşayırdım və kommunal ödənişi edirdim. İstədiyim sosial yardım almaqdır. Mən özüm həmin ünvanda yaşayıram. Oğlumda məni görməyə həmin evə gəlirdi. Hal-hazırda sağlığım yerimdə deyil. Birdəfə mən qapını açmamışam. Bizim yasımız düşdü ona görə evdə deyildik. Hal-hazırda evi satmışam. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə edərək bildirdi ki, xx.xx.2024cü il tarixli müraciətinə münasibətdə qərar vermişdir. Həmçinin ərizə bəyannamədə iddiaçı digər övladının adını qeyd etməmişdir. Həmçinin dəfələrlə maddi-məişət şəraitinın yoxlanılması zamanı yoxlamanın aparılmasına şərait yaradılmamışdır. Bütün bu səbəblərdəndə imtina verilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti və imtina bildirişi.

2. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti və imtina bildirişi.

3. 2019008314 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanındakı mənzil İddiaçı mülkiyyətindədir.

Tətbiq edilən hüquq “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3 Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 6.4. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X2 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə)[1] yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.1-1. Təmsilçilik barədə ərizə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;[26] 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuşhallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissə:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbilə müraciəti təmin etməmişdir. Məhkəmə aşağıdakılara görə cavabdehin dəlilini əsaslı hesab etmir. Cavabdehin istinad etdiyi arqument ondan ibarətdir ki, 14 may 2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzildə təmsilçinin özü deyil müraciətində qeyd etmədiyi övladı aşkar edilmişdir. İddiaçının əvvəlki müraciətlərində olduğu kimi hazır ki, müraciətində də, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılması məqsədilə ərizə-bəyənnamədə qeyd etdiyi mobil nömrələrə zəng edilmiş lakin, iddiaçının müvafiq zənglərə cavab verməməsi və ya nömrələrin təyin edilməməsi səbəbindən maddi-məişət şəraitinin həyata keçirilməsi mümkün olmamışdır. İddiaçıya dair Şəki Apellyasiya Məhkəməsinin 2-1 (107)-539/2025 nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilən əvvəlki müraciətlərinə münasibətdə isə bildiririk ki, onun 18 yanvar 2024-cü il tarixli müraciətinə uyğun olaraq maddi məişət-şəraitinin yoxlanılması məqsədilə iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzilə yaxınlaşılmış, buna baxmayaraq mənzilin qapısını açan olmamışdır. Bundan başqa müayinə zamanı İddiaçı ərizə - bəyannamədə qeyd etmədiyi oğlunun evdə olması belə ona ünvanlı sosial yardımın təyin olunmasından imtina əsası kimi qiymətləndirilə bilər. İddianın hüquqi əsasına münasibətdə məhkəmə əvvəla onu qeyd edir ki, cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə analoji mübahisələr üzrə məhkəmə təcrübəsini yaradan Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1139/2023 nömrəli qərarını qeyd etməyi zəruri hesab edir. Həmin qərarda formalşmış hüquqi mövqe belə ifadə olunur ki, “ 30.Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. 31. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. 32. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. 33. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. 34. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün daxil olmuş müraciətlərin iki mərhələli yoxlamadan keçirildiyini, yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə şəxsə ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsinin mümkünlüyü ilə bağlı cavabdehin mövqeyinə dair aşağıdakıları qeyd edir. 35. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ona görə də, müraciət üzrə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı imtina səbəblərinə istinad etməklə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilməsi yolverilməz və qanunsuzdur.”. Hazırkı halda cavabdeh inzibati orqan imtinasının əsası kimi yalnız ərizəbəyannamədə qeyd edilən mənzildə iddiaçının deyil, qeyd etmədiyi övladının yaşamasına istinad etmişdir. Məhkəmə hesab edir ki, bu bir ehtimaldır və iddiaçının müraciətindən imtinaya səbəb ola bilməz. Belə ki, cavabdeh tərəfindən qeyd edilən arqumentin təsdiqlənməsi üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, iddiaçının oğlunun ailə vəziyyəti, iş yeri, yaşayış yeri üzrə qeydiytda olduğu və faktiki yaşadığı ünvanlar üzrə məlumatlar əldə edilməli idi. Lakin cavabdeh tərəfindən qeyd edilən icraat aprılmamışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Odur ki, iddia təmin edilməli, iddiaçının sonuncu müraciəti xx.xx.2024-cü il tarixdə verildiyindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən sosial yardımın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

Qərara aldı:

İddia təmin edilir. İddiaçı xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar