Məhkəmə qərarları › İş №2-1(116)-4514/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4514/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4514/2025 24.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının əlil sayılması barədə qərar qəbul edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : İddiaçı 1999-cu il təvəllüdlüdür. İddiaçı əlilliyinin müəyyən edilməsi məqsədilə aidiyyəti tibb müəssisəsində müayinə olunmuş və həmin müəssisənin göndərişi əsasında onun əlilliyinin müəyyən olunması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icraat aparılmşdır. Nəticədə Agentlik onun əlilliyinin müəyyən olunmasından 16 iyun 2023-cü il tarixdə imtina etmişdir. Bundan sonra növbəti dəfə tibb müəssisəsinin göndərişləri üzrə iddiaçıya əlillik təyinatından Agentlik tərəfindən 21 sentyabr 2023-cü il, 15 fevral 2024-cü il, 20 sentyabr 2024-cü il və 15 aprel 2025-ci il tarixlərdə imtinalar verilmişdir. 7 dekabr 2024-cü il tarixdə iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onun müvafiq dövrdə aldığı xəsarət və onun səbəbli əlaqəsi barədə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. 20 iyun 2025-ci il tarixdə müvafiq göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və ona üçüncü dərəcəli (OFP 31 – 60%) əlillik təyin edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun 16 iyun 2023-cü tarixdən 20 iyun 2025-ci il tarixədək hərbi travma nəticəsində 3-cü dərəcə əlil hesab edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), müayinə üzrə tibb müəssisəsinin göndərişi ilə əlilliyi qiymətləndirilərkən bir neçə dəfə imtina cavabı verildikdən sonra 20 iyun 2025-ci il tarixdə ona əlillik 2023-cü ildə verilmiş göndərişdə qeyd olunanla eyni diaqnoz əsasında təyin edilmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, ona həmin əlillik 16 iyun 2023-cü il tarixdən verilməli idi. Cavabdehin mövqeyi belədir ki (iddiaya qarşı yazılı münasibətə əsasən), İddiaçı əlillik vəziyyətinə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi; Diaqnozun mətni: Üzvi mənşəli (İİ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və tez-tez baş verən epileptik tutmalar (həftədə 2 dəfə). Üzvi dissosiativ pozuntu, tez-tez baş verən cəngolma tutmaları ilə. Aşağı ətrafın sinirinin travmasının nəticələri. Ayaqaltı sinirlərin zədələnməsi. Hərəkətin və yerişin pozulması. Göz ağrısı, kseroz; Meyar: “Sinir sistemi xəstəlikləri => Epizodik və paroksizmal pozğunluqlar => Xüsusi epileptik sindromlar => epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) =>; OFP 40 faiz” olmaqla 20 iyun 2025-ci il tarixdən 30 iyun 2026-cı il tarixədək 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə 14 iyun 2025-ci il tarixli göndəriş əsasında baxılmış, 11 iyul 2025-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms onun mobil telefon nömrəsinə göndərilmişdir (bunu təsdiq edən elektron sistemdən çıxarış etiraza əlavə edilir). İddiaçı isə sms-in ona çatdırıldığı 11 iyul 2025-ci il tarixdən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, yəni 9 avqust 2025-ci il tarixədək məhkəməyə şikayət vermək hüququnun olmasına baxmayaraq, şikayəti 30 oktyabr 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Hazırkı iddia mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, müalicələr və göndərişlər eyni diaqnoz üzrə olmuşdur. Həmin diaqnoz üzrə əvvəllər imtina verilsə də, 2025-ci ildə ona əlillik təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı mümkünsüz saydığını bildirdi və qeyd etdi ki, iddiaçıya əlilik təyinatı ilə bağlı göndərişlər əsasında verilmiş imtinalar mübahisələndirilməmişdir. Əlillik təyinatı 2025-ci ilin iyun ayında aparılsa da, iddiaçı məhkəməyə hazırkı iddia ilə həmin ilin oktyabr ayında müraciət etmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, İddiaçı yaşayış yeri Ağsu rayonu, Elabad kəndidir. Məhkəmə diqqətə çəkir ki, hazırkı iddia tələbi mahiyyətcə “mübahisələndirmə haqqında” (inzibati aktın dəyişdirilməsi) iddiaya və ya “məcburetmə haqqında” iddiaya aid olarsa, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.17-ci maddəsinə görə əlilliyin müəyyən edilməsi – şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci maddəsinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 2-ci bəndinə görə: - (2.1) göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir; - (2.5) Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir; - (2.6) Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göründüyü kimi, mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbul olunması səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid edir və əlilliyin qiymətləndirilməsini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir. Məhkəmə işin halları ilə bağlı müəyyən edilən xüsusatları və onlara münasibətdə mövqeyini aşağıdakı kimi təqdim edir: - İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi ona təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsidir. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması barədə qərar inzibati aktın xassələrini daşıdığından, o cümlədən şəxs üçün hüquqi nəticə yaratdığından, hazırkı mübahisə “mübahisələdirmə haqqında” iddiaya aid edildikdə, həmin növdən olan iddialara qanunvericiliklə iddia müddəti şamil olunur. Qeyd olunmalıdır ki, iş üzrə iddia ərizəsi məhkəməyə 30 oktyabr 2025-ci il tarixdə, yəni cavabdehin müvafiq (20 iyun 2025-ci il tarixli) qərarı barədə 11 iyul 2025-ci il tarixdə məlumat aldıqdan 3 aydan artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da iddia qaldırılması üzrə müddət buraxılmışdır. Buraxılmış iddia müddətinin bərpa olunmasına gəldikdə, məhkəmə icraatında iddiaçı bu müddətin buraxılmasının üzürlü səbəbləri barədə bildirmədiyindən, məhkəmə müddətin bərpasına dair vəsatət verilməsinin ona təklif edilməsini məqsədəuyğun saymır. - İddiaçının hüquqi marağı nəzərə alınmaqla hazırkı iddiaya “məcburetmə haqqında” iddia kimi baxıldıqda isə, onun təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciəti olmadığından, mahiyyətinə münasibətdə mübahisə mövcud olmur. - Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı 2023-cü ildə verilmiş göndəriş üzrə imtina qərarı aldıqdan sonra onu mübahisələndirməmiş və yeni göndəriş almaqla özü əlilliyin növbəti tarixdən qiymətləndirilməsi üzrə icraatın təzələnməsinə şərait yaratmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən hazırkı iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının əlil sayılması barədə qərar qəbul edilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar