Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-452/2022 14.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz şəhərində yerləşən, Oğuz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 07 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhərində yerləşən Oğuz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 07 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı Oğuz bələdiyyəsinin 31.07.2007-ci il tarixli 07 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə 19.10.2007-ci il tarixli 523 nömrə ilə qeydiyyata alınmış, alqı-satqı aktı tərtib edilmişdir. İddiaçı cavabdehə müraciət edərək Oğuz bələdiyyəsinin qərarı ilə ona satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmənin sərəncamının icra edilməsinin təmin olunması məqsədilə cavabdehin ünvanladığı 24.11.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən idarənin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar idarədə mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşməklə çay yatağına düşür. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin 11.04.2022-ci il tarixli 2-1(116)-452/2022 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi məhkəmə icraatına ş üzrə üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Oğuz bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin iddiaya qarşı yazılı rəsmi münasibətinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin rəyində qeyd edilir ki, satılması nəzərdə tutulan torpaq sahəsi 800 kv.m olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Oğuz RİH-in Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsinə ünvanlanmış 27.07.2007-ci il tarixli rəyindən görünür ki, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Oğuz bələdiyyəsinin 31.07.2007-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı Oğuz bələdiyyəsinin mülkiyyətinə aid torpaqlardan ev tikmək üçün 800 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. 21.07.2007-ci il tarixli 23 nömrəli qəbzdən görünür ki, İddiaçı torpaq sahəsinin dəyərini Oğuz bələdiyyəsinin bank hesabına ödəmişdir. DTXK-nın Oğuz rayon şöbəsində 19.10.2007-ci il tarixdə 523 nömrə ilə qeydə alınan “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, İddiaçı Oğuz bələdiyyəsinin 31.07.2007-ci il tarixli 07 nömrəli qərarı ilə satılmış torpaq sahəsinə dair akt tərtib edilmiş, iddiaçı Oğuz bələdiyyəsinin bank hesabına əvvəlcədən torpaq sahəsinin dəyərini ödəmişdir. Alqı-satqı Aktı səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Oğuz bələdiyyəsinin 31.07.2007-ci il tarixli 07 saylı qərarı əsasında İddiaçı satılmış torpaq sahəsinin planı tərtib edilmişdir. DTXK-nın Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədindən görünür ki, Oğuz bələdiyyəsinin 31.07.2007-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı 800 kv.m torpaq sahəsi satılmış və bununla bağlı A seriyalı 016453 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Sənəd dövlət torpaq kadastrı kitabında 12.01.2008-ci ildə 325 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən 23.22.2022-ci il tarixli **********04 nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir ki, iddia tələbində qeyd edilən torpaq sahəsi faktiki olaraq 1.318 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Oğuz şəhərinin baş planına əsasən yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş əraziyə düşür. Bələdiyyə mülkiyyətində olub İddiaçı istifadəsindədir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və buna səbəb kimi həmin ərazinin çay yatağına düşməsini göstərmişdir. İş materiallarında olan mütəxəssis rəyində isə həmin torpaq sahəsinin Oğuz şəhərinin baş planına əsasən yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş əraziyə düşdüyü, həmçinin Bələdiyyə mülkiyyətində olmaqla İddiaçı istifadəsində olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Oğuz şəhərində yerləşən Oğuz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 07 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə Oğuz şəhərində yerləşən, Oğuz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 07 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0,08 ha həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq, adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-452/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-452/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver