Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-453/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi vəkil X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrinin ləğv edilməsi, Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru vəzifəsinin və polis kapitanı rütbəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru, polis kapitanı vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 05.04.2019-cu ildə Gəncə Şəhər BPİ İT İdarəsinə inspektor vəzifəsinə təyin edilmiş, 06.12.2019-cu ildə X6 Ə996-001-19 nömrəli əmrilə əvvəllər məhkum olunmuş vətəndaşa məxsus ov silahının müsadirəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə, habelə xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə görə həmin işdən azad edilmişdir. O, bildirmişdir ki, göstərilən əmr qanunsuz və əsassızdır. Belə ki, vətəndaşa məxsus ov silahının ona qaytarılmasında günahı olmamış, eyni zamanda silahın vətəndaşa qaytarılması ilə bağlı akt tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli 2-1(112)-5959/2020 nömrəli qərardadı ilə həmin inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 15.01.2021-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, o, daxili işlər orqanlarında xidmətdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmri ilə xaric edilmişdir. Həmin əmrin qüvvədə olduğu müddətdə onun vəzifəyə bərpa olunması barədə iddiası uğurlu ola bilməz. Ona görə də, o, ilk növbədə həmin əmrin ləğv edilməsi, yaxud dəyişdirilməsi barədə iddia verə bilər. Məktubda iddiaçıya həmçinin izah edilmişdir ki, əmrin ləğv edilməsi mübahisələndirmə haqqında iddia növünə aid olduğuna görə həmin iddia üçün iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq, inzibati aktın, yəni əmrin təqdim (elan) olunduğu vaxtdan 30 gün təşkil edir. Həmin müddətin üzrlü səbəb olmadan buraxılması iddianın mümkün sayılmaması üçün əsasdır. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinə əsasən, iddiaçı buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkəməyə ərizə verə bilər və həmin ərizədə o, müddətin buraxılmasında təqsirinin olmadığını əsaslandırmalıdır. Bundan sonra İddiaçı məhkəməyə ərizə göndərərək, işə bərpa edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə müddətin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. O, ərizəni belə əsaslandırmışdır ki, əvvəla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmri ona rəsmi qaydada verilməmiş, o, əmrin surətini onunla birlikdə işdən çıxarılan digər əməkdaşdan almış, digər tərəfdən isə, o, hazırkı iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi həmin məhkəməyə daxil olduğu andan müddətin axımı dayanmışdır. Daha sonra məhkəmənn 12.02.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, o, məhkəməyə iddia müddətinin bərpası haqqında 02.02.2021-ci il tarixli ərizə göndərsə də, daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrinin ləğv edilməsi, yaxud dəyişdirilməsi barədə iddia verməsi haqqında məhkəmənin 15.01.2021-ci il tarixli təklifinə münasibət bildirməmiş və həmin məzmunda iddia ərizəsi verməmişdir. Ona görə də iddiaçıya zəruri bildiyi halda, iddianı dəyişərək 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrin ləğv edilməsi, yaxud dəyişdirilməsi barədə iddia verməsi, əks təqdirdə isə fikrini yazılı şəkildə məhkəməyə bildirməsi ona təkrarən təklif edilmişdir. Bundan sonra 01.03.2021-ci ildə İddiaçı məhkəməyə poçt vasitəsilə ərizə göndərərək, iddia tələbini dəyişdirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrinin ləğv edilməsi, Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru vəzifəsinin və polis kapitanı rütbəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 01.04.2021-ci il tarixli məktubu ilə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsinin surəti cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmiş və cavabdehdən iddianın dəyişdirilməsinə razı olub-olmamasını 20 gün müddətində Şəki İnzibati Məhkəməsinə yazılı şəkildə bildirməsi xahiş edilmiş, eyni zamanda, cavabdehə izah edilmişdir ki, həmin müddətdə iddianın dəyişdirilməsinə etiraz etməsə, bu, iddianın dəyişdirilməsinə razılıq kimi qiymətləndiriləcək. Lakin təyin olunmuş müddət ərzində cavabdeh iddianın dəyişdirilməsinə münasibət bildirməmişdir. Həmçinin, hazırkı məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddianın dəyişdirilməsinə etiraz etmir. Ona görə də məhkəmənin 01.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia müddətinin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşdən görünür ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmri ilə Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru polis kapitanı İddiaçı "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizədə məhz həmin əmri mübahisələndirir. Müəyyən edildi ki, İddiaçı 17.01.2020-ci ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində qəbul edilmiş qərarın 21 il polisdə işləmiş 46 yaşlı polis zabiti, 5 nəfər ailə sahibi üçün nə qədər ağır olduğunu nəzərə alıb həmin qərarın yüngülləşdirilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli 2(009)- 583/2020 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmiş, həmçinin, dövlət rüsumu ödənilməmişdir. Məhkəmənin qərardadı və iddia ərizəsinə əlavə edilmiş sənədlər 21.01.2020-ci ildə imza etdirilməklə İddiaçı təqdim olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru, polis kapitanı vəzifəsinə bərpa olunması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli 2(009)-699/2020 nömrəli qətnaməsi ilə İddiaçı qeyd olunan iddiası təmin edilməmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29.07.2020-ci il tarixli 2(103)-5511/2020 nömrəli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin icraatına xitam verilmiş və İddiaçı izah edilmişdir ki, hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə yazdığı həmin iddia ərizəsini poçt müəssisəsinə 30.01.2020-ci ildə vermiş və iş 04.02.2020-ci ildə məhkəmədə 2(009)-699/2020 nömrəsi ilə qeydə alınmışdır. İddia ərizəsinin "Qoşma" hissəsində 7-ci bənddə "Əmrin surəti" yazılmışdır. Həmin mülki iş sorğu edilərək Bakı Apellyasiya Məhkəməsindən alındı və zəruri sənədlərin surətləri çıxarılaraq hazırkı işə əlavə edildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrinin surəti həmin mülki iş materiallarında mövcuddur. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru, polis kapitanı vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı mübahisələndirdiyi əmrin surətini Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə 30.01.2020-ci ildə göndərdiyi iddia ərizəsinə əlavə etmişdir. Deməli, o, əmrin surətini ən geci həmin tarixdə almışdır. Əmrin surətinin iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmasının, yaxud iddiaçının onu başqa mənbədən əldə etməsinin isə bu müddətin başlanğıcının müəyyən edilməsi üçün fərqi yoxdur. İddiaçı əmrin mübahisələndirilməsi barədə iddianı əmri əldə etdiyi vaxtdan 30 gün müddətində qaldıra biləcəyi halda, bunu yalnız 01.03.2021-ci ildə iddianın dəyişdirilməsi barədə ərizə verməklə etmiş və iddia müddətini buraxmışdır. İddiaçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə və Bakı İnzibati Məhkəməsinə verdiyi iddialara gəldikdə isə qeyd edirəm ki, həmin iddialar əmrin ləğv edilməsi barədə deyil, vəzifəyə bərpa edilməsi barədə olmuşdur. Bu iddialar mahiyyət etibarı ilə tamamilə fərqli iddialardır və iddiaçının vəzifəyə bərpa edilməsi barədə iddiası əmrin mübahisələndirilməsi anlamına gəlmir. Belə ki, əmrin ləğv edilməsi barədə iddia mübahisələndirmə haqqında, vəzifəyə bərpa edilmə barədə iddia isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçının vəzifəyə bərpa edilə bilməsi üçün onun daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə əmr ləğv edilməli, yaxud da dəyişdirilməlidir. Ona görə də iddiaçının Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə və Bakı İnzibati Məhkəməsinə iddiaları verməsi iddia müddətinin axımını dayandıra bilməz. Məhkəmə qeyd edir ki, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Müddətin bərpa edilə bilməsi üçün onun təqsir olmadan buraxılmış olması lazımdır. Təqsir qəsd və ehtiyatsızlığı əhatə edir. Təqsir o zaman mövcud olmur ki, müddətə riayət olunmasını təmin etmək üçün tərəf zəruri və gözlənilən ehtiyat tədbirlər görməsinə baxmayaraq, müddət yenə də buraxılmış olsun. Bununla belə, tərəfin müddətə riayət edilməsini unutması və onun hüquqi biliklərinin olmaması təqsirin olmamasını söyləmək üçün kifayət deyil. Əgər tərəf təqdimetmə anında qısa müddətə (o, uzun müddət yaşadığı və ya olduğu yerdə olmadıqda, rəsmi poçt sənədlərini qəbul etmək üçün müvəkkil təyin etməlidir) səfərdə olmuş və hüquqi sənədlərin təqdim ediləcəyini heç güman belə etməmişdirsə, bu halda da müddətin buraxılmasına görə tərəfin təqsiri olmayacaqdır. Eyni qayda, tərəfin xəstələndiyi və öz hüquqi məsələləri ilə məşğul ola bilmədiyi, yaxud bu işi başqasına həvalə etməyə imkanı olmadığı hallara da şamil olunur. Tərəf təkcə öz təqsirinə görə deyil, hətta Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsindəki ümumi qaydalara əsasən, üçüncü şəxslərin təqsirinə görə müddətin buraxılması üçün də məsuliyyət daşıyır. Prosessual müddətin bərpası barədə ərizədə proses iştirakçısı müddəti nə üçün buraxdığı əsaslandırmalıdır. Başqa sözlə, tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrini mübahisələndirmək üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən olunmuş 30 günlük iddia müddətini öz təqsirindən buraxmışdır və həmin müddətin bərpa edilməsi üçün əsas yoxdur. Ona görə də iddia müddətinin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməlidir. İddia müddəti buraxıldığına və onun bərpası üçün əsas müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrinin ləğv edilməsi barədə iddia mümkün sayıla bilməz. İddiaçının Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru vəzifəsinin və polis kapitanı rütbəsinin bərpa olunması barədə tələbi isə əmrin ləğvi tələbinin həllindən asılı olduğuna görə onun da mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı iddia müddətinin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.12.2019-cu il tarixli Ə996-001-19 nömrəli əmrinin ləğv edilməsi, Gəncə Şəhər BPİ ƏYPXB-nin baş növbətçi-inspektoru vəzifəsinin və polis kapitanı rütbəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-453/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-453/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver