Məhkəmə qərarları › İş №2-1(116)-453/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-453/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-453/2022 28.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.09.1974-cü ildən 23.07.1976-ci ilədək X4 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və 02.08.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı “01.09.1974-cü ildən 23.07.1976-cı ilədək 43 nömrəli X4 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 02.08.2018-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, məhkəmənin 25.11.2021-ci il tarixli hüquqi yardım məktubu əsasında iddia tələbini cavabdeh orqana münasibətdə dəqiqləşdirmiş, tələbinin yönəldiyi cavabdeh orqanı Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərmişdir. Məhkəmənin 10.12.2021-ci il tarixli, 2-1(116)-1633/2021 nömrəli qərardadı ilə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “01.09.1974-cü ildən 23.07.1976-ci ilədək X4 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və 02.08.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. O, 1974-cü ildə 43 nömrəli X4 məktəbinə qəbul olunmuş və 1976-cı il tarixdə həmin texniki peşə məktəbini üçüncü dərəcəli rəngsaz ixtisası üzrə bitirmişdir. 1974-1976-cı illərdə 43 nömrəli X4 məktəbində təhsil aldığı müddətin sosial sığorta stajı kimi hesablanması və əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq göstərmişdir ki, iddiaçının sığorta stajı 21 il 11 ay olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 14 il 10 aydan çox olmasına baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14713, 53 manat pensiya kapitalı qanunvericilikdə tələb olunan məbləğdən (14998,83 manat) azdır. Buna görə də 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı tələbini onun əsaslandırmışdır ki, onun texniki peşə məktəbində təhsil aldığı dövr iş stajı kimi hesablanacağı təqdirdə onun pensiya kapitalı ona pensiya təyin edilməsinə imkan verəcək. Belə ki, qanunvericiliyə əsasən texniki peşə məktəbində təhsil müddəti də iş stajı kimi hesablanır. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qərarı ilə 02.08.2018-ci ildə İİ qrup əlillik dərəcəsi verilmişdir. Qanunvericiliyə görə İddiaçı 02.08.2018-ci ildə pensiya təyin edilməsi üçün sosial sığorta stajı ilə yanaşı pensiya kapitalı da tələb olunurdu. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yas dövrünün hər tam ili ücün 4 av sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyqun olaraq. 2006-2018-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləsdirilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün müraciət edilən tarixə 14 il 4 ay sığorta stajının olması vacibdir. Belə ki, iddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajının hesablanma qaydası aşağıdakı kimidir: 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü), 43il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay, 172 ay : 12 ay = 14 il 4 ay. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı isə 14998.83 manatdır. ((14 il x 12)+ 4) x 144 : 192 = 129 ( gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı). 129 x 116.27 (2018-ci il üçün əmək pensiyasının minimum məbləği) = 14998.83 manat Lakin İddiaçı 2018-ci ilə qədər fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 14713.53 manat təşkil edir.(iddiaçıya münasibətdə 2018-ci ildə tələb olunan pensiya kapitalı isə 14998.83 manat təşkil edirdi). Göründüyü kimi, iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli 2(075)-522/2021 nömrəli qətnaməsindəndən görünür ki, X4 Məktəbi tərəfindən verilmiş, 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli attestatın İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilmişdir. - ИТ seriyalı ******* nömrəli, 20.03.1983-cü il və ******* nömrəli 01.07.2010-cu il tarixdə tərtib edilmiş əmək kitabçalarında iddiaçıya əlilliyin təyin olunduğu 02.08.2018-ci il tarixədək əmək faəliyyəti dövrü aşağıdakı kimi göstərilmişdir: 03.07.1983 – 14.10.1987 (4 il 3 ay 11 gün) 12.06.1990-24.03.1994 (3 il 9 ay 12 gün) 21.10.1987 – 09.12.1988 (1 il, 1 ay, 18 gün) 21.05.2010-02.08.2018 (8 il 2 ay 11 gün) 09.12.1988 – 12.06.1990 (1 il 6 ay 3 gün), - 23.06.1976-cı il tarixli 1484 nömrəli attestatın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 01.09.1974-23.07.1976-cı illərdə (1 il 10 ay 22 gün) X4 Məktəbində təhsil almışdır. - SHXÇÜDX-nin 07.07.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 05.1978- 05.1980-cı illərdə (2 il) hərbi xidmət keçmişdir. - TSEK-nin sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçıya 02.08.2018-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. - cavabdehin 01.10.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin 27.04.2022-ci il tarixli xidməti məktubunda aşağıda qeyd edilmiş məlumatlar öz əksini tapmışdır: 20.03.1981-cı ildə tərtib olunmuş ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən 24.11.1980-22.01.1982 və 01.04.1982-28.06.1983-cü illər üzrə əmək fəaliyyəti dövrləri, 20.03.1981-cı ildə tərtib olunmuş ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsəsən 03.07.1983-14.10.1987; 21.10.1987-09.12.1988; 09.12.1988-12.06.1990; 01.01.1991-31.12.1992; 01.01.1994-31.03.1994-cu illər üzrə əmək fəaliyyəti dövrləri; 23.07.1976-cı il tarixil 1484 nomrəlı atestatın surətinə əsasən 18.02.1975- 23.07.1976-cı illərdə təhsil aldığı dövr (15 yaşının tamam olduğu tarixdən nəzərə alınmaqla) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin 07.07.2021-ci İ tarixli 388 nömrəli arayışına əsasən 01.05.1978-01.05.1980-cı illərdə hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 15 il ümumi iş stajı və ikinci dərəcəli əlilliyin müəyyən edildiyi 02.08.2018-ci il tarixədək indeksləşdirilməklə 9372,79 manat pensiya kapitalı vardır (15 il x 306=4590 manat: 4590+8 3%+16.7%+20 8% +1 5% + 5,7%+7 9%+1.1%+2.4% + 1.4%+4%+12,4% + 5,7%+ 3%= 9372.79 manat). Əlavə olaraq bildiririk ki, Fondun 15 saylı Regional ərazi filialının tərtib etdiyi 25 08 2021- ci ıl tarixli yoxlama aktına əsasən iddiaçının 01.01.1993-cu il tarixindən 01.01.1994cü il tarixinədək əmək fəaliyyəti dövrü onun ümumi iş stajına daxil edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (X1 Sisteminin Pensiya altsısteminə əsasən 21.05.2010-cu il tarixindən 02.08.2018-ci il tarixinədək sığorta stajı əsasında 4957,06 manat 21.05.2010-cu il tarixindən 13.10.2020-ci il tarixinədək 6650 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, iddiaçının 02.08.2018-ci ıl tarixə sığorta kapitalı cəmi 9372,79 4957,06 =14323,35 manatdır. Həmçinin bildiririk ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçun 02.08.2018-ci il tarixə tələb olunan sığorta stajı 14 il 4 aydır ((58 yaş-15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=43) x 4 ay = 172 ay/12=14 il 4 ay). Buradan tələb olunan sığorta stajı 192-ə blünməklə sığorta davamiyyəti əmsalı 172 ay /192= 0,895 müəyyən edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı sığorta davamiyyəti əmsalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına və əmək pensiyasının minimum məbləğinə vurulması qaydası ilə (0.7708 x 144x167=14998,32 manat) hesablanmaqla 14998,82 manat təşkil edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçı cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya 19 dekabr 2019-cu il tarixli, **********78 saylı məktub göndərərək pensiya kapitalı tələb olunan minimum əmək pensiyası kapitalından az olduğu üçün ona pensiya təyin olunmasından imtina etmişdir. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil illərinin sosial sığorta stajına daxil edilləcəyi təqdirdə onun əliliyə görə pensiya təyin olunması üçün tələb olunan kapitalının tamamlanmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçının xx xxxxxx 1960-cı il təvəllüdlü olmaqla ona 02 avqust 2018-ci il tarixdə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 14 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 58 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 43 il x 4 ay = 172 ay : 12 = 14 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçıya əlilliyin təyin olunduğu 02.08.2018-ci il tarixə 14 il 4 ay sosial sığorta stajı və 14998.83 manat pensiya kapitalı tələb olunur. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş xidməti məlumatda iddiaçının 01.01.2006-cı il tarixədək 15 il ümumi iş stajına malik olması, 23.07.1976-cı il tarixil 1484 nomrəli atestatın surətinə əsasən iddiaçının təhsil aldığı dövr (15 yaşının tamam olduğu 18.02.1975-ci il tarixdən nəzərə alınması, Fondun 15 saylı Regional ərazi filialının tərtib etdiyi 25 08 2021-ci il tarixli yoxlama aktına əsasən iddiaçının 01.01.1993-cu il tarixindən 01.01.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrünün onun ümumi iş stajına daxil edilməməsi və hesablanmış əmək stajına uyğun olaraq 01.01.2006-cı il tarixədək 9372.79 manat pensiya kapitalının olması bildirilsə də, məhkəmə müvafiq məlumatları aşağıda qeyd olunan əsaslara görə düzgün hesab etmir:

1. Cavabdehin öz təqdim etdiyi hesablama qaydasında 15 il x 306=4590 manat: 4590+8,3%+16.7%+20 8% +1 5% + 5,7%+7 9%+1.1%+2.4% + 1.4%+4%+12,4% + 5,7%+ 3%= 9372.79 manat müəyyən edilmişdir ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin məbləğ yenidən hesablanarkən yekun nəticənin 9372.79 manat yox, 9992.48 manat olması müəyyən edilmişdir.

2. Digər tərəfdən iddiaçının 01.01.2006-cı ilədək ümumi əmək stajı 16 il 11 ay 3 günə bərabər olduğu halda cavabdeh həmin müddəti 15 ilə bərabər hesab edir və heç bir qanuni əsas olmadan iddiaçının 01.01.1993-cu il tarixindən 01.01.1994-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrü və Texniki Peşə məktəbində 01.09.1974-cü ildən 18.02.1975-ci il tarixədək olan dövrü ümumi əmək stajına daxil edilmir. Bu isə iddiaçının faktiki olaraq 1 il 5 ay 17 gün sığorta stajının nəzərə alınmaması deməkdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçının 01.01.1993-cu il tarixindən 01.01.1994cü il tarixədək əmək fəaliyyəti nəzərə alınmadığı bildirilsə də qeyd olunan müddət idddiaçının əmk kitabçasında qeyd olunduğundan həmin müddətin təkrarən digər sənədlərlə yenidən sübut edilməsinə ehtiyac yoxdur. Cavabdehin təqdim etdiyi, 15 il sığorta stajına münasibətdə aparılmış hesablama qaydasına uyğun olaraq həmin müddəti ən azı 1 il artırmaqla yəni, 16 il müddətə münasibətdə (nəzərə alınmalıdır ki, həmin müddət 16 ildən artıqdır) tərəflərin iştirakı ilə təkrar hesablama aparılmış və iddiaçının 02.08.2018-ci il tarixə indeksləşdirilməklə müəyyən edilməli olan pensiya kapitalının məbləği 10893,13 manat müəyyən edilmişdir. Müəyyən edilən 10893,13 manatın üzərinə 21.05.2010-cu il tarixdən 02.08.2018-ci il tarixədək hesablanmış 4957.06 rəqəmini gəldikdə 15850,19 manat alınır ki, bu da tələb olunan 14998.83 manatdan çox olmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalından çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 14 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, lakin iddiaçının 23 il 8 ay sosial sığorta stajının olması müəyyən olunmuşdur. Yəni iddiaçı əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə də iddiaçı zəruri pensiya kapitalını toplamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 14713 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 172 olduğundan, əmsal 0,895 təşkil edir (172 : 192). Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,895 x 144=128.88) və məhkəmə tərəfindən hesablanmış, minimal pensiya sığorta kapitalı (PSK=15850.19) alınmış rəqəmə bölünərək (15850.19 : 128.88= 122.98 manat) pensiyanın məbləği 122.98 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olmadığından, iddiaçının əlilliyə görə pensiya hüququ yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı 01.09.1974-cü ildən 23.07.1976-ci ilədək X4 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və 02.08.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar