Məhkəmə qərarları › İş №2-1(116)-453/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-453/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-453/2023 05.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “A 158495 nömrəli plan-ölçü sənədinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Mingəçevir şəhər “İzolit” bağçılıq təsərrüfatı tərəfindən verilmiş 0,0568 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər “İzolit” bağçılıq təsərrüfatı tərəfindən iddiaçının atası X3 adına verilmiş 0,06 ha torpaq sahəsi atasının ölümündən sonra özünün istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “A 158495 nömrəli planölçü sənədinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Mingəçevir şəhər “İzolit” bağçılıq təsərrüfatı tərəfindən verilmiş 0,0568 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri XDS-nin İK-nin xx.xx.1979-cu il tarixli, 113 saylı qərarına əsasən Mingəçevir şəhər "Azərelektroizolit" zavodunun HK-nin razılığı əsasında kollektiv bağçılıq təsərrüfatına 1,032 ha torpaq sahəsi ayrılmış və bağçılıq təsərrüfatı tərəfindən 0,06 ha fərdi bağ torpaq sahəsi verilmişdir. Həmin bağ sahəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 161 saylı sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü (kadastr) sənədi verilmişdir. Bu torpaq sahəsində atası abadlıq işləri aparmış və bağ kimi istifadə etmişdir. X13 xx.xx.2022-ci ildə vəfat etmişdir. Atasından qalan həmin bağ sahəsini qəbul edib idarə etdiyinə görə Mingəçevir Regional “Asan xidmət" Mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə V361 saylı vərəsəlik işi açılmışdır. Həmin bağ sahəsinə atasının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri X1 Komitələri Şurasının “İzolit” bağçılığının adlı siyahısında İddiaçı Ağamməd oğlunun adı qeyd edilməmişdir. Yuxarıda qeyd olunan səbəbdən, Mingəçevir şəhərində yerləşən Mingəçevir tərəfindən verilmiş 0.06 ha bağ torpaq sahəsi üzərində İddiaçı Ağamməd oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi imkan xaricindədir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli **********60 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1847 nömrəli arayışından görünür ki, iddiaçı, ünvan 1 ünvanında yaşamış xx.xx.2022-ci il tarixdə vətat etmiş atası X2 qalmış mirası qəbul etdiyinə dair X11 Xidmət Mərkəzində Notariat ofisinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, həmin tarixdə V-361 saylı vərəsəlik işi açılmışdır. - AZ-İİ 271925 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - A 158495 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən Mingəçevir şəhərində yerləşən 599,77 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmiş, daha sonra “Amirxanov” soyadının üzərindən xətt çəkilərək “Əmrahov”, “Afasət” ata adının üzərindən xətt çəkilərək “Ağasəf” qeyd edilmiş, “soyad və ata adı düzəlişinə inanmalı” qeyd edilməklə DT və XK-nin Mingəçevir şəhər şöbəsinin müdirinin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********75 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş “İzolit' kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında X3 adı qeyd edilməmişdir. Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə dair siyahılardan görünür ki, 3897 sıra nömrəsinin qarşısında X4 adının qarşısında 0,06 ha torpaq sahəsi qeyd edilmişdir. Digər siyahı üzrə 3897 sıra nömrəsinin qarşısında X3 adı qeyd edilmiş, torpaq sahəsinin ölçüsü 0.06 ha göstərilmişdir. - Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktını nəzərə alaraq qərar alınmışdır:

1. Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilsin.

2. Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilsin.

3. Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1186/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında olan Mingəçevir bələdiyyəsinin “X7 X9”ndə mövcud olan xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi 0.0568 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. Elektron məlumat bazasında olan Mingəçevir bələdiyyəsinin “X7 X9”ndə mövcud olan xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi 0.0568 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. A 158495 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin coğrafi yerləşmə, konfiqurasiya və sahə fərqi vardır. - “Azərelektroizolit” zavodu tərəfindən verilmiş 12 nömrəli orderdən görünür ki, iddiaçıya “Azərelektroizolit” zavodu kollektiv bağında 16 nömrəli 2 torpaq sahəsi ayrılması qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. İş materiallarından görünür ki, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahəsinə dair subyektlərin siyahısında X3 adı 3897 sıra nömrəsi ilə qeyd edilmişdir. Göründüyü kimi müvafiq plan-ölçü sənədinin hazırlanmasına əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı, sonuncunun xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın tərtib etdiyi aktı və yekun siyahını təsdiqləmişdir ki, həmin aktda da yekun siyahıda adları olan vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərinin müəyyənləşdirildiyi qeyd olunur. İddiaçının mərhum atasının adının sözügedən siyahıda olması Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş “Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə dair siyahı”-dan çıxarışla sübut olunur. Həmçinin iş materiallarından görünür ki, A 158495 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin mərhum Ağaməmməd Əmrahovun qanuni istifadəsində olması “Azərelektroizolit” zavodu tərəfindən verilmiş 12 nömrəli orderlə də sübut olunur. Həmin order “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün əsas olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1186/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyində A 158495 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşməsini, lakin coğrafi yerləşmə, konfiqurasiya və sahə fərqinin olmasını bildirmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X7 X9nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X7 X9ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, A158495 nömrəli planölçü sənədinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi 0.0568 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə A 158495 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Mingəçevir şəhər “İzolit” bağçılıq təsərrüfatı tərəfindən verilmiş 0,0568 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar