Məhkəmə qərarları › İş №2-1(116)-455/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-455/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-455/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı üçüncü şəxslər X6 və X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinin X4 məxsusluğuna dair elektron arayışın verilməsi, 329.52 kv.m həyətyanı torpaq sahəsinin koordinatların faktiki vəziyyətinəö uyğunlaşdirilaraq torpaq sahəsi üzərində X6 və X5 ilə birgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə mərhum X4 ayrılmış 329.52 kv.m həyətyanı torpaq sahəsi və onun üzərində mövcud olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-455/2023 nömrəli qərardadı ilə X6 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinin X4 məxsusluğuna dair elektron arayışın verilməsi, 329.52 kv.m həyətyanı torpaq sahəsinin koordinatların faktiki vəziyyətinə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində X6 və X5 ilə birgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X2 Şəki rayon Oxud kəndində fərdi yaşayış evi mövcuddur. Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə həmin evin həyətyanı sahəsi mərhum həyat yoldaşı Şahid Əhmədova verilmiş və bu barədə ona “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X7 xx.xx.2016-cı ildə vəfat etmişdir. O vəfat etdiyindən iddiaçı ondan qalmış miras əmlakı üçün vərəsəliyin açılması məqsədilə X13 Xidmət mərkəzində Notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin verdiyi xx.xx.2020-ci il tarixli məktubu ilə mərhum Şahid Əhmədovdan qalmış evin və həyətyanı sahənin qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabden iddiaçının müraciətinə imtina vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən aparılmış çöl ölçmə işləri nəticəsində iddia olunan fərdi-yaşayış evinin mülkiyyətdə olmayan torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddia tələbi ilə razı olduqlarını və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZ-İİ seriyalı 782476 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir.

3. A seriyalı 341500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 329.52 kv. metr torpaq sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmişdir.

4. Evin bəxşiş edilməsinə dair müqavilənin surəti.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 46 nömrəli protokol, 1999-cu il tarixli Şəki rayonu Oxud kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X7 və onun ailə üzvlərinin adları qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-420/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X4 verilmiş A seriyalı №341500 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 329,52 kv, metr torpaq sahəsi faktiki olaraq naturada 1003 kv. metr olub döngə nöqtələri, yerləşmə vəziyyəti və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə oluna torpaq sahəsi Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş X3 mülkiyyətindədir.Torpaq sahəsi İddiaçı istifadəsindədir.Torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşmür. Faktiki istifadə olunan torpaq sahəsi “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 329,52 kv, metr torpaq sahəsi ilə qismən üst-üstə düşür.İddiaçı iddia etdiyi 1003 kv. metr torpaq sahəsi üzərində fərdi yaşayış evi və köməkçi tikili var, A№ 341500 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 329,52 kv. metr torpaq sahəsinə fərdi yaşayış evi düşmür yalnız köməkçi tikili olan evə birləşik günlük düşür və tərtib olunmuş yerquruluşu planında göstərilmişdir.“Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 329,52 kv, metr torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst- üstə düşmür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X7 və ailə üzvlərinin adına A seriyalı 341500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən , 329.52 kv.m torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddia olunan torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinə deyil, bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsinə işlənilmişdir. Araşdırma zamanı Təsərrüfatbaşına kitablardan çıxarışda mərhum X7 və ailə üzvlərinin adına 329.52 kv.m torpaq sahəsinin qeydə alındığı aşkar edilmişdir. Digər tərəfdən mərhum X3 adına 2000-ci ildə verilmiş A seriyalı 341500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sənəd üzrə topraq sahəsi 329.52 kv.m olaraq qeyd edilmişdir.Tələb olunan mütəxəssis rəyinə əsasən bildirilmişdir ki,iddiaçının istifadəsində faktiki istifadə edilən torpaq sahəsi 329.52 kv.m torpaq sahəsi vardır. Aqrar islahatın məqsədi şəxslərin qanuni istifadələrində olan torpaq sahəsinin onların mülkiyyətinə verilməsindən ibarətdir.Hazırkı tələb üzrə qeydə alınması iddia olunan fərdi yaşayış evi aqrar islahat əvvəl tikilmiş olduğu halda “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları evin yerləşdiyi torpaq sahəsini əhatə etməli olduğu halda texniki yanlışlığa yol verilmişdir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Qeyd olunanlara əsasən iddia təmin edilməli, Şəki rayonu Oxud kəndində yerləşən A seriyalı 341500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətə verilmiş 329.52 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq X4 məxsusluğuna dair elektron arayışın verilməsi və Çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinin mərhum X4 məxsus olmasına dair elektron arayışın, həmin evin yerləşdiyi 329.52 kv.m torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq üzərində X7,İddiaçı,X6 və X1 ümumi birgə mülkiyyət hüququnun qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar