Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-455/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən, İddiaçı MMC-yə (əvvəlki adı-"xxxx" Təmir Tikinti Müəssisəsi) ayrılmış ünvan 1ində yerləşən 1380 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən, İddiaçı MMC-yə (əvvəlki adı-"xxxx" Təmir Tikinti Müəssisəsi) ayrılmış ünvan 1ində yerləşən 1380 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, , Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən, "xxxx" Təmir Tikinti Müəssisəsinə ünvan 1ində 0,54 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 4020 kv.m və 1380 kv.m olmaqla iki hissədən ibarətdir. Daha sonradan "xxxx" Təmir Tikinti Müəssisəsi təşkilati hüquqi forması dəyişərək "xxxx" MMC olmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarma əsasən, "xxxx" MMC-yə (əvvəlki adı-"xxxx" Təmir Tikinti Müəssisəsi) ayrılmış ünvan 1ində yerləşən 1380 kv.m torpaq sahəsi üzərində "xxxx" MMCnin istifadə hüququnun daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata almaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə müraciət etmişdir. Lakin, həmin ərizəsi də icra olunmamışdır. Nəticədə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ünvan 1i ünvanında yerləşən 0,1380 ha torpaq sahəsinə dair Zaqatala rayonu XDS-nin xx.xx.1995-ci il tarixli, 03 nömrəli qərarı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməmişdir. Buna görə də, onun ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-684/2024 (**********84) nömrəli məktub ünvanlanmışdır. Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarı və torpaq sahəsinin yerinin müəyyən edilməsinə əsas verən texniki sənədlər, həmin qərar əsasında Zaqatala RİH tərəfindən "Qarabağ” Təmir Tikinti Müəssisəsinə verilmiş "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Aktın arxiv nüsxəsi ərazi idarəsində aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. A seriyalı 000054 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Akt;
3. Cavabdeh orqanın etirazı və ona əlavə edilmiş sənədlər;
4. Cavabdeh orqanın 20 may 2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi;
5. DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsinin Çıxarışı.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən, İddiaçı MMCyə (əvvəlki adı-"xxxx" Təmir Tikinti Müəssisəsi) ayrılmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1380 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaya münasibətində imtina , ünvan 1i ünvanında yerləşən 0,1380 ha torpaq sahəsinə dair Zaqatala rayonu XDS-nin xx.xx.1995-ci il tarixli, 03 nömrəli qərarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməməsi ilə bağlıdır. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Yuxarıda qeyd olunan normalar Zaqatala rayonu XDS-nin xx.xx.1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun cavabdeh tərəfindən qeydə alınmasının hüquqi əsasını təşkil edir. İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması zərurəti ilə tələb edilmiş mütəxəssis rəyində qeyd edilir ki, "X1 Cəmiyyətinə Zaqatala rayon XDS icraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən ayrılmış 1380 kv.m torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkündür. İddiaçınə Zaqatala rayon XDS icraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən ayrılmış 1380 kv.m torpaq sahəsinin naturada ölçüləri 0.1572 ha olmaqla TEKUİS məlumat bazasına əsasən hal-hazırda Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaqlar kimi işlənilmişdir. Torpaq sahəsinin naturada faktiki istifadəçisi X1 Cəmiyyətidir. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılan 1380 kv.m torpaq sahəsi ilə qismən üst-üstə düşür. İddiaçıya verilmiş 1380 kv.m torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala rayon XDS icraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən iddiaçı tərəfindən ünvan 1i ünvanında yerləşən 1380 kv.m torpaq sahəsinə istifadə hüququ əldə etmişdir.Həmin torpaq sahəsinin yerinin naturada müəyyən edilməsi,eləcə də üzərində istifadə hüququ qeydə alınmalı torpaq sahəsinin koordinatları faktiki olaraq artıq istifadə edilən hissədən fərqləndirilmişdir. Odur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində istifadə hüququnun əsası mövcud olduğundan məhkəmə iddianı əsaslı hesab edərək qeyd edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Beləliklə, torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 07 fevral 1995-ci il tarixli, 03 nömrəli qərarına əsasən, İddiaçı MMC-yə (əvvəlki adı "xxxx" Təmir Tikinti Müəssisəsi) ayrılmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1380 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə