Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4561/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlu, İddiaçılar X2 və İddiaçı2 cavabdeh X4 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “8İ-16129 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia aşağıdakılara görə mümkün sayılmamalıdır. Belə ki, təqdim olunmuş ərizədən belə müəyyən olunur ki, Kapital Bank ASC-nin Şəki rayon filialı ilə borc alan İddiaçı2 arasında xx.xx.2023-cü il tarixli kredit və xx.xx.2024ci il tarixli “İpoteka müqaviləsi” bağlanmış və İddiaçı2 oğluna 150 000 manat dəyərində kredit xətti ayrılmışdır. Kredit xəttinin ayrılması zanmanı ipoteka qoyan X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 352L saylı bağ evi girov qoyulmuşdur. Borc ödənilmədiyindən Cavabdeh tərəfindən 8İ-16129 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi icra olunması üçün Şəki rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında münasibətlər xüsusi hüquq subyektləri olan fiziki və hüquqi şəxs arasında yaranmış kredit müqaviləsindən irəli gəlir və bununla bağlı mübahisədə inzibati deyil mülki xarakterlidir. Bununla yanaşı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, “aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. MPM-in 445.0.6-cı, İPM-in 8.1.3-1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”. Göründüyü hazırda aparılmış notariat hərəkətləri və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsi ilə bağlı yaranmış mübahisələrin qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyən edilmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, ölkə üzrə formalaşmış məhkəmə təcrübəsində “icra qedi” ilə bağlı mübahisələrə mülki icraat qaydasında mahiyyəti üzrə ümumi məhkəmələrdə baxılaraq həll edilir. Belə olan halda Cavabdeh tərəfindən verilmiş “icra qeydi”nin ləğv edilməsi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə uyğun olaraq həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-4561/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4561/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver