Məhkəmə qərarları › İş №2-1(116)-457/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-457/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-457/2021 21.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1968-ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, elə həmin tarixdən xx.xx.1992-ci ilədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, ərizə xx.xx.2020-ci ildə ünvana çatdırılmış, lakin cavabdeh həmin müraciətə yazılı cavab verməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Dağlıq Qarabağ hadisələri ilə əlaqədar xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılması barədə arayış vermədiyinə görə o, müharibə veteranı adı ala bilmir. Cavabdeh iddiaya qarşı xx.xx.2021-ci il tarixli 11/400 nömrəli etirazında iddianı qəbul etməyərək, iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçıya Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 14N nömrəli arayışı ilə xidmətinə dair araşdırma aparılaraq arayış verilmiş, iddiaçıya münasibətdə hər hansı hərəkətsizlik edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görə də işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdən keçmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 330 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən tərxis edilməsi barədə məlumat yoxdur. - İşdə olan, cavabdehin xx.xx.2021-ci ildə məhkəməyə göndərdiyi məktuba əlavə olunan xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 19 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bundan başqa, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşdən görünür ki, İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, ərizə xx.xx.2020-ci ildə cavabdehə çatdırılmış, lakin cavabdeh həmin ərizəyə yazılı cavab verməmişdir. Hazırkı iddiaya qarşı etirazında cavabdeh iddiaçıya münasibətdə hər hansı hərəkətsizlik etmədiyini, iddiaçıya onun xidmətinə dair xx.xx.2018-ci il tarixli 14N nömrəli arayış verildiyini bildirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, cavabdeh iddiaçıya verdiyini iddia etdiyi xx.xx.2018-ci il tarixli 14N nömrəli arayışın surətini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçının öz iddia ərizəsində istinad etdiyi müraciət cavabdehə 2018-ci ildə deyil, xx.xx.2020-ci ildə verilmiş və həmin ərizəyə cavab verilməsi barədə sübut yoxdur. Bundan əlavə, iddiaçının cavabdehə sonuncu müraciəti xidməti barədə deyil, hərbi xidmətdən qanuni yolla ehtiyata buraxılması barədə arayış verilməsi haqqındadır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayılmalıdır. Lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, - "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, - həmin Qanunun 40.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, - həmin Qanunun 40.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər. Göründüyü kimi, İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilməsi üçün onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata buraxılmış olması tələb olunur. Lakin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə sorğu edilərək alınmış xx.xx.2021-ci il tarixli 330 nömrəli arayışdan məlum oldu ki, İddiaçı xx.xx.1992-ci ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, İddiaçı səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətdən tərxis edilməsi barədə məlumat yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də sorğu edilərək alınmış xx.xx.2021-ci il tarixli 11/1418 nömrəli məktubdan və ona əlavə olunmuş xx.xx.2018-ci il tarixli 9/2-14N nömrəli arxiv arayışından məlum oldu ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 19 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilsə də, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan başqa, şifahi məhkəmə baxışı zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 öz ifadəsində həmkəndlisi olan İddiaçı ilə birlikdə xx.xx.1992-ci ildə hərbi xidmətə getdiyini, N ay N gün eyni hərbi hissədə olduqlarını, sonra iddiaçının harasa getdiyini, iddiaçının niyə və haraya getməsini, eləcə də iddiaçının qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılıb-buraxılmamasını bilmədiyini göstərdi. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılması barədə sübut mövcud olmadığına görə ona bu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyula bilməz. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar