Məhkəmə qərarları › İş №2-1(116)-46/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-46/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-46/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X14rşı "Qəbələ rayon AİKnın xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-392G və JN-392F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq subyektləri siyahısında 1-ci sırada qeyd olunmuş “X5” adının “X8” adına dəyişdirilməsi və reyestrdən çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X14rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-392Y və JN-392F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq subyektləri siyahısında 1-ci sırada qeyd olunmuş “X5” adının “X8” adına dəyişdirilməsi və reyestrdən çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş JN-392Y və JN-392F saylı kodu 40601004 olan Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında texniki səhv olaraq 1-ci sırada iddiaçının atasının soyadı, adı və ata adı X1 qeyd edilmişdir. İddiaçının ailə üzvlərinin paylı mülkiyyətində olan JN-392Y saylı şəhadətnamə üzrə 0,11 ha, JN-392F saylı şəhadətnamə üzrə 0,09 ha torpaq sahəsini payçıların istəyinə uyğun özgəninkiləşdirmək istərkən məlum olmuşdur ki, JN-392Y və JN-392F saylı kodu 40601004 olan Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada iddiaçının atasının soyadı, adı və ata adı və hətta cinsi texniki səhv olaraq X1 göstərilmişdir. Əslində isə həmin şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada İddiaçı adı qeyd edilməli idi. JN-392Y və JN- 392F saylı kodu 40601004 olan Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada iddiaçının atasının soyadı, adı və ata adı və hətta cinsinin düzgün yazılmamasını iddiaçı texniki səhv hesab edir və bildirir ki, qeyd olunan şəhadətnamələrdə hüquq sahibləri adları siyahısında 1-ci sırada qeyd edilən X5 adı ilə 2-ci sırada qeyd olunan X5 adları eyni şəxsə yəni, iddiaçının ailə üzvü olan anasına məxsusdur. İddiaçı şəhadətnamələrdə müvafiq düzəlişlərin aparılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsinə əlavə edilən sənədlərə əsasən JN-392Y nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud deyil. İddia ərizəsinə JN-392G və JN-392F nömrəli şəhadətnamələr əlavə edilmişdir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində nöqsanı aradan qaldırıraraq tələbində dəqiqləşmə aparmış və "Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-392G və JN-392F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq subyektləri siyahısında 1-ci sırada qeyd olunmuş “X5” adının “X8” adına dəyişdirilməsi və reyestrdən çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********04 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı JN-392G və 392F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq subyektləri siyahısında 1-ci sırada qeyd olunmuş X5 adının X8 adına dəyişdirərək reyestirdən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 094413 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X8 xx.xx.1938-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. İş materiallarında olan 078485 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 xx.xx.1944-cü il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. İş materiallarında olan 007558 nömrəli Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X8 ilə X7 arasında xx.xx.1962-ci il tarixdə nikah bağlanmış və bu müqavilə akt qeydləri kitabında 1962-ci ilin avqust ayının 03 günündə 46 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 994544 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-392G nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon, AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və 357b nömrəsi ilə qeydə alınmışdır. Mülkiyyətçilər siyahısında 1-ci sırada iddiaçının atasının adı qeyd edilməmiş, əvəzində 1-ci və 2-ci sırada iddiaçının anası Mənsurə Məmmədovanın adı qeyd edilmişdir. İş materiallarında olan JN-392F nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon, AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.09 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və 357a nömrə ilə kitabda qeydə alınmışdır. Mülkiyyətçilər siyahısında 1-ci sırada iddiaçının atasının adı qeyd edilməmiş, əvəzində 1-ci və 2-ci sırada iddiaçının anası Mənsurə Məmmədovanın adı qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********20 nömrəli məktubuna əlavə edilmiş Torpaq payı alacaq subyektlərin siyahısının təsdiq edilmiş surətindən müəyyən edilir ki, siyahıda X3 adı qeyd edilmiş, qaytanlanmış kitab üzrə həyətyanı sahənin 0.07 ha, faktiki istifadədə olan torpaq sahəsinin 0.20 ha olduğu göstərilmişdir. İş materiallarında olan cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********86 nömrəli subyektlər siyahısından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin siyahıda da iddiaçının atasının adı qeyd edilməmiş, əvəzində 1-ci və 2-ci sırada iddiaçının anası M.Məmmədovanın adı qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********56 nömrəli məktubuna əlavə edilmiş Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin siyahıda 392-ci sırada iddiaçının ailə üzvlərinin adları qeyd edilmiş, qanuni istifadələrində olan həyətyanı torpaq sahəsinin 0.07 ha olduğu göstərilmişdir. Siyahıda iddiaçının atası mərhum X4 da adı qeyd edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********79 nömrəli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, 357a və 357b nömrəli şəhadətnamələrlə müvafiq olaraq 0.09 ha və 0.11 ha torpaq sahələri X3 mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mərhum atasının adı torpaq islahatı aparılan zaman həyatda olmasına və Qəbələ rayonunda yaşamasına baxmayaraq şəhadətnamələrdə qeyd edilməmiş, onun yerinə iddiaçının anasının adı 1-ci və 2-ci sırada ard-arda göstərilmişdir. Bu hal onu deməyə əsas verir ki, şəhadətnamələr tərtib edilən zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi texniki səhvə yol vermişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan şəhadətnamələrdə düzəliş edilərək 1-ci sırada “X5” adının “X8” kimi qeyd edilməsi öhdəliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin hüquqi varisi olan hazırkı cavabdehə həvalə edilməli və reyestrdən çıxarışın hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X17 üzərinə Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-392G və JN-392F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq subyektləri siyahısında 1-ci sırada qeyd olunmuş “X5” adının “X8” adına dəyişdirilməsi və reyestrdən çıxarışın hazırlanıb verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar