Məhkəmə qərarları › İş №2-1(116)-460/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-460/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-460/2021 17.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli qərarı ilə anasına satılmış 0,02 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 adına dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçü"nün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı anası X5 2012-ci ildə ərizə ilə İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinə müraciət edərək, Lahıc Bələdiyyəsinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi üçün ayrılmış torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Bundan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi 04.12.2012-ci il tarixli məktubla ilə İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinə müraciət edərək, X4 0,02 ha həyətyanı torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi Bələdiyyə sədrinin adına 07.12.2012-ci il tarixli 254 nömrəli rəy verərək X4 həyətyanı torpaq sahəsi üçün ayrılmış bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,02 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri tərəfindən "X4 alqı-satqı qaydasında satılmış torpaq sahəsinin yerquruluşu sxemindən çıxarış" tərtib edilmişdir. Bundan sonra İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli 12 nömrəli qərarına əsasən, X4 bələdiyyənin yaşayış məntəqəsi sahəsindən 0,02 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. İsmayıllı Rayonu Lahıc Bələdiyyəsi ilə X5 arasında 0,02 ha torpaq sahəsinin alqı-satqısına dair 07.12.2012-ci tarixli akt tərtib edilmiş və 17.12.2012-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 189 nömrəsi ilə qeydiyyata alınmışdır. Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli 12 nömrəli qərarına istinadən, həyətyanı məqsədli təyinatlı torpaq sahəsi ilə bağlı X3 adına A-425108 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 07.02.2013-cü ildə 6506 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli 12 nömrəli qərarı ilə satılmış 0,02 ha torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu 17.11.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Lahıc Bələdiyyənin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 07.12.2012-ci il tarixli qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan və "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.12.2011-ci il tarixli 271 nömrəli sərəncamından irəli gələn tələblərə cavab vermir. Bundan başqa, qüvvədə olan qanunvericliyin tələblərinə görə 01.12.2007-ci ildən sonra bələdiyyələrin torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bildiyini qeyd etmişdir. Bu səbəblərə görə 0,02 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli qərarı ilə anasına satılmış 0,02 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması, çıxarış və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, 0,02 ha torpaq sahəsi Lahıc Bələdiyyəsinin qərarı ilə anasına satılmış, lazımi ilkin sənədləşmə işləri aparılmış və dövlət qeydiyyatı üçün lazım olan sənədlərin cavabdeh təşkilat tərəfindən hazırlanıb verilməsinə heç bir maneçilik yoxdur. Cavabdehin onun qanuni istifadəsində olan müvafiq qanunvericiliklə mülkiyyətinə verilməli olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina etməsi qanunsuzdur. Məhkəmə tərəfindən iddiaçıya yardım edildikdən sonra iddiaçının nümayəndəsi cavabdehə ərizə ilə müraciət edərək, İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli qərarı ilə anasına satılmış 0,02 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 adına dövlət qeydiyyatına alınması, çıxarış və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin sonuncu 08.02.2021-ci il tarixli məktubla bundan imtina edərək 17.11.2020-ci il tarixli imtina məktubunun dəlillərinə istinad etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi 02.03.2021-ci il tarixli etirazında imtina məktublarının dəlillərinə istinad etmiş və bildirmişdir ki, alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilər. Şəki İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadına əsasən, İsmayıllı Rayonu Lahıc Bələdiyyəsi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaya rəsmi münasibət (etiraz) bildirməmişdir. İddiaçı 14.04.2021-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli qərarı ilə anasına satılmış 0,02 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 adına dövlət qeydiyyatına alınması, çıxarış və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 23.04.2021-ci il tarixli 2-1(116)-460/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli 12 nömrəli qərarından görünür ki, X4 bələdiyyənin yaşayış məntəqəsi sahəsindən 0,02 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. - İşdə olan, A-425108 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli 12 nömrəli qərarına istinadən, həyətyanı məqsədli təyinatlı torpaq sahəsi ilə bağlı X3 adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 07.02.2013-cü ildə 6506 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, cavabdehin 17.11.2020-ci il tarixli **********60 nömrəli imtina məktubundan görünür ki, Lahıc Bələdiyyənin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 07.12.2012-ci il tarixli qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan və "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.12.2011-ci il tarixli 271 nömrəli sərəncamından irəli gələn tələblərə cavab vermir. Bundan başqa, qüvvədə olan qanunvericliyin tələblərinə görə 01.12.2007-ci ildən sonra bələdiyyələrin torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bildiyini qeyd etmişdir. Bu səbəblərə görə 0,02 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığın bildirmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi 0,02 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum anasının adına qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını və iddiaya qarşı etirazını aşağıda göstərilən iki dəlillə əsaslandırmışdır: 1) 01.12.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satılmalı olduğu halda, iddiaçının anasına sözügedən torpaq sahəsinin hərracdan kənar qaydada satılması; 2) Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilməsi. İmtinanın birinci dəlili üzrə məhkəmə qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılarkən açıq torpaq hərraclarının və ya müsabiqələrinin keçirilməsinə zərurət yoxdur. İddiaçının mərhum anası məhz həmin kateqoriya şəxslərə aid olduğuna görə ona torpaq sahəsinin açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən satılması qanuni olmuşdur. İmtinanın digər dəlili üzrə məhkəmə qeyd edir ki, cavabdeh həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını mübahisələndirməmiş, İsmayıllı Rayonu Lahıc Bələdiyyəsi ərazisindən iddiaçının anasına həyətyanı məqsədilə veriləcək torpaq sahəsinin sxemində həmin torpaq sahəsi göstərilmiş, habelə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini əvvəllər həyata keçirən DTXK-nin İsmayıllı rayon şöbəsinin rəyində sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. Həmçinin, İsmayıllı Rayonu Lahıc Bələdiyyəsi 0,02 ha torpaq sahəsini iddiaçının anasına verməkdə səlahiyyətli olmadığı halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi inzibati nəzarət qaydasında Bələdiyyənin sözügedən qərarının qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə, habelə bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəməyə müraciət edə bilərdi. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə"nin 7.5-ci bəndinə əsasən, Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli qərarı ilə iddiaçının anasına ayrılmış 0,02 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinin 07.12.2012-ci il tarixli qərarı ilə İddiaçı anası X1 0,02 ha həyətyanı torpaq sahəsinə X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar