Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-461/2024 12.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə “dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi,Qax rayon Əmbərçay kəndində yerləşən 5 otaqlı 2 evin,1,5 desyatin fındıq bağının və 1,5 desyatin əkin sahəsinin iddiaçının ulu babası X3 məxsus olmasına dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi,Qax rayon Əmbərçay kəndində yerləşən 5 otaqlı 2 evin,1,5 desyatin fındıq bağının və 1,5 desyatin əkin sahəsinin iddiaçının ulu babası X3 məxsus olmasına dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Qax rayon notariat ofisinə müraciət edərək, xx.xx.1931-ci il tarixdə vəfat etmiş ulu babası X1 miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, mərhumun adına olan fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqmüəyyən edən sənədlər olmadığına görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qax rayon notariat ofisinə təqdim edilmiş xx.xx.1960-cı il tarixli 11-İE seriyalı №006963 saylı doğum haqqında şəhadətnaməyə əsasən, hüquqlarını müdafiə etdiyim İddiaçı atası X9 birinci növbə qanun üzrə vərəsəsi, Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-294/2022 saylı qətnaməsinə görə isə repressiya qurbanı olmuş babası X2 nəvəsidir. Qax rayon notariat ofisinin xüsusi notariusu xx.xx.2022-ci il tarixli 676 saylı məktubla hazırkı inzibati mübahisə üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra-12 saylı Şəki Ərazi İdarəsi) müraciət edərək, hüquqlarını müdafiə etdiyim İddiaçı hüquqi xidmət göstərilməsi üçün mərhum ulu babası X2 vərəsəsi olması nəzərə alınaraq, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Bununla bağlı cavabdeh 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı xx.xx.2022-ci il tarixli **********20 saylı cavab məktubunda qeydiyyata alınmasını istədiyi tikilinin köhnə məktəb binası olmaqla, dövlət mülkiyyətində olmasının müəyyən edildiyini, ona görə də ünvan 1ində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığını bildirmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan bina və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, Qax rayonunun Əmbərçay kəndində yerləşən, 1976-cı ildə istismara verilmiş, ümumi torpaq sahəsi 4801,5 kv.metr olan Əmbərçay kənd orta məktəbinin istifadəsiz bina və tikililərinin 23 dekabr 2015-ci il tarixli təhvil-qəbul aktı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X6 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə təhvil verilərək dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən və ərizəçi tərəfindən təqdim olunan sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların nəzərdə tutulduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermədiyindən ərizəçiyə xx.xx.2022-ci il tarixli **********20 №-li imtina məktubu verilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49- cu maddəsinin 3-cü bəndinə əsasən keşmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən, dövlət mülkiyyətində olan Qax rayonu Əmbərçay kəndində yerləşən, 1976-cı ildə istismara verilmiş qeyri yaşayış binası, emalatxana binası, talvar, ərazinin hasarı və 4801,5 kv.metr torpaq sahəsinin iddiaçının mərhum babası X3 məxsus olması barədə arayışın və texniki pasportun verilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X7 və Koordinasiya Mərkəzi məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, ünvan 1ində yerləşən və iddiaçı tərəfindən mübahisənin predmeti kimi təqdim olunan əmlak köhnə Əmbərçay kənd ümumi orta məktəbin köhnə binası olmuşdur Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra-Təhsil Nazirliyi) Qax rayon təhsil şöbəsi xx.xx.2015-ci il tarixli 64 nömrəli məktubla Təhsil Nazirliyinə müraciət edərək, Əmbərçay kəndində yeni məktəb binasının tikilib istifadəyə verildiyini nəzərə alaraq, köhnə məktəb binasının şöbənin balansından çıxarılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan scnra- Komitə) sərəncamına verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təhsil Nazirliyi bununla əlaqədar xx.xx.2015-ci il tarixli xx-xx-6948/16 nömrəli məktubla Komitəyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 06.06 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə uyğun olaraq bu müraciət nəzərə alınmış və qeyd olunan daşınmaz əmlakın təhvil-qəbulu həyata keçirilmiş, buna dair xx.xx.2015-ci il tarixli akt tərtib edilmişdir. Göstərilənlərə əsasən ünvan 1i ünvanında yerləşən “Əmlak kompleksi” (faydalı sahəsi-440,0 kv.m., torpaq sahəsi-4801,5 kv.m.) Komitənin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (bundan sonra-İXMlM) xx.xx.2015-ci il tarixli 300 nömrəli əmri ilə dövlət mülkiyyətindəki əmlak qismində balansa qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 -ci il tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən İXMİM-nin hüquqi varisi Mərkəzdir. İddianın əmlakın qeydiyyatdan silinməsinə dair hissəsi ilə bağlı qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 11 -ci bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir. İddiaçı qeyd olunan əsaslardan hansısa birinin mövcudluğu barədə heç bir sübut göstərə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Az-İİ 284327 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
2. Cavabdeh 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X7 və Koordinasiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli etiraz məktubu;
4. Az-İİ 135441 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
5. ИЕ 392367 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1936-cı il tarixdə anadan olmuşdur.
6. İ-ИЕ 053649 evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X16 xx.xx.1958-ci ildə nikah bağlamışdırlar.
7. Qasım İsmayılov rayon İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışın surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia ərizəsindən və iş materiallarından görünür ki,iddiaçının hüquqi marağı Qax rayon Əmbərçay kəndində yerləşən köhnə məktəb binasına dair dövlət registrinin ləğv edilməsi və həmin tikilin yerləşdiyi torpaq sahəsi ilə birlikdə iddiaçının ulu babası X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasndan ibarətdir. Göründüyü kimi iddia tələbi bir-biri ilə əlaqədar olmaqla müxtəlif cavabdehlərə qarşı olsa da iddia tələbində göstərilmiş və nail olmaq istədiyi hüquqi nəticəyə əsasən birlikdə baxılması məqsədə uyğun hesab edilir. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: Birinci tələb üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmaqla ümumi sahəsi 433,65 kv.m olan tikilyə dair dövlət registrinin ləğv edilməsindən, ikinci tələb üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi olmaqla ümumi sahəsi 433,65 kv.m olan tikilin,eləcə də tikilinin yerşəşdiyi torpaq sahəsinin iddiaçının ulu babası X3 məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmalı deyildir. Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi 9 dekabr 1999-cu il 226 nömrəli tarixli “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə : ...
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.
4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.
5. Azərbaycan Respublikasında dövlət əmlakının Registri mərkəzi registrdən və yerli registrlərdən ibarətdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində dövlət əmlakının yerli registrləri aparılır.
10. Azərbaycan Respublikasında dövlət əmlakının Registri kartoteka (sənəd) və maqnit daşıyıcıları vasitəsilə aparılır. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qeydiyyat obyektləri, onların yaradılması barədə məlumatın (yazıların), qeydiyyat obyektlərinin üzərində mülkiyyət hüququnun (əşya hüquqlarının) keçməsi, onların öhdəliklərlə yüklənməsi, onlara xitam verilməsi, o cümlədən dövlət mülkiyyət hüququna xitam verilməsi barəsində məlumatların Registrə daxil olunmasında, bu məlumatlara dair Registrdə olan məlumatın təzələnməsindən və ya silinməsindən ibarətdir.
11. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,mübahisələndirilən registr 13173-13177 kodlarında olmaqla 1976-cı ildə istismara verilmiş Qax rayon Əmbərçay kəndində yerləşən köhnə məktəb binasına dair tərtib edilmişdir.Hazırda qeyd olunan əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X7 və Koordinasiya Mərkəzi”nin balansında olmaqla dövlət mülkiyyətindədir. İddiaçı həmin əmlakın və torpaq sahəsinin ulu babasına məxsus olduğunu bildirsə də təqdim edilən sənədlərdə registrin ləğvini zəruriliyi əsaslandıran sübut təqdim edə bilməmişdir. İddianın ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.3-cü maddəsinə əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. İddia tələbinin dövlət registrinin ləğvi hissəsi əsassızdır ona görə ki,həmin əmlakların iddiaçının ulu babasına məxsus olması öz təsdiqini tapmır.İddia tələbi bu hissədə əsassız olduğundan şəxsə məxsus olmasına dair arayışın verilməsi tələbi də əssasız hesab edilir.İddia tələbinin torpaq sahəsinin məxsus olmasına dair arayışın verilməsi hissəsinə münasibətdə qeyd olunur ki,yuxarıda istinad edilən normadan görünüdüyü ki, torpaq sahələrinin keçmiş mülkiyyətçilərə qaytarılması qanunla istisna edilmişdir. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi,Qax rayon Əmbərçay kəndində yerləşən 5 otaqlı 2 evin,1,5 desyatin fındıq bağının və 1,5 desyatin əkin sahəsinin iddiaçının ulu babası X3 məxsus olmasına dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması ” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə