Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-461/2025 04.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “A464249 nömrəli plan-ölçü sənədinin koordinatlarını naturada istifadə vəziyyətinə uyğunlaşdırmaqla iddiaçının faktiki istifadəsində olan 450 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş Rayon İcra Hakimiyyəti başçısınınn 27 dekabr 2014-cü il tarixli 186 saylı sərəncamı ilə kənd təsərrüfatı (heyvandarlıq) məhsullarının istehsalı məqsədilə 15 (on beş) il müddətinə onun icarəsinə verilmiş, Ağdaş rayonu Ağzıbir kəndi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarına aid olan 450,0 ha qış otlaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barəsində ərizə təqdim edərək, “A464249 nömrəli plan-ölçü sənədinin koordinatlarını naturada istifadə vəziyyətinə uyğunlaşdırmaqla iddiaçının faktiki istifadəsində olan 450 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barəsində ərizə icrata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, icarəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh orqan imtina cavabı verərək bildirmişdir ki, onun icarəsinə verilmiş torpaq sahəsinə dair sənədlərlə elektron baza məlumatları arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Oğuz rayon Əzizbəyov adına təsərrüfatın qış otlaq sahəsinə aid olduğunu müəyyən etmişiər və bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina etmişlər Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Əvvəllər respublikada mövcud olmuş kolxoz və sovxozlarda saxlanılan qoyunların qış otlaq sahələrində bəslənilməsi məqsədilə Azərbaycan SSR-in kolxoz və sovxozlarında qoyunçuluğun gələcək inkişaf tədbirləri barədə' Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-cı il 11 may tarixli 254 nömreli qərarı mövcud olmuşdur. Həmin qərarın tələbinə görə respublikanın ayrı-ayrı rayonlarının inzibati ərazilərdə qış otlağı yerləşən sahələr bəzi rayonların kolxoz və sovxozlarında qoyunçuluqla məşğul olan təsərrüfatlara təhkim edilmişdir. Respublikada torpaq islahatı aparıldıqdan sonra “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 02 mart tarixli 60 saylı qərarı ilə yuxanda qeyd olunan qərarın bəzi müddəaları qüvvədən düşmüş və yeni bəndlər əlavə edilmişdir. Həmin qərarın 1-ci bəndinin tələbinə görə inzibati ərazisində qış otlağı yerləşmiş rayon (şəhər) icra hakimiyyəti başçılarına tapşırılmışdır ki, hüquqi və fiziki şəxslər tərəfindən qışlama məqsədilə qışlağın yerləşdiyi rayona digər bölgələrdən faktiki gətiriləcək davarın otlaq sahəsinə olan tələbatının ilk növbədə aparılan islahatlar nəticəsində qış otlaqlarında kolxoz və sovxozların əmlakından pay alan şəxslərin damazlıq heyvandarlıq təsərrüfatlarının və əvvəlki illərdə həmin otlaqlardan istifadəçilərinin mənafeyini nəzərə almaqla müəyyən olunmuş qaydada ödənilməsini təmin etsinlər. Mövcud qərarın müddəalarının tələblərindən də göründüyü kimi qış otlaq sahələrinin idarə olunması (icarəyə verilməsi) inzibati ərazisində qış otlağı yerləşmiş rayon (şəhər) icra hakimiyyəti başçılarına tapşırılmişdır. Respublikada torpaq islahatı aparılarkən təsərrüfatlar ləğv olunduğundan Oğuz rayonunda hazırda belə təssərüfatın mövcud olması da mümkün deyildir. Göründüyü kimi, cavabdeh orqan onun qanuni icarəsinə verilmiş torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından əsassız olaraq imtina etmişdir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburəyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən 450.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılaraq elektron baza məlumatlarına əsasən yoxlanılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlərlə elektron baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, elektron məlamatlara əsasən sözügedən torpaq sahəsi Oğuz rayon Əzizbəyov adına təsərrüfatın qış otlaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AR Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli Sərəncamı, Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli müqavilə, A464249 nömrəli plan-ölçü sənədi, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan, Ağdaş rayonu Ağzıbir kəndi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarına aid olan 450,0 ha qış otlaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması tələbini Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2014-cü il tarixli 186 saylı sərəncamı və eyni tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsi ilə əsaslandırır və bildirir ki, istinad etdiyi sənədlər əsasında sözügedən torpaq sahəsi 15 (on beş) il müddətinə onun icarəsinə verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Sözügedən Qanunun 8.0.1-ci maddəsinə əsasən icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul olunmuş aktlar, habelə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili sözügedən torpaq sahəsinin Oğuz rayon Əzizbəyov adına təsərrüfatın qış otlaq sahəsinə aid olması ilə bağlıdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan 450 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfat təyinatlı torpaqlar, uqodiyası- örüş, mülkiyyətçisi - dövlət, Ağdaş Rayon İcra Hakimiyyətidir. Həmin torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddia olunan 450.0 ha torpaq sahəsi üst-üstə düşmür. A 464249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşən 450.0 torpaq sahəsi elektron baza məlumatlarında müvcud deyil. Bu səbəbdən iddiaçıya sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddia etdiyi mübahisəli 450.0 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. A 464249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi elektron baza məlumatlarına əsasən Ağdaş Rayon İcra Hakimiyyətinin mülkiyyətində olmaqla, Ağdaş rayonu inzibati ərazisinin hüdudları daxilində yerləşir. Məhkəmə ilk növbədə cavabdeh orqanın imtina dəlilinə münasibətdə qeyd edir ki, iddia olunan torpaq sahəsinin Oğuz rayonuna ümumiyyətlə aidiyyəti yoxdur. Həmin torpaq sahəsinin əvvəllər Əzizbəyov adına təsərrüfatın qış otlaq sahəsinə aid olması müraciətin təmin edilməsindən imtinaya səbəb ola bilməz. İddia olunan torpaq sahəsi Ağdaş rayonu inzibati ərazisinin hüdudları daxilində olmaqla dövlət mülkiyyətinə aid torpaq sahələrinə aiddir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş A 464249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının iddia olunan torpaq sahəsi ilə üst-üstə düşməməsinə münasibətdə məhkəmə qeyd edir ki, həm plan-ölçü sənədində, həm də faktiki istifadədə olan torpaq sahəsinin mülkiyyətçisi, təyinatı və uqodiyası ilə bağlı məlumatlar eynidir. A 464249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi xx.xx.2015-ci il tarixdə DT və XK-nin Ağdaş rayon çöbəsi tərəfindən tərtib olunmuşdur. Müvafiq plan-ölçü sənədlərində koordinatların bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur. Bunun hüquqi həlli məhz "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanında nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur. Odur ki, müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, mövcud ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi ilə bağlı xüsusi tənzimləmə müəyyən edilmişdir. İstinad olunan “Fərman”ının 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur. Göründüyü kimi Fərmanın 2.3.5-ci bəndində nəzərdə tutulmuş müddəa bir daha təsdiq edir ki, torpaq sahələrinin yerləşmə vəziyyəti ilə bağlı sənəddə göstərilən məlumatlarla real vəziyyət arasında fərq olduqda, cavabdeh real vəziyyəti nəzərə almalı və bu fərqin hüquqi sənədlərə uyğunlaşdırılmasını təmin etməlidir. Çünki fərmanda vurğulanan əsas prinsiplərdən biri real vəziyyətin nəzərə alınmasıdır. Bu prinsip istənilən halda torpaq sahibinin hüquqlarını qorumaqla yanaşı, real vəziyyəti də hüquqi müstəvidə tanımağa imkan yaradır və qeydiyyatın formallığını aradan qaldırır. Buna görə də, əmlak hüququnun qeydiyyatı faktiki mövcud olan real vəziyyəti əks etdirməlidir. Hazırkı işdə də, iddia olunan torpaq sahəsi ilə plan-ölçü sənədində göstərilən torpaq sahəsi eyni subyektin mülkiyyətində olmaqla Ağdaş Rayon İcra Hakimiyyətinin vahid iradəsi ilə əhatə olunur. Həmin torpaq sahəsinin naturada istifadə vəziyyəti ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında hər hansı mübahisə mövcud deyil, torpaq sahəsinin kateqoriyası və uqodiyasına münasibətdə də, heç bir fərq müəyyən edilmir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, A464249 nömrəli plan-ölçü sənədinin koordinatlarını naturada istifadə vəziyyətinə uyğunlaşdırmaqla sözügedən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə A464249 nömrəli plan-ölçü sənədinin koordinatlarını naturada istifadə vəziyyətinə uyğunlaşdırmaqla İddiaçı faktiki istifadəsində olan 450 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.