Məhkəmə qərarları › İş №2-1(116)-462/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-462/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-462/2024 22.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ona və ailə üzvlərinə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş 1.98 ha pay torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, və ailə üzvlərinə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş 1.98 ha pay torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon Aqrar islahat Komisiyasının xx.xx.1998ci il tarixli, 05 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinə Qax rayonu Güllük kəndi ərazisində 1.98 ha pay torpaq sahəsi sahəsi verilmişdir. Lakin iddiaçıya torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməmişdir. Belə ki, AİK-nın qərarına əsasən iddiaçı və ailə üzvüləri torpaq payı alacaq subyektlərin siyahısına salınmış və 374-cü sırada qeyd edilmişdir. Lakin texniki səhv nəticəsində adları bölgü layihəsinə salınmamışdır. Hazırda iddiaçı torpaq sahəsindən faktiki olaraq istifadə edir və DƏDRX-də istifadə etdiyi torpaq sahəsi iddiaçı və ailə üzvülərinin adına qeydiyyata alınmışdır. İddiaçıcavabdehə müraciət edərək həmin torpaq sahəsinə dair çıxarış verilməsi xahiş etmişdir. Cavabdeh xx.xx.2022ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılmış araşdırma zamanı Qax rayon İcra Hakimiyyətinin Aqrar məsələlər şöbəsinin baş aqranomu İslam Babayevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdiri Seyfulla Ramazanovun və məsləhətçisi Aydın Mənəfovun, Güllük bələdiyyəsinin sədri İlqar Məmmədovun, Güllük kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2009-cu il tarixli aktın surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin Güllük kənd sakini İddiaçı 1,95 ha pay torpaq sahəsinin verilməsinə Güllük bələdiyyəsinin rəyi ilə bağlı xx.xx.2009-cu il tarixli, 26 №-li məktubunun surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin Güllük kənd sakini İddiaçı indiyədək pay torpağını almaması ilə bağlı tədbir görülməsi ilə bağlı DTXK-nin X2 və Monitorinqi Elm- İstehsalat Mərkəzinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 17-12/109 №-li məktubunun surəti, DTXK X2 və Monitorinqi Elm-istehsalat Mərkəzinin Qax rayonu Güllük kənd sakini İddiaçı və ailə üzvlərinə verilməli olan pay torpaq sahəsi ilə bağlı xx.xx.2009-cu il tarixli, 48-145/1 №-li məktubunun surəti olsa da, Qax rayonu Güllük kənd sakini İddiaçı və ailə üzvlərinə 1,98 ha torpaq sahəsi ayrılması barədə rayon və yerli aqrar islahat komissiyasının hər hansı qərarı, torpaq islahatı zamanı verildiyi iddia olunan torpaq sahəsinin koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan ölçü sənədi təqdim olunmadığından, həmçinin Qax rayonu Güllük kəndində torpaq islahatı aparılan zaman torpaq payı almaq hüququ olan subyektlərə adambaşına verilməli pay torpaq sahəsinin norması barədə ərazi idarəsində hər hansı məlumat mövcud olmadığından, ərazi idarəsinin elektron baza kadastr xəritə və arxiv materiallarında nə İddiaçı, nə də ailə üzvlərinə torpaq sahəsinin ayrılması barədə hər hansı hüquq müəyyənedici sənəd olmadığından, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmiş elektron bazada Qax rayon Güllük kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq payı almaq hüququ olan subyektlər siyahısında, o cümlədən 374-cü sıra sayında İddiaçı və ailə üzvlərinə 0,35 hektar fındıq bağı və 1,95 hektar əkin torpaq sahəsi verilməsi ilə bağlı hər hansı qeydin olmadığı müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin xx.xx.2009-cu il tarixli 17.12/109 nömrəli məktubu.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Torpaq Kadastr və Monitorinqi Elmi-istehsalat Mərkəzinin xx.xx.2009-cu il tarixli 48-145/1 nömrəli məktubu.

4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsinin xx.xx.2009-cu il tarixli 26 nömrəli məktubu.

5. Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, Qax rayon Aqrar islahat Komisiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı protokolunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı torpaq sahəsinin verilməsinə dair məlumat yoxdur və protokola hər hansı digər hüquq müəyyənedici və texniki sənədlər əlavə edilməmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-2398/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Qax rayonu Güllük kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı adı qeyd olunmuşdur.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçınrın hüquqi marağı 1.98 ha pay torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, tələbini sözügedən torpaq sahəsinin Qax rayon Aqrar islahat Komisiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarına əsasən ayrılması ilə əsaslandırır. İş materiallarında olan, cavabdeh orqan tərəfindən Qax rayonu Güllük üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi ayrılmış digər subyektlərə məxsus torpaq sahələrinə dair tərtib edilmiş siyahıdan görünür ki, iddiaçının adı həmin siyahıda mövcuddur. Siyahının tərtib edilməsində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarına istinad olunmuşdur. Bununla belə iddiaçının və ailə üzvlərinin adına Dövlət Aktı tərtib edilməmişdir. Odur ki, iddia olunan torpaq sahəsinin iddiaçıya verilməsi nəzərdə tutulan torpaq sahəsi olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Beləliklə, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ona və ailə üzvlərinə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş 1.98 ha pay torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar