Məhkəmə qərarları › İş №2-1(116)-462/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-462/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-462/2025 08.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “iddiaçıya 29.02 ha torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə bələdiyyənin alqısatqı predmeti olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə mülkiyyətinə satılmış 34,61 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reryestrində qeydiyyata alınmaqla, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya 29.02 ha torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2053/2025 nömrəli qərardadı ilə İsmayıllı rayonu Zeyvə Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 34,61 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə satılmışdır. Bələdiyyə tərəfindən torpaq sahəsinin satılması barədə qərar verildikdən sonra 24 iyul 2007- cı il tarixdə torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi yerində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə sərhədlər müəyyənləşdirilməklə arlarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı üç tərəfli qaydada "Torpaqların alqı-satqısına dair akt” bağlanılmış və həmin akt keçmiş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 24 iyul 2007-ci il tarixdə 178 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ismayıllı rayon şöbəsi tərəfindən X7 kitabında 12 may 2008-ci tarixdə 580 nömrə ilə uçota alınmaqla AN032349 nömrəli ''Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. İddiaçı qeyd edilən həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, İsmayıllı rayonu, Zeyvə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarında 34.61 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilsə də, iddia edilən torpaq sahəsi elektron məlumat baza xəritəsində meşə fondu torpaqları kimi öz əksini tapmışdır. əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq Çıxarış və plan ölçü sənədlərinin verilməsi tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 34.61 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.

3. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 22150.40 manat məbləğində torpağın dəyərini İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin hesabına ödəmişdir.

4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarı İddiaçı İsmayıllı rayonu Zeyvə Bələdiyyəsi ərazisindən torpaq sahəsi ayrılmışdır.

5. A seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya 346100 kv.m torpaq sahəsi verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1006/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

7. İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 21 saylı məktubundan görünür ki, iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla eynilik təşkil edir.

8. Göyçay Regional Ədliyyə idarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı iddia olunan 34.61 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin iddia olunan hissəsi hazırda onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması bu barədə qərar, ödəniş qəbzi və torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci tarixli ödəniş qəbzlərinə əsasən İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1006/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 07 iyul 2007- ci il tarixli 07 saylı qərarı ilə ayrılmış 34,61 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən meşə fondu torpaqlarına aid olmaqla uqodiyası meşə ilə örtülü sahələr kimi göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsi İddiaçı İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə ayrılmış 34,61 hektar torpaq sahəsi ilə qismən üst-üstə düşür. X3 X4 (TEKUİS) əsasən iddiaçı tərəfindən iddia olunan 30,25 hektar torpaq sahəsinin 0,62 hektar hissəsi **********67 saylı çıxarışla X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, 0,61 hektar hissəsi isə **********66 saylı çıxarışla X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən meşə fondu torpaqlarına aid olmaqla uqodiyası meşə ilə örtülü sahələr, X3 X4 (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyət növü xüsusi, uqodiyası çoxillik əkmələr, islahat uqodiyası meşə ilə örtülü sahələr kimi göstərilmişdir. X3 X4 (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsinin üzərində 4 (dörd) ədəd qeyri-yaşayış tikilisi (ictimai iaşə binası) mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış ,həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili torpaq sahəsinin meşə fondu torpaqları kimi baza xəritəsində əksini tapmasından ibarətdir. Məhkəmə həmin dəlilə münasibətdə qeyd edir ki,təqdim edilmiş mütəxəssis rəyində həmin hal araşdırılmışdır. İddia olunan torpaq sahəsi DWG bazasına əsasən meşə fondu torpaqlarına aid olmaqla uqodiyası meşə ilə örtülü sahələr kimi göstərilmişdir. Lakin, X3 X4 (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir.İddiaçıya ayrılan torpaq sahəsinin ayrılan zaman kənd təsərrüfatına yararsız olduğu bələdiyyənin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarında da öz əksini tapmışdır. Digər tərəfdən torpaq sahəsinin meşə fonduna aid olmadığı Meşələrin İnkişafı Departamentinin 14 iyul 2017-ci il tarixli məktubuna əsasən da öz təsdiqini tapmışdır. Məhkəmə aşaöıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslıə hesab edir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Mütəxəssis rəyində qeyd olunan qismən uyğunsuzluğa münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin həcminin azaldılmasından sonra iddiaçıya ayrılan torpaq sahəsi ilə digər şəxsə ayrılan torpaq sahəsi faktiki üst-üstə düşmə halı aradan qalxmışdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Odur ki, iddiaçının faktiki istifadəsində 30,25 ha torpaq sahəsi olduğundan A seriyalı 032349 nömrəli plan-ölçü sənədinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması mümkündür. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsindən iddia olunan 29.02 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydə alaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar