Məhkəmə qərarları › İş №2-1(116)-464/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-464/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-464/2023 29.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı X10 cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının valideynləri X7 və X2 nikahlarını xx.xx.1991-ci ildə Şəki rayonu Cəyirli kənd XDS İcraiyyə Komitəsində 25 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan sonra iddiaçının anasına “Ağayeva” soyadı verilmişdir. Onların birgə nikahından 03 aprel 1994-cü ildə iddiaçı anadan olmuşdur. Bu barədə 28 aprel 1994-cü ildə doğum haqqında akt qeydləri kitabında 24 nömrə ilə müvafiq qeydiyyat aparılmış və iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra həmin doğum haqqında şəhadətnamə yararsız vəziyyətə düşdüyündən yenidən doğum haqqında şəhadətnamə verilməsi üçün iddiaçının valideynləri tərəfindən müraciət edilmiş Şəki şəhər VVAQ şöbəsi tərəfindən 20 sentyabr 1995-ci ildə XİX-ЖГ №273297 olan doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra 1996-cı ildə iddiaçı valideynləri ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Bundan sonra iddiaçı xx.xx.2005-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını almışdır. 2022-ci ildə Azərbaycan Respublikasına qayıtmış və Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün müraciət etmişdir. Vətəndaşlıq üçün zəruri olan sənədləri toplayarkən iddiaçıya məlum olmuşdur ki, Şəki Şəhər İHB-nın Cəyirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində onun adı “Yadigar” kimi qeyd edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-1292/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Şəki Şəhər İHB-nın Cəyirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində iddiaçının adı “Yadigar” kimi qeyd edilmiş və həmin tarixdə XVİİİ-JQ seriyalı 408074 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Lakin təqdim edilən doğum haqqında şəhadətnamənin verilmə tarixi xx.xx.1995-ci il, seriyası XİX-JQ, nömrəsi 273297 olmaqla adı “Rəşad" kimi qeyd edilmişdir. Beləliklə, doğum haqqında akt qeydi ilə təqdim edilən doğum haqqında şəhadətnamə arasında ziddiyyət yaranmışdır. Təqdim edilən doğum haqqında şəhadətnamə ilkin olmadığından akt qeydində düzəliş edilməsi mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-1386/13 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə münasibətini bildirmiş və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-146/2023 nömrəli məktubunda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adına düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-1386/13 nömrəli məktubuna əlavə olunmuş: 762025480 nömrəli pasportun surətindən görünür ki, iddiaçı X5 Federasiyasının vətəndaşıdır. xx.xx.1995-ci il tarixli, XİX-JQ seriyalı, 273297 nömrəli “Doğum haqqında” şəhadətnamənin ksero surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Şəki rayonunun Qozlubulaq kəndində anadan olmuş, atası X7, anası Nümayəndədır. xx.xx.1994-cü il tarixli, 24 nömrəli “Doğum haqqında” Akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1994-cü ildə Şəki rayonunun Qozlubulaq kəndində anadan olmuşdur. X4, anası Nümayəndədır. Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-3485/13 nömrəli məktubunda qeyd olunur ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydi kitabları axtarılarkən Nümayəndə xx.xx.1994-cü il tarixdə Şəki rayonunun Qozlubulaq kəndində doğulmuş oğlan uşağının doğum haqqında akt qeydində adı qrafasında adının “Rəşad” deyil, “Yadigar” kimi yazıldığı məlum olmuşdur. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 2-18-326 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı barədə Əhalinin Dövlət Reyestrinin X1 Sistemində hər hansı məlumat aşkar edilməmişdir. Məktuba əlavə olunmuş “Doğum haqqında” Akt qeydindən görünür ki, X11 xx.xx.1994-cü ildə Şəki rayonunun Qozlubulaq kəndində anadan olmuşdur. Doğumu təsdiq edən sənəd xx.xx.1994-cü il tarixli Taxılçılıq sovxozunun Doğum evi tərəfindən verilmiş tibbi şəhadətnamədir. Uşağın atası X7, anası Nümayəndədır. X17 filialının xx.xx.2022-ci il tarixli, 332 nömrəli məktubuna əlavə olunmuş: 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 109-511 nömrəli şəxsi hesabının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, 1991-1995-ci illərdə X3 təsərrüfatında xx.xx.1994-cü il təvəllüdlü nəvəsi X11 qeydiyyat olmuşdur. Müəyyən olunur ki, “Yadigar” adının üzərindən xətt çəkilmiş və qarşısına “Rəşad” yazılmışdır. 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 108 nömrəli şəxsi hesabının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, 1996-2000-ci illərdə X3 təsərrüfatında xx.xx.1994-cü il təvəllüdlü nəvəsi İddiaçı qeydiyyat olmuşdur. Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/7-13-428/2023 nömrəli məktubuna əkavə olunmuş xx.xx.1992-ci il tarixli, 16 nömrəli “Doğum haqqında” Akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1992-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində anadan olmuşdur. X4, anası Nümayəndədır. Məhkəmə hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı doğum akt qeydində Yadigar olaraq qeyd edilmiş, iddiaçının şəxsiyyət vəsiqəsi mövcud olmamışdır. Rusiya Federasiyasının vətəndaşı kimi iddiaçıda mövcud olan sənədlərdə adı Rəşad olaraq qeyd olunmuşdur. Cavabdeh, öz növbəsində, imtinada bildirmişdir ki, aparılmış araşdırma zamanı Şəki ŞİH başçısının Cəyirli kənd inzibati əraiz dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar” kimi qeyd edildiyi və həmin tarixdə XVİİİ-JQ seriyalı 408074 nömrəli doğum haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. Sonradan iddiaçının adı XİX-JQ 273297 nömrəli doğum haqqında şəhadətnamədə Rəşad olaraq göstərilmişdir. Məhkəmə araşdırması ilə iddiaçının adının Yadigardan Rəşada dəyişdirilməsi və ya bunu təsdiq edən hər-hansı qərar, yaxud inzibati akt aşkar edilməmişdir. Eyni zamanda, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı deyildir. İlkin sənəd qismində məhz doğum haqqında akt qeydi çıxış etdiyindən və iddiaçıya münasibətdə ilkin olaraq XVİİİ-JQ seriyalı 408074 nömrəli doğum haqqında şəhadətnamə verildiyi müəyyən olunduğundan, sonradan isə doğum haqqında akt qeydi və ya şəhadətnaməyə düzəliş edilməsini təsdiq edən sənədlər aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbində göstərilən şəkildə düzəlişin edilməsi mümkün deyildir. Belə ki, qanunvericiliyin tələblərində ilkin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X10 cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar