Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-464/2024 23.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab şəhəri, H.Əliyev prospektində yerləşən X2 məxsus sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuş 0.00672 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zərdab şəhəri, H.Əliyev prospektində yerləşən X2 məxsus sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuş 0.00672 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alması və çıxarışın sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2688/2023 nömrəli qərardadı ilə Zərdab Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı Zərdab Bələdiyyəsinin 25 iyul 2007-cı il tarixli 06 saylı qərarının 2-ci bəndinə əsasən şəhərin 13-cu məhəlləsindən H Əliyev prospekti istiqamətindən R.Qarayevə məxsus mağazanın cənub qərb istiqamətində olan boş və istifadəsiz ərazinin Zərdab şəhər sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 67.2 kvadrat metr torpaq sahəsi ona satılmış,sözügedən qərara əsasən 27 iyul 2007-ci il tarixdə Zərdab Bələdiyyəsi ilə iddiaçı ilə arasında Torpaqların alqı-satqısına dair Akt bağlanmışdır. Aktda qeyd olunduğu kimi bunun müqabilində Zərdab Bələdiyyəsinin ********* saylı hesabına 68.0 (altmış səkkiz) manat (15 aprel 2009-cu il tarixli qəbz) rüsum ödəmişdir. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş,cavabdeh xx.xx.2023-cü il tarixdə imtina məktubu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı Zərdab şəhəri, H. Əliyev prospektində yerləşən 0.00672 ha sahibkarlıq torpaq sahəsinin ayrilması ilə bağlı Zərdab bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 aylı qərarı, Zərdab bələdiyyəsi və ləğv edilmiş DTXK -nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2007-cı il tarixli 09 nömrəli torpaqların alqı-satqısına dair aktın arxiv əsası təqdim edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən təqdim edilən sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırdı Zərdab rayon Arxivinə sorğu verilmişdir. Zərdab rayon Arxivi sorğuya cavab olaraq Zərdab bələdiyyəsinin və ləğv edilmiş DTXK -nin Zərdab rayon şöbəsinin sənədləri Arxivə təhvil verilmədiyi bildirmişdir. Bu səbəbdəndə ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Zərdab Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı iclas protokolundan görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 67.2 kv.m torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Zərdab Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı Zərdab Bələdiyyəsi ərazisindən 67.2 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Zərdab RİH-nın xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinin satılmasına etiraz edilməmişdir.
5. İddiaçının təqdim etdiyi xx.xx.2009-cu il tarixli ödəniş qəbzindən görünür ki, torpağın dəyəri Zərdab Bələdiyyəsinin hesabına ödənilmişdir.
6. Zərdab Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylə Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4964/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X2 Zərdab bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış 0.00672 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaqaynma sxemində sözügedən torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün 0.00672 ha torpaq sahəsinin uqodiyast, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti müəyyən etmək mümkün olmadı.Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi üzərində sahibkarlıq obyekti mövcud olan 0.0090 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla Zərdab bələdiyyəsinin mülkiyyətinə aid torpaqlara aiddir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Zərdab bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə 67.2 kv.metr torpaq sahəsi ayrılmış,həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2009-cu il tarixli ödəniş qəbzinə əsasən Zərdab Bələdiyyəsinin hesabına ödənilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi iddiaçıya Zərdab bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış ,həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsinin ayrılması barədə sənədlərin arxiv nüsxəsinin təqdim edilməməsi ilə bağlıdır. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Verilmiş sorğuya cavab olaraq Zərdab Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilən sənədlərdən görünür ki,iddia olunan torpaq sahəsi Zərdab bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıya ayrılmış,müvafiq inzibati icraat çərçivəsində yerquruluşu planı tətib edilmiş,DTXK-nin rayon şöbəsinin,eləcə də Zərdab RİH-in rəyləri nəzərə alınmaqla iddia olunan torpaq sahəsi iddiaçıya satılmışdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Zərdab bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı saylı iclasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş 67.2 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlarla üst-üstə düşmə halı mütəxəssis tərəfindən aşkar olunmadı. Odur ki, həmin torpaq sahəsinə tərtib ediləcək texniki sənəd hazırkı istifadəyə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab Bələdiyyəsinin 25 iyul 2007-cı il tarixli 06 saylı qərarına əsasən iddiaçıya ayrılmış, Zərdab şəhəri H.Əliyev prospektində yerləşən 67,2 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə