Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-465/2021 30.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a mənzil 2-də yerləşən **********52-05101-091001 reyestr nömrəsi olan texniki pasportda və çıxarışda qeyd olunmuş mənzilə dair kirayə müqaviləsinin bağlanmış hesab edilməklə, həmin mənzilin özəlləşdirilərək onun mülkiyyəti kimi qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1937-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuş və hazırda Zaqatala şəhəri S.Qazıyeva küçəsi ev 19-da yaşayış yeri üzrə qeydiyyatdadır. Zaqatala Rayon Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında xx.xx.2018-ci ildə "Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilə" bağlanmış, həmin müqaviləyə əsasən, Zaqatala şəhəri Sabir küçəsi 45a nömrəli evin 2 nömrəli mənzilində 10,5 kv.m yaşayış sahəsi müddətsiz istifadə üçün iddiaçıya verilmişdir. Göstərilən mənzil hazırda Zaqatala Rayon Mənzil İstismar İdarəsinin balansındadır. İddiaçı İmamova X3 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a mənzil 2-də yaşayış sahəsinə kirayəçi kimi tanınmasına razılıq verilməsini xahiş etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında mənzil komissiyasının xx.xx.2018-ci il tarixli 8 nömrəli qərarı ilə İddiaçı yaşadığı Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a, 2 nömrəli 1 otaqlı mənzilin 10,5 kv.m sahəsi üçün kirayə müqaviləsi üzrə kirayəçi hesab edilməsinə razılıq verilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 127 nömrəli sərəncamına əsasən, İddiaçı Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a, 2 nömrəli 1 otaqlı mənzilin 10,5 kv.m yaşayış sahəsi üzrə kirayəçi hesab edilməsi qərara alınmış və Mənzil İstismar İdarəsinin rəhbərliyinə İddiaçı ilə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması tapşırılmışdır. Bundan sonra xx.xx.2020-ci ildə DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala şəhəri M.Ə.Sabir küçəsi 45a nömrəli evin 2 nömrəli mənzili ilə bağlı "Daşınmaz əmlakın texniki pasportu" tərtib edilmişdir. Daha sonra xx.xx.2020-ci ildə Zaqatala şəhəri X5 küçəsi 45a mənzil 2-yə Zaqatala Rayon İcra Hakimiyyətinin hüququnun İddiaçı istifadə hüququ ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin mənzilə dair dövlət reyestrində aparılmış qeydiyyatda istifadə hüququnun dəyişdirilərək mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********56 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin mənzil Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən (xx.xx.2009-cu ildən) sonra xx.xx.2018-ci ildə verildiyinə görə "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən mənzilin iddiaçının mülkiyyətinə verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, o, 1999-cu ildən həmin mənzildə yaşayır. Ona görə də Mənzil Məcəlləsinə əsasən deyil, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin mənzilə kirayə müqaviləsi bağlanmış hesab edilməli və onun adına özəlləşdirilməlidir. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şifahi məhkəmə baxışı xx.xx.2021-ci ilə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbini bildirməmişdir. Cavabdeh isə xx.xx.2021-ci il tarixli məktubunda onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 9/233 nömrəli məktubunda deyilir ki, Zaqatala şəhəri M.Ə.Sabir küçəsi 45a nömrəli evin 2 nömrəli mənzili Zaqatala Rayon Mənzil İstismar İdarəsinin balansındadır, istifadə məqsədlərinə görə yaşayış təyinatlı mənzillərə aiddir. - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyətinin Zaqatala Rayon Mənzil İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli 11 nömrəli məktubundan görünür ki, RİH-in şifahi göstərişinə əsasən, İddiaçı 1999-cu ildə Zaqatala şəhəri M.Ə.Sabir küçəsi 45a nömrəli evin 2 nömrəli mənzilinə yerləşdirilmişdir. - İşdə olan, Zaqatala Rayon Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli "Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilə"dən görünür ki, həmin müqaviləyə əsasən, Zaqatala şəhəri Sabir küçəsi 45a nömrəli evin 2 nömrəli mənzilində 10,5 kv.m yaşayış sahəsi müddətsiz istifadə üçün iddiaçıya verilmişdir. - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında mənzil komissiyasının xx.xx.2018-ci il tarixli 8 nömrəli qərarından görünür ki, iddiaçı İmamova X3 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a mənzil 2-də yaşayış sahəsinə kirayəçi kimi tanınmasına razılıq verilməsini xahiş etmiş və komissiya İddiaçı həmin mənzilin 10,5 kv.m sahəsi üçün kirayə müqaviləsi üzrə kirayəçi hesab edilməsinə razılıq verilmişdir. - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 127 nömrəli sərəncamından görünür ki, İddiaçı Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a, 2 nömrəli 1 otaqlı mənzilin 10,5 kv.m yaşayış sahəsi üzrə kirayəçi hesab edilməsi qərara alınmış və Mənzil İstismar İdarəsinin rəhbərliyinə İddiaçı ilə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması tapşırılmışdır. - İşdə olan, xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"ndan görünür ki, həmin sənəd DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala şəhəri M.Ə.Sabir küçəsi 45a nömrəli evin 2 nömrəli mənzili ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala şəhəri X5 küçəsi 45a mənzil 2-yə Zaqatala Rayon İcra Hakimiyyətinin hüququnun İddiaçı istifadə hüququ ilə yüklülüyü xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununun 1-ci maddəsində deyilir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Bundan başqa, xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsində deyilir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsində isə deyilir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsində deyilir ki, bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" xx.xx.1993-cü il tarixli Qanun dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərə onların yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vermişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi isə həmin Qanuna əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququnu xx.xx.2009-cu ilədək əldə etmiş şəxslərin bu hüququnu saxlamışdır. Eyni zamanda, Mənzil Məcəlləsi müəyyən etmişdir ki, xx.xx.2009-cu ildən sonra vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələri həmin Qanun əsasında özəlləşdirilə bilməz. İşdən görünür ki, Zaqatala Rayon Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında "Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilə" xx.xx.2018-ci ildə bağlanmış, iddiaçının həmin mənzil üzrə kirayəçi hesab edilməsi barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2018-ci ildə verilmişdir. Mənzilin 1999-cu ildə iddiaçının faktiki istifadəsinə verilməsi barədə Zaqatala Rayon Mənzil İstismar İdarəsinin arayışına gəldikdə isə, məhkəmə qeyd edir ki, bu arayış mənzilin iddiaçının adına özəlləşdirilməsinə əsas vermir. Belə ki, xx.xx.2009cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Digər tərəfdən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunun 8-ci maddəsində də mənzilin vətəndaşın mülkiyyətinə verilməsi üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (xx.xx.2009-cu ilədək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Deməli, mənzil 1999-cu ildə iddiaçıya verilmişdirsə, bu hal qanunvericiliyin tələb etdiyi və yuxarıda sadalanan sənədlərlə rəsmiləşdirilməli idi. Həmin sənədlər olmadığı halda isə, İddiaçı 1999-cu ildə mübahisəli mənzilə köçürülməsi barədə Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə yazılmış xx.xx.2021-ci il tarixli 11 nömrəli məktubunun hazırkı mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə əsas verən sənəd kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə, dövlət mənzil fondunda olan Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a-da yerləşən 2 nömrəli mənzil İddiaçı istifadəsinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu ildən sonra verildiyinə görə həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının həmin mənzili "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" xx.xx.1993-cü il tarixli Qanunu əsasında əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ yoxdur. Eyni hüquqi mövqe analoji inzibati işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının aşağıdakı qərarlarında da ifadə edilmişdir: 2-1(102)-211/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-606/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-636/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı mənzilin özəlləşdirilərək onun mülkiyyəti kimi qeydiyyata alınmasını və çıxarışla rəsmiləşdirilməsini tələb etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala şəhəri M.Ə.Sabir küçəsi ev 45a mənzil 2-də yerləşən **********52-05101-091001 reyestr nömrəsi olan texniki pasportda və çıxarışda qeyd olunmuş mənzilə dair kirayə müqaviləsinin bağlanmış hesab edilməklə, həmin mənzilin özəlləşdirilərək onun mülkiyyəti kimi qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-465/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-465/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver