Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-467/2022 06.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı ASC-nin Oğuz Aqrartikinti Filialının cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən, qeyri - yaşayış binasına Azəraqrartikinti ASC-nin Oğuz Aqrartikinti Filialının mülkiyyət huququnu qeydiyyata alaraq Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı ASC-nin Oğuz Aqrartikinti Filialı Filialı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanda yerləşən, qeyri - yaşayış binasına Azəraqrartikinti ASC-nin Oğuz Aqrartikinti Filialının mülkiyyət huququnu qeydiyyata alaraq Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 25.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin hüquqi yardım məktubu 01.02.2022-ci il tarixdə poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı ASC-nin Oğuz Aqrartikinti Filialı hüquqi şəxs olmadığından mülkiyyətində ayrıca əmlakı ola bilməz. Yəni, qanunvericiliyin tələbinə əsasən, hüquqi şəxs daşınmaz əmlaka mülkiyyət hüququnun subyekti (MM 153.1m) olduğundan, müvafiq hüququn filialın adına qeydə alınması mümkün deyildir. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunvericilik, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etməni və həyata keçirməni, vəzifələr daşımanı, məhkəmədə iddiaçı qismində iştirakı və digər hüquqları hüquqi şəxsin malik olduğu hüquqlar olaraq təsbit etmişdir. Hazırki vəziyyətdə isə filial hüquqi şəxs olmadığı üçün daşınmaz əmlak üzərində filialın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması yolverilməzdir. Bu isə o deməkdir ki, İddiaçı ASC-nin Oğuz Aqrartikinti Filialının hazırkı iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur, buna görə də cavabdeh orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hər hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Oğuz Aqrartikinti Filialının cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən, qeyri - yaşayış binasına Azəraqrartikinti ASC-nin Oğuz Aqrartikinti Filialının mülkiyyət huququnu qeydiyyata alaraq Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-467/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-467/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver