Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-468/2022 11.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X11 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin 100 %-i mühafizə zolağına düşdüyü və orada inşa etdiyi yaşayış evinin qanunsuz olduğu üçün iddiaçıya evin tikintisinə görə 60.000 AZN, torpaq sahəsinə görə 25.000 AZN maddi və 15.000 AZN mənəvi ziyanın cavabdehdən tutulub ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin 100 %-i mühafizə zolağına düşdüyü və orada inşa etdiyi yaşayış evinin qanunsuz olduğu üçün iddiaçıya evin tikintisinə görə 60.000 AZN, torpaq sahəsinə görə 25.000 AZN maddi və 15.000 AZN mənəvi ziyanın cavabdehdən tutulub ödənilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2004-cü il tarixdə Cavabdeh 293 saylı sərəncamı ilə Mingəçevir şəhərində 0,05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmışdır. R.Süleymanov 2014-cü ildə həmin torpaq sahəsini X2, xx.xx.2015-ci ildə Ş.İsmayılovanın həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilmişdir. Bundan sonra Ş.İsmayılova xx.xx.2017-ci ildə həmin torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı 2017-ci ildə həmin torpaq sahəsində ümumi sahəsi 132,3 kv.m (tikinti sahəsi 172 kv.m) olan yaşayış evi inşa etmişdir. xx.xx.2018-ci ildə iddiaçı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını Daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və dövlət reyestrindən çıxarış almışdır. xx.xx.2021-ci ildə “SOCAR”ın iddiaçıya göndərdiyi məktubda bildirilmişdir ki, iddiaçının torpaq sahəsinin 323 kv.m hissəsi “SOCAR”ın “Qaz ixrac” idarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin istismarında olan “Mingəçevir QPS Az.İES 1-ci xətt” yüksəkli qaz kəmərindən 6-13 metr, “Mingəçevir QPS Az.İES 2-ci xətt” yüksəkli qaz kəmərindən 38-44 metr mühafizə zonasının daxilindədir. xx.xx.2021-ci ildə "xxxx" ASC tərəfindən iddiaçıya məktub ünvanlanmışdır. Məktubda qeyd olunmuşdur ki, fərdi yaşayış evinin tikinti və həyətyanı sahəsində "xxxx" ASC-nin istismarında olan ərazidə yerləşən yaşayış binaları, fərdi yaşayış evləri və qeyriyaşayış obyektlərində formalaşan təsərrüfat-məişət tullantı sularının kənarlaşdırılması üçün mühüm əhəmiyyətli d500 mm dəmir-beton kanalizasiya xətti mövcuddur. Məktubda həmçinin bildirilir ki, fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Dövlət Tikinti Normalarının tələbləri nəzərə alınmamışdır. xx.xx.2021-ci ildə "xxxx" ASC “X7 şəbəkəsi” MMC tərəfindən iddiaçıya ünvanlanmış məktubda evin və həyətyanı torpaq sahəsinin MMC-nin balansında olan 110 kv-luq 1-ci Gəncə h/x-nin 30-31 saylı dayaqları arasında sağ kənar məftildən 9 metr məsafədə xəttin mühafizə zonasında yerləşdiyini bildirmiş, həmçinin əlavə olaraq bildirilmişdir ki, 110 kv-luq 1-ci Gəncə h/x-i 1954-cü ildə tikilib istifadəyə verilmiş və xəttin mühafizə zonası kənar məftildən 20 metr məsafədə yerləşir. Həmçinin "xxxx" ASC “Mərkəzi-Aran” Regional Təhçizatı və Satışı İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubda isə torpaq sahəsinin 6 kv-luq DBM (X14) hava xəttinin KOS budaqlanması torpaq sahəsinin 1 dayağı 1 metrlik, digər dayağı 4 metrlik məsafədən keçir. Həmçinin həmin xəttin 1980-cı ilin əvvəllərində çəkildiyi və torpaq sahəsinin mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamı qanunsuz əlverişli aktdır. Bu aktdan yaranan hüquqular Ramiz Süleymanova aid olsa da, həmin torpaq sahəsi son olaraq iddiaçı tərəfindən əldə edildiyi üçün hüquqlar iddiaçıya keçmişdir. İddiaçı cavabdehə müraciət edərək müvafiq sərəncamla ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli 1847 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətidə istinad edilən torpaq sahəsinin ayrılması haqqında Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamı şəhər ərazisində vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi haqqındadır. Yəni, bu sərəncamla heç bir fiziki şəxsə torpaq sahəsi ayrılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış və yaşayış məntəqələrinin torpaqlarından fərdi yaşayış evi üçün müvafiq çıxarış (Seriya RX №1041206, qeydiyyat № ********** xx.xx.2017-ci il) verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını Dövlət Reyestrində qeydiyyata almamışdan əvvəl (yəni, 2015-ci və 2017-ci illərdə) əraziyə yerində baxış keçirərək həmin ərazidəki kommunikasiya xətləri barədə müayinə aktı tərtib etmiş və sahənin mülkiyyətə verilməsinə əngəl ola biləcək halları nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə fiziki və ya hüquqi şəxsə hər hansı bir əngəl nəticəsində vurulmuş real ziyanın əvəzinin ödənilməsi nəzərdə tutulur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin mühafizə zolağına düşməsi ilə ona hər hansı maddi, eləcə də mənəvi ziyan vurulmamışdır. Odur ki, iddiaçıya hər hansı bir kompensasiyanın ödənilməsi üçün əsas yoxdur. Cavabdeh xx.xx.2021-ci il tarixli 2119 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi tamamilə əsassızdır. İddiaçı göstərir ki, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə vətəndaş X4 0,05 ha (484 kv.metr) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Sonra R.Süleymanov həmin torpaq sahəsini X2, daha sonra iddiaçı həmin torpaq sahəsini Ş.İsmayılovadan almışdır. Cavabdeh bildirmişdir ki, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə heç bir şəxsə fərdi yaşayış evinin tikintisi yaxud başqa məqsədlər üçün torpaq sahəsi ayrılmamışdır. Həmin sərəncamda göstərilmişdir:
1. Aparatın Memarlıq və Tikinti şöbəsinə tapşırılsın ki, şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyinin təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ilə birlikdə araşdırılmasını təmin etsin.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunsun ki, qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsini təmin etsin.
3. Aparatın Memarlıq və Tikinti şöbəsinə tapşırılsın ki, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflər versin.
4. Aparatın Memarlıq və Tikinti şöbəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə tapşırılsın ki, şəhər Bələdiyyəsi və hüquq mühafizə orqanları ilə birlikdə sənədləşdirilməsi məqsədəuyğun hesab edilməyən torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılmasını təmin etsinlər. Göründüyü kimi sərəncam verilən tarixə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin qanuniliyini təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları ilə araşdırılmasını təmin etmək və DTXK tərəfindən qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin verilməsinin təmin edilməsi məqsədi daşımışdır. Bu hal iddia ərizəsində göstərilən şəxsin yəni, X3 torpaq sahəsinə mülkiyyət hüququ verən sənədləri qeyri-qanuni yolla əldə etdiyinə dəlalət edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vətəndaşın adına torpaq sahəsinə mülkiyyət hüququ verən çıxarış tərtib etməzdən əvvəl torpaqayırma sənədində göstərilən sahənin naturada, yəni yerində baxışını keçirərək və həmin ərazidən hər hansı kommunikasiya xətlərinin keçib-keçməməsini müəyyənləşdirərək çıxarış verilməsi barədə qərar qəbul edir. İddiaçı iddia ərizəsində (bənd 13) etiraf edir ki, qeyd olunan ərazidə hər hansı həyətyanı torpaq sahəsi olmayıb. Həmin torpaq sahəsində evi ilk dəfə o inşa etdirib. Onun bu etirafı X3 həmin torpaq sahəsinə aldığı ilkin sənədlərin mötəbərliyini şübhə altına alır, çünki şəhər İcra Hakimiyyəti başçısının 293 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamın 2ci bəndində DTXK-dən xahiş olunur ki, DTXK qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsini təmin etsin. Deməli, vətəndaş X4 DTXK-dən verilmiş “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamənin mötəbərliyi şübhəlidir. Vətəndaşlara qanuni istifadələrində olan torpaq sahələrinə mülkiyyət hüququ verən şəhadətnamələri İcra Hakimiyyəti deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi vermişdir. Deməli, iddia da şəhər İcra Hakimiyyətinə qarşı qaldırılmalı deyil. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçıya hər hansı bir maddi ziyan vurulmamışdır. O isə ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb edir. Göründüyü kimi İddiaçı ona gələcəkdə vurula biləcək ziyanın əvəzinin ödənilməsini tələb edir və həmin ziyanın həcmini də özü müəyyən edir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-468/2022 nömrəli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-468/2022 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi, "xxxx" ASC Birləşmiş Sukanal MMC Mingəçevir Sukanal İdarəsi, “SOCAR” ARDNŞ, "xxxx" ASC “X7 Şəbəkəsi” MMC, "xxxx" ASC “Mərkəzi-Aran” X12 və Satışı İdarəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması barədə vəsatəti təmin edilməmiş, “SOCAR”ın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 “SOCAR”ın Qaz İxrac İdarəsinin üçüncü şəxs qismində cəlb olunma barədə vəsatəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(116)-468/2022 nömrəli qərardadı ləğv edilmiş, üçüncü şəxs "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. İşdə olan Mingəçevir ŞİH başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyinin təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ilə birlikdə araşdırılmasının, həmçinin qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN-2001A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir ŞİH-nin xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 0,05 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İşdə olan ******* nömrəli xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X5 0,0484 ha torpaq sahəsini X1. 0615780 nömrəli xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X8 0,0484 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan 17 saylı Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib olunmuş A seriyalı 170001 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən, həmçinin xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0,0484 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, 0,0484 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 132,2 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi və ya belə bir zərərin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Belə ki, iddiaçının hər-hansı hüququnun pozulduğu iş materialları ilə öz təsdiqini tapmır, iddiaçı yalnız ehtimal olunan hüquq pozuntusu və ya ona zərər vurulması təhlükəsinə qarşı hazırkı iddia ilə qabaqlayıcı tədbir qismində məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusuna yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimetmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması sübut olunmur. İddiaçı yalnız ehtimallardan çıxış edərək, ona daha dəyməmiş zərərə görə kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı ona mənəvi ziyan dəyməsi halını da sübut edə bilməmişdir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar müəlliflik, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iş üzrə iddiaçıya münasibətdə cavabdeh tərəfindən onun maraqlarının pozulmasına səbəb olan və ona dəymiş maddi zərərin ödənilməsinə cavabdehin müvafiq sərəncamının səbəb olması sübut olunmadığı kimi, mənəvi zərərin vurulması da sübuta yetirilməmişdir. Həmçinin məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli məktubu ilə AR İPM-in 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya iddianın mümkünlüyü ilə bağlı tələblər izah edilmiş, məhkəmənin məktubuna cavab olaraq iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizə ilə pozulmuş hüquqlarının əsaslandırılması ilə bağlı izahlar yazılı şəkildə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.1, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.(5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iddiaçının hazırkı mərhələdə cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna dair əsaslar öz təsdiqini tapmır. İddiaçı hər-hansı pozuntunun gələcəkdə baş verməsi ehtimalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu isə iddianın mümkünlük şərtlərinə cavab vermədiyini ifadə edir. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin 100 %-i mühafizə zolağına düşdüyü və orada inşa etdiyi yaşayış evinin qanunsuz olduğu üçün iddiaçıya evin tikintisinə görə 60.000 AZN, torpaq sahəsinə görə 25.000 AZN maddi və 15.000 AZN mənəvi ziyanın cavabdehdən tutulub ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərardad onun rəsmi təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.