Məhkəmə qərarları › İş №2-1(116)-468/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-468/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-468/2025 12.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X3 Filialına qarşı “iddiaçıya vurulmuş 5000 manat maddi və 10000 manat mənəvi zərər olmaqla, cəmi 15000 (on beş min) manat məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş iddiaçıya vurulmuş 5000 manat maddi və 10000 manat mənəvi zərər olmaqla, cəmi 15000 (on beş min) manat məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyətinə ondan ibarətdir ki, iddiaçı xx xxxx 1956-cı il təvəllüd olmaqla 11 iyun 2021-cı ildə pensiya yaşına çatmışdır.Həmin vaxtdan yaşaya görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X3 Filialına rəsmi müraciətindən sonra sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı səbəb göstərilərək ona yaşa görə sosial pensiya təyin edilməmişdir. İddiaçı pensiya hüququnun ciddi şəkildə pozulduğunu hesaba edərək cavabdehə qarşı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.İddiaçıya məhkəmə qərarı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki,cavabdeh mövcud sənədlərini nəzərə almamış, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina verməklə ona maddi və mənəvi iztirablar vermiş, aylarla məhkəmə instansiyalarında olmaqla əsəb sarsıntısı keçirmiş, nəhayət iddiası tam təmin olunmaqla ona qarşı olan ədalətsizlik aradan qalxmış, ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, cavabdeh qəsdən inzibati məhkəmə qərarından, apellyasiya və kassasiya şikayətləri verərək onu məhkəmə yollarında əzab çəkməyə vadar etmişdir. Belə ki, hər üç məhkəmə instansiyası onun haqlı olduğunu təsdiq etmişdir. Lakin o, keçirtdiyi sarsıntılardan, əzabdan ankoloji xəstəliyə tutlmuşdur. Xəstəliyi ilə əlaqədar ona 2-ci qrup əlillik təyin edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iş üzrə iddia ərizəsi inzibati prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla verilmədiyindən mümkün sayılmamalıdır.Belə ki, iddiaçı müvafiq tələblə Mərkəzi Filiala müraciət etmiş və tələbi əsaslı olmadığından ona imtina cavabı verilmişdir. Mərkəzi Filialın 17 may 2024-cü il tarixli 3-17-1/2-B-117752/2024 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən xx.xx.2021 -ci il tarixdən (əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 337,77 manat olmaqla davam etdirilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilməmişdir. Digər tərəfdən cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Həmçinin, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan aşağıdaki sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixi imtina cavabı;

2. İddiaçının Xəstəlik tarixindən çıxarışlar;

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu.

4. Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-1361/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı.

5. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-407/2022 saylı,xx.xx.2022-ci il tarixli Qərarı.

6. Ali Məhkəməsinin 2-1(102)-856/2023 saylı,xx.xx.2023-cü il tarixli Qərarı.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X3 Filialının xx.xx.2022-ci il tarixli məktubu;

8. Cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin,iddia tələbi mahiyyət etibarilə əsaslı deyildir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 15000 (on beş min) manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.İddiaçı onda yaranmış xəstəliyin cavabdehin qanunsuz hərərətləri nəticəsində yarandığını hesab edir. İddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir:

1. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 5000 manat məbləğində maddi zərərin ödənilməsi,

2. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi. İddia tələbinin 5000 manat maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilir ki, İddiaçı ilkin olaraq cavabdeh orqana xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının 22 il 11 ay 2 gün sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olmasını, əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1976-cı illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmasını, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 33 saylı məktubuna əsasən “Cavanşir” adına kolxozun 1950-1975-ci illər üzrə əmək haqqının hesablaşma kitablarında iddiaçının adının qeyd olunmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh orqan arasında yaranan mübahisə məhkəmə qərarı ilə başa çatmış və cavabdeh orqanın üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulmuşdur.Həmin Qərarın icrası cavabdeh tərəfindən iddiaçının hüququnun yarandığı andan yaşa görə əmək pensiyasının hesablanması və ödənilməsi həyata keçirilməklə təmin edilməkdədir. Belə ki, iş materialarından görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən xx.xx.2021 -ci il tarixdən (əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 337,77 manat olmaqla davam etdirilir. İddiaçı pozulmuş hüququnu bərpa etmək üçün hansı xərcləri çəkdiyini və ya çəkməli olduğunu, hansı əmlakından mərhum olmasını və ya əmlakının zədələnməsi (real zərər), həmçinin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində hansı gəlirlər (əldən çıxmış fayda) əldə edəcəyi barəsində heç bir dəlil təqdim etməmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan xüsusatlar iddiaçının maddi zərərlə bağlı hər hansı məhdudiyyətinə səbəb olmamışdır. İddiaçı, mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində xəsətliyə tutulması ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə hesab edir ki,mənəvi zərərlə bağlı üç əsas nüansa diqqət yetirmək lazımdır :

1. Qanunsuz hərəkət və hərəkətsizlik;

2. Zərərin mövcudluğu;

3. Səbəb-nəticə əlaqəsi. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı yaşa görə əmək pensiyası tələbi ilə cavabdehə 2022-ci ilin may ayında müraciət etmişdir.İddiaçının xəstəlik tarixçəsindən çıxarışdan isə onun 2022-ci ilin noyabr ayında sağlamlıq vəziyyəti ilə bağlı onda yaranmış narahartlıqla bağlı MOM-ə müraciət etmiş,son bir ay ərzində səhhətindəki dəyişikliyi qeyd edilmişdir. İddiaçının səhhətində yaranan dəyişiklik onun yaşa görə əmək pensiyası tələbi ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi vaxtdan əvvəl mövcud olmuşdur.Yəni,burada xəstəliyin cavabdehin hərəkətləri ilə müddət uyğunsuzluğundan səbəbli əlaqəsi də mövcud deyildir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Hazırki mübahisə isə cavabdeh orqanın bu hərəkətləri səbəbi ilə ötən bu müddət ərzində iddiaçının maddi və mənəvi zərərə məruz qalmasıyla bağlıdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatda cavabdeh orqanın ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərək və daha sonra inzibati məhkəmə qərarından qəsdən, apellyasiya və kassasiya şikayətləri verərək onu məhkəmə yollarında əzab çəkməyə vadar etdiyini , maddi və mənəvi iztirablar verdiyini, aylarla məhkəmə instansiyalarında olmaqla əsəb sarsıntısı keçirdiyini qeyd edir. İddiaçı hər üç məhkəmə instansiyasının onun haqlı olduğunu təsdiq etməyinə baxmayaraq bu müddət ərzndə keçirtdiyi sarsıntılardan və əzabdan onkoloji xəstəliyə tutulduğunu və xəstəliyi ilə əlaqədar ona 2-ci qrup əlillik təyin edildiyini iddia edir. İddia tələbinin “10 000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə” münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı, mənəvi ziyanla bağlı tələbini onu məhkəmə yollarında əzab çəkməyə vadar etdiyini , maddi və mənəvi iztirablar verdiyini, bu müddət ərzndə keçirtdiyi sarsıntılardan və əzabdan onkoloji xəstəliyə tutulduğunu və xəstəliyi ilə əlaqədar ona 2-ci qrup əlillik təyin edilməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İddiaçı, tələbində 10 000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz həmin məbləğdə ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının əlilliyi ilə bağlı mənəvi ziyan tələb etməkdə haqlı olması üçün həmin xəstəliklə cavabdehin hərəkətləri arasında səbəb-nəticə əlaqəsini isbat etmək lazımdır. Hazırki iş materiallarından da göründüyü kimi bu əlaqə aşkar edilməmişdir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə həmin tələbin də əsassız olması qənaətinə gəlir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X3 Filialına qarşı “iddiaçıya vurulmuş 5000 manat maddi və 10000 manat mənəvi zərər olmaqla, cəmi 15000 (on beş min) manat məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar