Məhkəmə qərarları › İş №2-1(116)-469/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-469/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-469/2022 10.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun olmaması səbəbindən iddiaçının adında olan borcun Azərbaycan Kredit Bürosu Fondu tərəfindən silinməsi və MKR-in sıfırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, kredit borcunun olmaması səbəbindən adında olan borcun Azərbaycan Kredit Bürosu Fondu tərəfindən silinməsi və MKR-in sıfırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi 11.11.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 04.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçının ümumilikdə 9.573,20 manat borcu yaranmışdır. Ləğv prosesində olan Cavabdehanətlərin Sığortalanması Fondu Qəbələ Rayon Məhkəməsinə 13.01.2021-ci il tarixdə kredit borcunun qaytarılması tələbi ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(025)-466/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı bildirir ki, qətnamə Ləğv prosesində olan Cavabdehanətlərin Sığortalanması Fonduna 05.05.2021-ci il tarixdə təqdim edilməsinə bamayaraq, onun adında olan kredit borcunun silinməsi və MKR-in sıfırlanması məsələsi həll edilmir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh isə 11.10.2021-ci il tarixli məktubunda bildirmişdir ki, Fond tərəfindən kredit borcunun ödənilməsi tələbi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət olunsa da, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin qərarında Fondun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Məhkəmənin 19.11.2021-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən iddia tələbinə münasibət olaraq 17.12.2021-ci il tarixli vəsatət məhkəməyə təqdim edilmişdir. Cavabdeh vəsatətində qeyd etmişdir ki, iş üzrə mübahisə predmeti vaxtı ilə "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış müqavilə münasibətlərindən yaranan məsələdir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı müqavilə tərəfləri arasındakı münasibətlər və ondan yarana biləcək mübahisələr öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli olub xüsusi hüquq sahəsinə aiddir və inzibati məhkəmə icraatının predmeti hesab olunmur. Bu səbəblə də hazırkı iddia tələbindəki xüsusatlar mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəmələrdə mübahisələndirilməlidir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin (“İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 21.01.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iş üzrə tərəflər mülki hüquq münasibətlərində olduqlarından iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı hazırkı tələb üzrə ərazi aidiyyəti qaydaları nəzərə alınmaqla ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) iddia qaldırmaq hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya məhkəmə tərəfindən yardım məktubunun məzmunu yenidən elan edilmiş və qanunvericiliyin tələbləri izah olunmuşdur. İddiaçı məhkəmənin yardımının və qanunvericiliyin tələblərinin ona aydın olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, tərəfləri dinlədikdən sonra aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (5.2). Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır (14). İddia ərizəsindən də göründüyü kimi, iddia tələbi mülki hüquqi xarakter daşımaqdadır. Belə ki, hazırkı iddia tələbi tərəflər arasında xüsusi hüququn subyekti qismində bağlanmış mülki hüquqi əqdə, yəni borc müqaviləsinə əsaslanır. İş üzrə cavabdehin ümumi hüquqdan irəli gələn səlahiyyətlərdən çıxış edərək inzibati akt qəbul etmək imkanına malik olmaqla, publik hüquq münasibətlərində iştirak etməsinə baxmayaraq, iddiaçı ilə cavabdeh arasında yaranmış olan mübahisənin predmeti birbaşa olaraq xüsusi hüquqi tənzimetmənin təsiri altına düşür. Belə olan halda cavabdeh ümumi hüququn subyekti kimi deyil, xüsusi hüquq subyekti qismində iddiaçının əqd bağlamaqla əvvəllər daxil olduğu münasibətin tərəfinə çevrilir. Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi məqsədilə müvafiq tələblə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun olmaması səbəbindən iddiaçının adında olan borcun Azərbaycan Kredit Bürosu Fondu tərəfindən silinməsi və MKR-in sıfırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar