Məhkəmə qərarları › İş №2-1(116)-469/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-469/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-469/2024 10.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı “X2 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı “Orqan donorluğu və trasplantasiya üzrə etika komissiyası”nın 10 avqust 2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X2 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2696/2023 nömrəli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2696/2023 nömrəli qərardadı ilə inzibati orqanın müəyyən hərəkətləri icra etməsi üçün vaxt verilməsi ilə bağlı qərardad qəbul edilmişdir. İddia tələbinin əsaslarına görə iddiaçı 2016-cı il tarixdən etibarən böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. O, 2021-ci ilin noyabr ayından etibarən xəstəliyinin proqres etməsi nəticəsində hemodializ almağa başlamışdır. Xəstəliyinin aradan qaldırılması məqsədilə böyrək trasplantasiya etmək üçün müvafiq sənədləri toplayaraq cavabdeh orqana müraciət etmişdir. İddiaçı donor olmaq istəyən şəxs - X2 onun dostu olduğunu qeyd etmişdir.Lakin,cavabdeh orqan iddiaçının müraciətinə baxaraq trasplantasiya edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında hər hansı təmənna və kənar təsirə məruz olmadan donor olmaq istədiyi bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı xəstəxananın hemodializ şöbəsində “Xroniki qlomerulonefrit, Xroniki böyrək çatışmazlığı, V Mərhələ Proqramlı dializ” diaqnozu ilə xx.xx.2021-ci il tarixindən hemodializ seansları qəbul edir.

3. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəki rayonu Şin kəndində yaşayan 1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində müayinə olunmuş, “Başqa rubrikalarda təsnif olunan xəstəliklər zamanı demensiya”, “Xroniki nefritlik sindrom” diaqnozu ilə xəstədir və xəstə hal-hazırda psixoloji sarsıntılar keçirdiyi üçün ünsiyyətə qoşula bilmir.

4. Şəki RİHB-nin Baş Layısqı kənd İƏD-i üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Şəki rayonu Şin kəndində qeydiyyatdadır.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/2- 8595/2023-cü il tarixli məktubuna əlavə edilmiş, “Orqan donorluğu və trasplantasiya üzrə etika komissiyası”nın 10 avqust 2023-cü il tarixli, 20 nömrəli qərarından görünür ki, X2 iddiaçının böyrək trasplantasiyası üzrə donoru olmasına dair müsbət qərar qəbul edilməmişdir.

6. X2 iddiaçıya böyrək köçürülməsinə razılığına dair xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi.

7. X2 arvadı X1 ərinin donor olmasına etirazının olmadığına dair xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi.

8. İddiaçının X2 təmənnasız donoru olmasına dair ərizəsi.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının 10 avqust 2023-cü il tarixli 14 nömrəli protokolundan çıxarışa əsasən müəyyən edilmişdir ki, resipiyent İddiaçı və donor X3 ilə bağlı Komissiyanın üzvləri arasında fikir ayrılığı olduğundan transplantasiyanın aparılmasına etiraz edilmişdir.

10. “Etika” komissiyasının iddiaçı və üçüncü şəxslə aparılmış söhbətə dair videoyazının təqdim edilməsinə dair məhkəmənin sorğularına cavablarından müəyyən edilir ki,həmin material təqdim edilməmişdir.Belə ki,xx.xx.2023-cü il tarixdə daxil olmuş məktuba əlavə edilmiş disk sınmış vəziyyətdə,daha əvvəlki məktuba qoşma kimi əlavə edilmiş disk əlavə edilmədən göndərilmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırkı iddia məcburetmə haqqında iddia olmaqla mümkün iddiadır. Belə ki,hər hansı əlverişli şəraiti yaradan halın (məsələn, icazənin) təmin edilməməsi əlverişsiz inzibati akt sayılmır, çünki belə bir qərar hüquqi vəziyyəti dəyişmir, sadəcə və yalnız hüquqların genişlənməsinin qarşısını alır.İddiaçı tərəfindən ona böyrək trasplantasiyası üzrə donor olmaq istəyən şəxslə birlikdə cavabdeh inzibati orqana müraciət olunmuş,yekun nəticədə belə icazə verilməsinə dair qərar qəbul edilməmişdir. Beləliklə, bu cür qərara qarşı mübahisələndirmə haqqında deyil, məcburetmə haqqında iddia qaldırılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Azərbaycan Respublikası Qanununun : 1.1.4. insan orqanlarının transplantasiyası – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsi; 1.1.5. orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət; 1.1.6. donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit; .... 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 288 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin Nizamnaməsi : 1.1. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (bundan sonra – Koordinasiya Mərkəzi) orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir. 1.2. Koordinasiya Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

2. Koordinasiya Mərkəzinin fəaliyyətinin istiqamətləri 2.1.Koordinasiya Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti təşkil etmək və əlaqələndirmək; 2.1.2. orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya etmək; 2.1.3. orqan donorluğu və transplantasiya sahəsində vahid uçotu aparmaq; 2.1.4. orqan donorluğu və transplantasiya sahəsində informasiya təminatını təşkil etmək; 2.1.5. bu Nizamnamədə nəzərdə tutulmuş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Koordinasiya Mərkəzinin vəzifələri və hüquqları … 3.1.6. orqan donorluğu və transplantasiya sahəsində işi təşkil etmək və bu sahədə fəaliyyəti koordinasiya etmək; 3.1.8. transplantasiya üzrə koordinator tərəfindən canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının, şəxsin donor olub-ola bilməməsi barədə etika komissiyasının müvafiq qərarının, resipiyentin gözləmə vərəqəsinin, meyit donordan götürülmüş orqanla bağlı aktın, transplantasiya məqsədilə donor orqanların idxalını və ya ixracını həyata keçirən tibb müəssisələri barədə məlumatların vahid informasiya bazasına daxil edilməsini təşkil etmək; 3.1.10. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq şəxsin donor olub-ola bilməməsi barədə qərarın qəbul edilməsi üçün etika komissiyasına təqdimat vermək; 3.1.11. transplantasiya üzrə koordinatorların fəaliyyətinə nəzarəti və onlar arasında səmərəli qarşılıqlı əlaqəni təmin etmək; İşin hallarından görünür ki,iddiaçı uzun müddətdir ki,xroniki böyrək çatışmazlığından əziyyət çəkməklə hazırda homodializ almaqdadır.Təqdim olunmuş həkim diaqnozuna əsasən ona böyrək transplantasiyasının aparılması zəruridir.İddiaçının və donor V.Mustafazadənin müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən Orqan donorluğu və trasplantasiya üzrə etika komissiyasına təqdimat verilmiş,Komissiya tərəfindən 10 avqust 2023-cü il tarixli 20 nömrəli qərar qəbul edilmişdir. İddiaçının hazırkı iddia tələbinin inzibati orqan tərəfindən təmin olunmamasına münasibət bildirilməmişdir.Cavabdeh tərəfindən adı çəkilən komissiyanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya göndərilmiş və ona böyrək transplantasiyası həyata keçirilməsinə icazə verilməmişdir. Yekun nəticəyə gəlmək üçün Məhkəmə tərəfindən “Orqan donorluğu və trasplantasiya üzrə Etika komissiyası”nın xx.xx.2023-cü il tarixli qərarına hüquqi qiymət verilməsi zərurəti yaranmışdır.Sözügedən Komissiya öz qərarını əsaslandırarkən aşağıdakı məqamları vurğulamışdır: 1.Donor və resipient arasında dostluq münasibətinin öz təsdiqini tapmaması; 2.Resipientin özünü implusiv aparması; 3.Transplantasiyanın əvəzli olmasına dair yaranmış əsaslı şübhələr. Yuxarıda qeyd olunanlara qiymət vermək üçün ilk öncə donor və resipientə münasibətdə qanunun tələblərinə diqqət yetirmək lazımdır. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində canlı donordan donor orqanın götürülməsinə məhdudiyyətlər nəzərdə tutulmuşdur.Həmin maddədə nəzərdə tutulmuş məhdudiyyətlər məhkəmə araşdırması zamanı hazırkı iş üzrə donor V.Mustafazadəyə münasibətdə aşkar olunmamışdır. Digər tərəfdən Qanunun 4-cü maddəsində qeyd olunur ki,orqan donorluğu və transplantasiyası qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır.Komissiyanın müsbət qərar qəbul etməkdən imtina əsası transplantasiyanın əvəzli olmasına dair yaranmış şübhələrdən ibarətdir.Komissiya şübhəyə əsasən qərar qəbul etsə də hüququn ümumqəbulolunmuş prinsiplərinə görə şübhə sübuta yetirilmədiyi halda şəxsin xeyrinə həll olunmalıdır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin,inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı iş üzrə iddiaçıya böyrək transplantasiyasının zəruriliyi qoyulmuş diaqnoz və işin halları ilə sübuta yetirilmiş,cavabdeh tərəfindən bu hal mübahisələndirilməmiş,öz faktiki hərəkəti ilə (müvafiq komissiyaya təqdimat verilməsi) belə zərurət təsdiq etmişdir.Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, cavabdehin üzərinə İddiaçı böyrək transplantasiyası üzrə X2 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X2 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar