Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-471/2023 06.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 məxsus olması barədə qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə mülkiyyətlərinə verilmiş 2,13 ha torpaq sahəsinə X1, X2, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-471/2023 nömrəli qərardadı ilə iddia tələbi “Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində X2, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, iddiaçılar cavabdeh orqana müraciət edərək, Yevlax rayonu, Səmadabad kəndində yerləşən 2.13 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə dair X1 adma dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik edilməsi xahiş etmiş, onlara elektron xəritə bazasında uyunsuzluq olması cəmi 0,46 ha torpaq sahəsinin mövcud olması və bir nəfər X1 adına olması, həmçinin torpaq sahəsinin planının fərqli olması, Yevlax rayonu Səmədabad kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X1 adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi mümükünsüzlü bildirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsəsi İddiaçı2dur. İddiaçılar hesab edir ki, Yevlax rayon Aqrar İslahat kommisiyasmın xx.xx.1998-ci il tarixli 34 №-li qərarına əsassən 2,13 ha torpaq sahəsi X1, X2, İddiaçı3 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Yevlax rayonu Səmədabad kəndində yerləşməklə bu barədə JN 200 Kod 90112018 №-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı3 və İddiaçı1 da həmin torpaq üzərində mülkiyyətçilərdən biridir. Mülkiyyətçilər X4 və X5 vəfat etmişlər. Onların adında olan torpaq sahəsi vərəsələrə aiddir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi JN-200 KOD 90112018 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin 4 nəfərdən ibarət olması, torpaq sahəsinin miqdarı və torpaq sahəsinin planı (cizgisi) ilə Yevlax rayonu, Səmədabad kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ), arxiv materiallarında mövcud olan eyni adlı siyahıda, həmin sənədin 2-ci nüsxəsində və Dövlət Aktlarının qeydiyyat kitabında JN-200 nömrəli Dövlət Aktına dair məlumatlar arasında uyğunsuzluq vardır. Belə ki, arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən Yevlax rayonu, Səmədabad kəndində yerləşən 0.46 ha torpaq sahəsinin mülkiyyətçisinin bir nəfər X1 olduğu, həmçinin torpaq sahəsinin planının (cizgisi) fərqli olması aşkarlanmışdır. Belə olan halda mübahisə predmetinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ziddiyyət təşkil etdiyindən ərizənin icrası mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi dövlət aktı üzrə torpaq payı almış subyektlər siyahısı, torpaq sahəsinin miqdarı yuxarıda qeyd olunan əsaslara görə tam olaraq fərqlidir. Belə olan halda vətəndaşın təqdim etdiyi sənədin mötəbərliyinə ciddi şübhələr yaranır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2013-cü il tarixli 110 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Yevlax şəhəri H.Hacıyev küçəsi 21 nömrəli evdə qeydiyyatda olan X4 və Yevlax şəhəri Q.Quliyev küçəsi ev 11 mənzil 6-da qeydiyyatda olan İddiaçı1dır. - AZ-İİ 222562 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. - JN-200 kod 90112018 nömrəli Dövlət Aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X3 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2022-ci il tarixli 103/10 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Səmədabad kənd İƏD üzrə nümayəndəliyin 1991-1995, 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabları yoxlanılmış, X4, X5, İddiaçı3 və İddiaçı1 adına təsərrüfat və torpaq sahəsi aşkar edilməmişdir. - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Səmədabad kəndinin 1995-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında X1, X5, İddiaçı3 və İddiaçı1 adına təsərrüfat rast gəlinmədi. Yuxarıda göstərilən vətəndaşlar Yevlax rayon Səmədabad kəndində qeydiyyatda olmayıb və yaşamayıblar. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubundan görünür ki, Yevlax rayonu, Səmədabad kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X5, İddiaçı3 və İddiaçı1 adları aşkar edilməmişdir. Pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X1 adının qarşısında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. - xx.xx.1998-ci il tarixli Yevlax rayon AİK-nın 34 nömrəli iclasının protokolundan görünür ki, torpaq islahatı ilə əlaqədar püşkatmanın keçirilməsi üçün hazırlanmış kompleks yerquruluşu layihə sənədlərinin, torpaq payı alan subyektlərin siyahısının və püşkatmanın nəticəsinin təsdiqi haqqında Səmədabad kollektiv təsərrüfatının X9 Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflər iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə imtina cavabı yalnız bir iddiaçının – İddiaçı2 adına verilsə də, məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarından və eyni faktiki və hüquqi əsaslara istinad etdiklərindən birgə iddiaçı qismində prosessual həmiştirakçılar kimi qəbul edilirlər. Odur ki, məhkəmə cavabdeh orqanın imtinasının bütün iddiaçılara münasibətdə verilməsini qəbul edərək iddia tələbinə mahiyyəti üzrə baxmışdır. İnzibati Prossesual Məcəllə: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmçinin cavabdeh orqana edilmiş müraciət və cavabdeh orqanın imtinası 2,13 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur. İddiaçılar cavabdeh orqana qarşı 2,13 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürsələr də, məhkəmə iddia ərizəsinin ifadə tərzinə bağlı olmadığından iddiaçıların nail olmaq istədikləri hüquqi nəticəyə uyğun olaraq iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması ilə bağlı müraciətin təmin edilməsindən imtinanın dəlillərini yoxlamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X9ı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş materiallarından görünür ki, iddiaçılar JN-200 kod 90112018 nömrəli Dövlət Aktının surətini təqdim edərək Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X4, X5, İddiaçı3 və İddiaçı1 2,13 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin ayrılmasını bildirirlər. X6 əsli mövcud olmadığından və cavabdeh orqanda mövcud olan arxiv nüsxəsindən tamamilə fərqli olduğundan, məhkəmə təqdim edilən həmin sənədi iş üzrə mötəbər sübut olaraq qəbul etmir. Eyni zamanda işdə mövcud olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubuna əlavə edilmiş pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X1 adının qarşısında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubunda qeyd edilmişdir ki, Yevlax Rayon Səmədabad kəndinin 1995-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında X1 adına təsərrüfat rast gəlinmədi. Yuxarıda göstərilən vətəndaşlar Yevlax rayon Səmədabad kəndində qeydiyyatda olmayıb və yaşamayıblar. İşdə mövcud olan yeganə sənəd JN-200 kod 90112018 nömrəli Dövlət Aktıdır ki, həmin sənədlə də Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X3 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilməsi sübut olunur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan 2.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud olmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 məxsus olması barədə qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.