Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-472/2024 15.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 28 il 2 ay 6 gün təşkil edən yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, “iddiaçıya 28 il 2 ay 6 gün təşkil edən yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü ilədək Ermənistan Respublikası Vardenis rayonun Metc Marza kolxozunda günəmuzd qaydada işləmiş və müvafiq olaraq 1969-cu ildə 74 gün, 1972-ci ildə 20 gün, 1973-cü ildə 34 gün ümumilikdə iş stajı 4 ay 8 gün iş stajı təşkil edir. 10.09 1975-ci il tarixindən xx.xx.1975-ci ilədək X2 zavodunda suvaxçı işləmişdir.( iş stajı 2 ay). xx.xx.1976-cı il tarixədən xx.xx.1976 ildə “Azərkəndtikinti” 5 saylı trestin 54 saylı SMD-ə fəhlə işləmişdir (3 ay 24 gün). xx.xx.1976-xx.xx.1978-ci ildə Sovet Ordu sıralarında xidmət etmişdir (2 il ). xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək “Azərkəndtikinti” 5 saylı trest-n 54 saylı SMD-ə fəhlə işləmişdir işləmişdir (7 gün). xx.xx.1979-xx.xx.1979-cü ilədək Ermənistan Respublikası Zod mədənində fəhlə işləmişdir (2 ay 15 gün). xx.xx.1979-xx.xx.1979-cu ilədək Ermənistan Respublikası Vardenis rayonu kənd tikinti sahəsində 4-cü dərəcəli usta işləmişdir ( 3 ay 14 gün ). xx.xx.1979-xx.xx.1981-ci illərdə Ermənistan Respublikası Masis rayonun ət kombinatında sürücü işləmişdir ( 2 il 10 ay 25 gün). xx.xx.1980-xx.xx.1980-cı ilədək Ermənistan Respublikası Vardenis rayonu meşə təsərrüfatında sürücü işləmişdir ( 8 ay 8 gün ). xx.xx.1981-xx.xx.1981-ci ildə Kirovabad 1 saylı SMD 4-cii dərəcəli suvaxçı işləmişdir (3 ay 13 gün) xx.xx.1981-13.04,1982-ci ildə Karakanda metalurji kombinatında avtomobil sexində sürücü işləmişdir ( 3 ay 25 gün). xx.xx.1982-xx.xx.1983-cü ilədək Ermənistan Respublikası Vardenis rayon “Selxoztexnika” birliyində sürücü işləmişdir ( 2 ay 1 gün ). xx.xx.1983-xx.xx.1983-cü ilədək Ermənistan Respublikası Baqrat yol təmir tikinti idarəsində sürücü işləmişdir (10 ay 26 gün). xx.xx.1984-xx.xx.1986-cı ilədək Ermənistan Respublikası Vardenis rayon “Selxoztexnuka” birliyində sürücü İşləmişdir ( 2 ay 1 gün). xx.xx.1987-xx.xx.1989-cu illərdə Krasnodar vilayətinin “Xakaski” heyvandarlıq sovxozunda sürücü işləmişdir ( 1 il 1 ay 15 gün ). xx.xx.1989-ci il tarixindən xx.xx.1989-cu ilədək X2 zavodunda betonçu işləmişdir (1 ay). 05.06 1989-ci il tarixdə Mingəçevir dizel parkına 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad olunmaqla Mingəçevir Mexanikləşdirmə və Nəqliyyat İdarəsinə köçürmə yolu ilə 3-cü dərəcəli sürücü qəbul edilərək xx.xx.2000-ci ildə işdən azad edilmişdir (iş stajı 10 il 10 ay 1 gün ). Beləliklə iddiaçının ümumi iş stajı 28 il 2 ay 6 gün təşkil edir. Bu əsasla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdehə müraciət etmiş,tələbi təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində 28 il 2 ay 6 gün sosial sığorta stajının olduğuna istinad edərək cavabdeh orqan tərəfindən ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, hal-hazırda 65 yaşı vardır. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir, iddiaçının xx.xx.2023cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin (iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər də daxil olmaqla) surətlərinə əsasən 24 il 11 ay 4 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01 2006-cı il tarixədək 24 il 2 ay 4 gün sığorta stajına uyğun olaraq 22315,27 manat, xx.xx.2022-ci il tarixindən 01,04.2023-cü il tarixədək 364,41 manat olmaqla, ümumilikdə 22679,68 manat təşkil etmişdir. Bu məbləğ də iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olmuş və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. Qeyd olunan səbəblərə görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixədək (işdən çıxma əmri olmadığı üçün) olan dövrlərin doldurulma qaydaları pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə vətəndaşın xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü il tarixədək Ermənistan Respublikası Vardenis rayonunun Metc Marza kolxozunda işlədiyi və xx.xx.1979-cu it tarixindən xx.xx.1979-cu il tarixədək Ermənistan Respublikası Vardenis rayonu kənd tikinti sahəsində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin bunu da məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 427,42 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan sənədlərdə əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda bunu da qevd edə bilərik ki, F. İsmayılova xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində vasa görə sosial müavinət təyin edilmişdir. Mübahisələndirilən sosial sığorta stajı: xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü il tarixədək olan dövrlər; xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixədək olan dövrlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajından az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
3. İddiaçıya məxsus AT-İİ ******* saylı Əmək kitabçası.
4. İddiaçıya məxsus 47 nömrəli Əmək kitabçası
5. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.
6. 47 nömrəli Kolxozçunun əmək kitabçasının Azərbaycan dilində tərcüməsi.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 63 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). İddiaçının cavabdeh tərəfindən qəbul edilən sosial sığorta stajı 24 il 11 ay 4 gün təşkil edir.Cavabdehin iddia tələbinə etirazının dəlili xx.xx.1975-ci il tarixli əmək kitabçasında 1969-cu il tarixli qeydin 1972-1973-cü il tarixli qeydlərdən sonra yazılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979cu il tarixədək (işdən çıxma əmri olmadığı üçün) olan dövrlərin doldurulma qaydaları pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməməsi ilə bağlı olmuşdur. Həmin dəlilə münasibətdə məhkəmə bildirir ki, iddiaçının təqdim etdiyi 47 nömrəli Kolxozçunun əmək kitabçasının Azərbaycan dilində tərcüməsindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdə 83 nömrəli əmrlə Vardeniz rayonu kənd tikinti sahəsində 4-cü dərəcəli usta kimi işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə öz ərizəsinə əsasən 150 nömrəli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi cavabdehin mübahisələndirilən dövrlə bağlı imtinası əsassızdır.Həmin 3 ay 18 gün dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi ilə tələb olunan 25 illik dövr tamamlandığından digər dövrə münasibət bildirilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmır. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.