Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-472/2025 21.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müddətsiz əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1975-ci il təvəllüdlüdür, Ona 16 sentyabr 2015-ci il tarixdə ilk dəfə 1 il müddətinə ümumi xəstəlikdən “Xəstəliklərin beynəlxalq təsnifatı: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 – travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90-başın . . . Meyar: 2.2.12. sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” diaqnozu ilə ikinci dərəcə əlillik təyin olunmuşdur. 16 sentyabr 2016-cı il tarixdə iddiaçı təkrar müayinə olunaraq ona 5 il müddətinə eyni diaqnoza əsasən ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçı sonuncu dəfə 26 oktyabr 2023-cü il tarixdə müayinə olunmuş və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərişin natamam doldurulması səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasını mübahisələndirərək, ona müddətsiz əlillik təyin edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, 1992-ci ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmətini başa vurmuşdur. Müharibə iştirakçısıdır, veteran adı və vəsiqəsi almışdır. Hərbi xidmət dövründə erməni işğalçılarının atdığı top mərmisi yaxınlığına düşməsi nəticəsində xəsarət almış, mütəmadi olaraq səhhəti ilə bağlı müayinə və müalicə olunmuşdur. Xəstəlik nəticəsində əmək qabiliyyətini itirdiyindən, ona ümumi xəstəlik üzrə 2-ci qrup əlillik təyin edilmişdir. Təkrar müayinə zamanı əlillik dərəcəsi bərpa olunmamışdır. Şəki rayonunda yerləşən aidiyyəti xəstəxanada stasionar və ambulator müalicə və müayinədə olsa da, heç bir nəticə olmamışdır. Təkrar əlillik dərəcəsinin verilməsi üçün əyani müayinədən keçmiş, dəfələrlə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Göstərilənlərə əsaslanaraq, ona Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması memarları»nın 3.4.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması 65 – 80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya etiraz edir və bildirir ki, İddiaçı sağlamlıq vəziyyətinə sonuncu dəfə Şəki Rayon Psixiatriya Xəstəxanasının 25 oktyabr 2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Göndərişin natamam doldurulması - Səbəb: Şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi üçün ərazidə xidmət göstərən TSEK-ya müraciət etməsi tövsiyə olunur” əsası ilə Mərkəzə geri göndərilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və həmin tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci bəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinələrinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ya ötürülür. TSEK-nın sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zımanəti altsisteminə daxil edilir. TSEK-nın sədr və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK-lar tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 33.3-cü maddəsinə görə inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Məhkəmənin 29 iyul 2024-cü il tarixli qərardadı ilə İPM-in 33.3-cü maddəsinə müvafiq olaraq, müvafiq tibb müəssisəsinin sonuncu göndərişində olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 gün müddət təyin edilmişdir. Məhkəmənin 29 iyul 2024-cü il tarixli qərardadının icrası istiqamətində cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İddiaçı əyani müayinəsi üzrə 8 avqust 2024-cü il tarixdə aşağıdakı qərarı qəbul etmişdir: - Dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən 25 oktyabr 2023-cü il tarixli L00142014GPG nömrəli göndərişində göstərilmiş əsas diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından, “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmənin 17 mart 2025-ci il tarixli qərardadı ilə yenidən iş üzrə canlı şəxsin – İddiaçı məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Məhkəmə-X2” PHŞ-nin ekspertlərinə həvalə edilmişdir: 1) İddiaçının hazırkı psixi vəziyyətini əks etdirən diaqnoz Şəki Rayon Psixiatriya Xəstəxanasının göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və davranış pozuntuları ilə” diaqnozuna uyğundurmu? 2) Əgər Şəki Rayon Psixiatriya Xəstəxanasının göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və davranış pozuntuları ilə” diaqnozu düzgün müəyyən edilmişdirsə, o halda müayinə zamanı iddiaçıda aşağıdakı hallardan hansı aşkar olunur? a) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); b) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. 3) İddiaçının müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 4) İddiaçının hazırkı psixi vəziyyətini əks etdirən diaqnoz hansısa diaqnozun ağırlaşması (fəsadı) hesab edilə bilərmi? Məhkəmə-X2” PHŞ-nin 18 iyun 2025-ci il tarixli 2778 nömrəli məktubu ilə məhkəməyə qurumun 29 aprel 2025-ci il tarixli 1347 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi təqdim olunmuşdur. Rəyin motivləşdirici hissəsində qeyd olunmuşdur ki, yoxlanılan şəxs İddiaçı “Üzvü şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Səhiyyə Nazirliyinin Şəki Psixiatriya Xəstəxanasında “üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu depressiv əlamətlərlə və çoxsaylı özünükəsmələrlə” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Rəyin yekun hissəsində göstərilmişdir ki, inzibati iş materialları və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tətbiqinə əsasən məhkəmə psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - (1-ci sualın cavabı) İddiaçının (xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı) hazırkı psixi vəziyyətini əks etdirən diaqnoz Şəki Rayon Psixiatriya Xəstəxanasının göndərişində qeyd edilmiş “üzvi mənşəli şəxsiyyət posuntusu, depressiv daxilolmalar və davranış pozuntuları ilə” diaqnozuna uyğundur. - (2-ci sualın cavabı) Yoxlanılan şəxs İddiaçı “üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07,0) aşkar edilir. Bu sualı cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. - (3-cü sualın cavabı) Yoxlanılan şəxs İddiaçı “üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07,0) aşkar edilir. - (4-cü sualın cavabı) Yoxlanılan şəxs İddiaçı “üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07,0) aşkar edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəalarına görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1), Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir (1.2). «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatında məcburetmə haqqında iddialar üzrə imtina barədə aktda ona qarşı şikayət vermənin müddəti və qaydası göstərilmədiyi halda, məsələni tənzimləyən müddəa olmadığından, bu xüsusatla bağlı oxşar münasibətləri tənzimləyən norma kimi «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin analogiya üzrə tətbiqi yolveriləndir. Odur ki, cavabdehin mübahisələndirilən qərarının, yəni imtinasının qəbulu 26 oktyabr 2023-cü il tarixə, iddia ərizəsinin məhkəməyə verilməsi isə 19 aprel 2024-cü il tarixə təsadüf etsə də, imtinada ondan şikayət vermənin müddəti və qaydası nəzərdə tutulmadığından, həmin imtinaya münasibətdə məcburetmə haqqında iddia üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Şəki rayonu, Qoxmuq kəndidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə qismən əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 oktyabr 2023-cü il tarixli imtinası qismən qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-nın qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-nın qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; - (7.6.2.2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – orqanizmin funksiyalarının 65 – 80 % pozulması. Göründüyü kimi, mövcud qanunvericilik normaları üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi olan şəxslərdə təfəkkürdə nəzərəçarpan dəyişikliklərə səbəb olan 2 il müddətinə müşahidə edilən tez-tez kəskinləşən psixiatrik epizodlar və ya dekompensasiyalar təkrarlanan aqressiv davranış səbəbindən daimi müşahidə zərurəti orqanizmin funksiyalarının 65 – 80% pozulması kimi qiymətləndirilməsinə əsas verir. İş materiallarında surəti olan X1 25 oktyabr 2023-cü il tarixli göndərişində 1975-ci il təvəllüdlü İddiaçı müayinəsinin nticələri üzrə aşağıdakılar qeyd olunmuşdur: Həyat fəaliyyəti kateqoriyasının məhdudlaşma dərəcəsi: - Özünəqulluq bacarığı 2-ci dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; - Sərbəst hərəkətetmə bacarığı 1-ci dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; - İstiqamətseçmə bacarığı 1-ci dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı; - Ünsiyyət bacarığı 2-ci dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; - Davranışına nəzarətetmə bacarığı 2-ci dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; - Əmək fəaliyyəti 2-ci dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı. Göndərişdə həmçinin qeyd olunmuşdur ki, TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti – Zahirən narahatdır, kontakta formal qoşulur, verilən suallara qısa formal cavab verir, cavab verərkən çətinlik çəkir, narazı davranır, təfəkkürü ləngimişdir, sullara uca səslə cavablar verir, dözülməz baş ağrılarından şikayət verir, söhbət uzandıqca və suallar verildikdə yersiz əsəbləşir, əsassız mübahisəyə qoşulur, emosional davamsızdır, affektiv reaksiyalara meyillidir, maraq dairəsi məhduddur, yaddaşı zəifdir, özünə qulluq enib, yuxusu dərmanladır, xəstə depakin 500 mq, diazepam 5 mq, pirasetam 400 mq dərman müalicəsi alır. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş 29 aprel 2025-ci il tarixli 1347 nömrəli ekspertiza rəyi ilə İddiaçı xəstəliyinin diaqnozunun “üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07,0) olması təsdiqini tapır. Lakin Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənmiş Meyarların 7.6.2-ci bəndi üzrə qiymətləndirməyə gəldikdə, iddiaçının inzibati icraat çərçivəsində müayinə olunduğu X1 25 oktyabr 2023-cü il tarixli göndərişində onda aşkar olunmuş xəstəliklərin təkzibi üzrə məhkəmə icraatında cavabdeh inzibati orqan heç bir dəlil gətirməmiş, məhkəmə özü də bu istiqamətdə hal müəyyən etməmişdir. Odur ki, ekspertiza rəyindəki və tibb müəssisəsinin göndərişindəki məlumatlar da mötəbər qiymətləndirilir. Göndərişdə onun barəsində qeyd olunan məlumatlar, o cümlədən “təfəkkürünün ləngiməsi”, “söhbət uzandıqca və suallar verildikdə yersiz əsəbləşməsi”, “əsassız mübahisəyə qoşulması”, “emosional davamsızlığı” və “affektiv reaksiyalara meyilli olması” iddiaçının sağlamlıq vəziyyətinin «Əlilliyin müəyyən olunması meyarları»nın 7.6.2.2-ci yarımbəndi ilə nəzərdə tutulan hallara uyğunluğunu təsdiqləyir. Həmçinin nəzərə alınmalıdır ki, iş məhkəmənin icraatında olduğu dövrdə Şəki Rayon Mərkəzi Xəstəxanasından hazırkı İddiaçı barəsində alınmış “Baş-beyinin T1, T2 rejimli multiplanar və diffuziya ağırlıqlı MR müayinəsinin nəticəsi”ndə aşağıdakılar qeyd olunmuşdur: - Hər iki beyin yarımkürəsində hər iki periventrikulyar nahiyədə, hər iki sentrumseniovaledə dərin ağ maddədə 3-4 mm ölçüdə xroniki dövr işemik/qliotik ocaqlar. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xəstəliyi “üzvi mənşəli şəxsiyyət pozuntusu” Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nın 7.6.2.2-ci bəndi üzrə, yəni üzvi mənşəli şəxsiyyət pozuntusu – təfəkkürdə nəzərəçarpan dəyişikliklərə səbəb olan, teztez kəskinləşən psixiatrik epizodlar və ya dekompensasiyalar təkrarlanan aqressiv davranış səbəbindən daimi müşahidə zərurəti orqanizmin funksiyalarının 65 – 80% pozulması kimi qiymətləndirilməsinə əsas verir. Bu kateqoriya xəstəlik isə şəxsin müddətsiz deyil, 2 il müddətinə orqanizmin funksiyalarının 65 – 80% pozulması kimi müəyyən olunur. Odur ki, məhkəmə iddianı qismən əsaslı qiymətləndirərək cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 oktyabr 2023-cü il tarixli imtinasını qismən qanunsuz sayır və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində dəyərləndirir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 25 oktyabr 2023-cü il tarixdən 2 il müddətinə orqanizmin funksiyalarının 65 – 80 faiz (ikinci dərəcə məhdudlaşdırma) pozulması halının müəyyən olunması öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 25 oktyabr 2023-cü il tarixdən 2 il müddətinə orqanizmin funksiyalarının 65 – 80 faiz (ikinci dərəcə məhdudlaşdırma) pozulması halının müəyyən olunması öhdəliyi qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(116)-472/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-472/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver