Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-473/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri Qəzli kənd ərazisində yerləşən, faktiki istifadəsində olan 0,12 torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı şəhəri Qəzli kənd ərazisində yerləşən 0,12 torpaq sahəsinin daşınmaz əmlakın reyestrində X3 adına qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “İsmayıllı şəhəri Qəzli kənd ərazisində yerləşən, faktiki istifadəsində olan 0.12 torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün İsmayıllı rayon Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi satılmış və iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Həmçinin satılan torpaq sahəsinə dair torpağın alqı-satqısına dair akt tərtib edilmiş, torpaq sahəsinin planı və ölçüsü DT və XK-i tərəfindən dövlət torpaq kadastrı kitabında xx.xx.2004-cü il tarixdə 503 nömrə ilə uçota alınmışdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 0,12 ha torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron DWJ baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin bir hissəsi (0,0826 ha) yaşayış məntəqələri torpaqlarından kənarda yerləşir. Faktiki torpaq sahəsi həm sənəd üzrə, həm də baza xəritəsi üzrə başqa vətəndaşın mülkiyyəti ilə üst-üstə düşür. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 23 saylı iclas protokolunun qərarından çıxarışdan, xx.xx.2004-cü il tarixli Torpaqların alqı-satqısına dair aktdan və xx.xx.2006-cı il tarixli ödəniş qəbzindən görünür ki, bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, iddiaçı tərəfindən satılan torpağın dəyəri Mican Bələdiyyəsinin hesabına ödənilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, İsmayıllı rayonu Mincan kənd sakini İddiaçı Mican bələdiyyəsinin 0,12 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planından görünür ki, sözügedən sənədin iddiaçının adına hazırlanmasına əsas İsmayıllı rayonu Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 23 saylı qərarı olmuş, torpağın sahəsi 0,12 ha göstərilmişdir. - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İsmayıllı rayon Mican bələdiyyəsinin və DT və XKnin İsmayıllı rayon şöbəsinin təsdiq etdiyi yerquruluşu planında göstərilən 0,12 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər (plan-ölçü və.s) təqdim olunmadığı üçün sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. X3 istifadəsində olan faktiki naturada ölçülmüş 0,1448 ha torpaq sahəsinin az hissəsi yaşayış məntəqəsi torpaqlarına, yerdə qalan hissəsi isə İsmayıllı rayonu İsmayıllı Şəhər İnzibati Ərazi vahidinin sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan əraziyə düşür. Faktiki naturada ölçülmüş torpaq sahəsinin 0,1159 ha hissəsi əvvəllər qeydiyyata alınmış elektron bazada qeydiyyat nömrəsi olmayan parsellər ilə (torpaq sahələri ilə) üst-üstə düşür. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planı elektron baza məlumatlarına əsasən İsmayıllı rayonu Mican kənd inzibati ərazi sərhəddi daxilində (indiki İsmayıllı şəhər) yaşayış məntəqəsinin torpaqlarına aid uqodiyasi həyətyanı sahə olan torpaq sahəsidir. **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0,12 hektar torpaq sahəsi faktiki olaraq başqa vətəndaşların (digər subyektlərin) istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Eyni zamanda **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0,12 hektar torpaq sahəsi ilə **********14 saylı çıxarışla Hüquqların Dövlət Reyestrində qeydiyyata alınmış 0,06 hektar torpaq sahəsi 0,0408 hektar hissədə üst-üstə düşür. **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0,12 hektar torpaq sahəsi iddiaçı X3 faktiki naturada istifadəsində olan 0,1448 hektar torpaq sahəsindən 106,5 metr məsafədə yerləşir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən hüquqları dövlət qeydiyyatına alınan əmlaklara aid çıxarışlardan görünür ki, - **********17 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ qeydə alınmışdır. - **********28 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ qeydə alınmışdır. - **********31-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0282 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ qeydə alınmışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublara əlavə edilmiş yerquruluşu sxemlərində qeyd edilmiş koordinatlar əsasında elektron bazaya yerli baxış zamanı müəyyən edildi ki, iddia olunan torpaq sahəsinə dair TEKUİS məlumatlarında “kateqoriya - yaşayış məntəqələri torpaqları, uqodiya - şərti yarasız, islahat uqodiyası – tikinti altında olan torpaqlar, alt kateqoriya – ümumi istifadədə olan torpaqlar” qeydləri mövcuddur Mütəxəssis tərəfindən torpaq sahəsinin alt kateqoriyasının “ümumi istifadədə olan torpaqlar” qeyd edilməsinin səbəbi - sözügedən torpaq sahəsinin yaxınlığından yolun keçməsi və yol yeri ilə torpaq sahəsinin fərqləndirilməməsi ilə izah edildi. Belə ki, mütəxəssis, “ümumi istifadədə olan torpaqlar” qeydinin bütövlükdə torpaq sahəsinə deyil, torpaq sahəsinin hasarından kənarda yerləşən yol yerinə aid olduğu bildirildi. Müvafiq qeydlərin əks olunduğu səhifənin fotoşəkili və iddia olunan torpaq sahəsinə dair ərazinin ortofoto xəritəsindən çıxarış götürüldü. - İsmayıllı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 537 nömrəli məktubunda qeyd edilmişdir ki, Mican bələdiyyəsi 2012-ci ildən ləğv edilərək İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin hüdudları daxilinə aid edilmişdir. İsmayıllı rayonu Mican kəndində yerləşən ərazilərin hal-hazırda İsmayıllı şəhərinin əraziləridir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və iddiaçı xx.xx.2023-cü il tarixdə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs xx.xx.2023-cü il tarixli məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 23 nömrəli qərarı əsasında iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, İsmayıllı şəhər bələdiyyəsi və DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən təsdiq edilmiş, satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı ilə də təsdiq edilir. Cavabdeh orqanın iddia tələbinə etirazının dəlili - faktiki torpaq sahəsinin bir hissəsinin (0,0826 ha) yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməsi, torpaq sahəsinin həm sənəd üzrə, həm də baza xəritəsi üzrə başqa vətəndaşın mülkiyyəti ilə üstüstə düşməsi ilə bağlı olmuşdur. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş rəydə iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,1448 ha torpaq sahəsinin az hissəsinin yaşayış məntəqəsi torpaqlarına, yerdə qalan hissəsinin isə İsmayıllı rayonu İsmayıllı Şəhər İnzibati Ərazi vahidinin sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan əraziyə düşməsi, faktiki naturada ölçülmüş torpaq sahəsinin 0,1159 ha hissəsinin əvvəllər qeydiyyata alınmış elektron bazada qeydiyyat nömrəsi olmayan parsellər ilə (torpaq sahələri ilə) üst-üstə düşməsi bildirilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddia olunan 0,12 hektar torpaq sahəsinə dair tərtib edilmiş **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasında torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, mütəxəssis tərəfindən verilmiş rəydə Kadastr planında göstərilən torpaq sahəsinin digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi və iddia olunan torpaq sahəsindən 106,5 metr məsafədə yerləşməsi bildirilmişdir. Oxşar mübahisələr üzrə məhkəmə tərəfindən inzibati orqanın praktikası və kadastr planında göstərilən koordinatların düzgünlüyü yoxlanılarkən bir qayda olaraq koordinatlarda sürüşmələrin olması, plan-ölçü sənədlərinin cizgisində qeyd edilmiş torpaq sahələri ilə həmin torpaq sahələrinin koordinatlarının uyğun gəlməməsi dəfələrlə aşkar edilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Buna görə də, **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara yox, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəricilərinə uyğun iddia tələbinə hüquqi qiymət verilməlidir. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan əraziyə düşdüyünü bildirdiyindən, məhkəmə tərəfindən qonşu torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər alınaraq torpaq sahəsinin təyinatı araşdırılmışdır. Belə ki, örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, adətən, geniş ərazini əhatə edir. Hazırda mübahisələndirilən torpaq sahəsinin ölçüsü isə 0.12 ha təşkil edir ki, qeyd edilən torpaq sahəsinin ayrılıqda örüş sahəsi olması məntiqə uyğun görünmür. Müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin heç biri kənd təsərrüfatı təyinatlı torpaqlara aid deyil və yaşayış mənətələri torpaqlarına aid olmaqla həmin torpaq sahələrinə müvafiq çıxarışlar verilmişdir. İsmayıllı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 537 nömrəli məktubunda da, İsmayıllı rayonu Mican kəndində yerləşən ərazilərin hal-hazırda İsmayıllı şəhərinin əraziləri olduğu bildirilir. Həmçinin, ərazinin ortofoto planından da görünür ki, qonşuluqda yerləşən torpaq sahələri üzərində yaşayış evləri tikilmişdir. Məhkəmə tərəfindən elektron bazaya yerli baxış keçirilərkən sözügedən torpaq sahəsinin kateqoriyasının - yaşayış məntəqələri torpaqlarına aid olması, şərti yarasız, tikinti altında olan torpaqlar, alt kateqoriya – ümumi istifadədə olan torpaqlar qeydlərinin mövcud olması aşkar edilmişdir. Bununla da torpaq sahəsinin ilkin mütəxəssis rəyində qeyd edildiyi kimi kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan ərazi olmaması və cavabdeh orqanın səriştəsiz mütəxəssisi tərəfindən məhkməyə düzgün olmayan məlumatların təqdim edilməsi aşkar edilmişdir. Elektron baza məlumatlarında torpaq sahəsinin alt kateqoriyasının “ümumi istifadədə olan torpaqlar” qeyd edilməsinin səbəbinin isə sözügedən torpaq sahəsinin yaxınlığından yolun keçməsi və “ümumi istifadədə olan torpaqlar” qeydinin bütövlükdə torpaq sahəsinə deyil, torpaq sahəsinin hasarından kənarda yerləşən yol yerinə aid olması müəyyən edilmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 23 saylı iclas protokolunun qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı şəhəri ərazisində yerləşən, iddiaçı X3 faktiki istifadəsində olan 0,12 torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.