Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-474/2020 02.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı "İddiaçı" MMC-nin Cavabdehnə qarşı "Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilən 50 ha torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair verilmiş, tarixi qeyri-müəyyən olan A-001332 nömrəli dövlət aktının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh (bundan sonra - ŞİH) başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə Şəhər İcra Hakimiyyətinin ehtiyat torpaq fondundan 50 hektarında "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması, həmin təsərrüfatın nizamnaməsinin təsdiq edilməsi, Respublika Aqrar Sənaye Bankının Yevlax şöbəsində təsərrüfatın hesablaşma hesabının açılması, təsərrüfatın dəyirmi möhür və künc ştampının hazırlanmasına icazə verilməsi, sərəncamdan çıxarışın məlumat və icra üçün şəhər torpaq şöbəsinə, Vergi müfəttişliyinə, Statistika idarəsinə, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı alınması üçün Respublika Torpaq Komitəsinə göndərilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq, Yevlax rayon torpaq şöbəsinin və digər qurumların nümayəndələrinin, eləcə də "Elşən-96" kəndli (fermer) təsərrüfatının rəhbərinin iştirakı ilə tərtib edilmiş xx.xx.1996-cı il tarixli aktla Kür çayı və Yevlax şəhəri ilə həmsərhəd olan 50 ha torpaq sahəsi seçilmişdir. "Elşən-96" kəndli (fermer) təsərrüfatına A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. Həmin dövlət aktı kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş cizgidə (xəritədə) göstərilən sərhəd daxilində olan 50 hektar torpaq sahəsinə aiddir. Dövlət aktı Yevlax ŞİH-in başçısı və Yevlax rayon torpaq şöbəsinin müdiri tərəfindən imzalanmışdır. "Elşən-96" kəndli (fermer) təsərrüfatının qeydiyyat sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə Bölgə Şöbəsi tərəfindən uçota alınmış və xx.xx.1997-ci ildə bu barədə arayış verilmişdir. Bundan sonra Yevlax Bələdiyyəsi tərəfindən 80 ha torpaq sahəsi iddiaçı "İddiaçı" MMC-yə satılmış və sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6 xx.xx.2019-cu il tarixli arayışı ilə müəyyən edilir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddia etdiyi torpaq sahəsi ilə "İddiaçı" MMC-nin mülkiyyətinə verilmiş 80 ha torpaq sahəsi üst-üstə düşür. "İddiaçı" MMC Yevlax ŞİH-ə xx.xx.2019-cu il tarixli məktubla müraciət edərək, "Elşən-96" kəndli (fermer) təsərrüfatına verilmiş tarixi olmayan A-001332 nömrəli dövlət aktına xitam verilməsini (ləğv olunmasını) xahiş etmişdir. Yevlax ŞİH həmin məktuba cavab verməmiş və iddiaçı "İddiaçı" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin harada yerləşməsi dövlət aktının içindəki cizgi planında müəyyən edilmir. Dövlət aktını Respublika Torpaq Komitəsi verməli olduğu halda, Yevlax ŞİH vermişdir. Dövlət aktının tərkib hissəsi kimi təqdim olunanxx.xx.1996-cı il tarixli akt da saxtadır, belə ki, aktda 50 ha torpaq sahəsinin hansı ünvanda, hansı koordinatlarda ayrıldığı müəyyən olunmur. Həmin torpaq sahəsinin Yevlax ŞİH-in ehtiyat torpaq fonduna aid olması barədə də sübut yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278S nömrəli sərəncamından görünür ki, həmin torpaq sahəsi Yevlax peşə məktəbinin istifadəsində olmuşdur. "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə sərəncam xx.xx.1996-cı ildə verildiyi halda, xx.xx.1996-cı il tarixli akt həmin təsərrüfatın möhürü ilə təsdiq edilib. Halbuki, möhürün bir günə hazırlanması mümkün deyildi. Bundan başqa, dövlət aktı aqrar islahat komissiyası tərəfindən təsdiq edilmədiyinə görə hüquqi əsası olan sənəd hesab edilə bilməz. Dövlət aktı ya mülkiyyət hüququ, ya da istifadə hüququ üçün verilə biləcəyi halda, üz səhifəsində adı mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair yazılmışdır. Bundan başqa, həmin dövlət aktı yeni nümunəli dövlət aktı ilə əvəz edilmədiyinə görə hüquqi sənəd hesab edilmir. Əgər bu dövlət aktı hüquqi sənəd hesab edilsəydi, Yevlax ŞİH həmin torpaq sahəsinin Bələdiyyəyə verilməsinə razılıq verməzdi. Bundan başqa, dövlət aktında göstərilən torpaq sahəsində talvarın (çardağın) tikilməməsi "Elşən-96" kəndli (fermer) təsərrüfatı tərəfindən torpaq sahəsindən istifadə edilməməsini sübut edir. "İddiaçı" MMC həmin torpaq sahəsini 2011-ci ildə Bələdiyyədən almış və 2014-cü ildən sahəni əkib becərir. "Elşən-96" kəndli (fermer) təsərrüfatı uzun illər torpaqdan təyinatı üzrə istifadə etməmiş və torpağa görə vergi ödəməmişdir. "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddia etdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı yoxdursa, həmin torpaq sahəsinə subyektiv hüququ yoxdur. Cavabdeh Yevlax ŞİH iddia ilə bağlı xx.xx.2020-ci il tarixli 261 nömrəli yazılı münasibətində iddianın rədd olunmasını və mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, iddianı qanunsuz və əsassız hesab edir. Belə ki, yerli icra hakimiyyəti başçılarının mülkiyyət hüququnun müəyyən edilməsinə dair sənədləri ləğv etmək səlahiyyəti yoxdur. Bu səbəbdən Yevlax ŞİH hazırkı iş üzrə cavabdeh kimi qoyula bilməz. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamından görünür ki, ərzaq bolluğu yaratmaq məqsədilə Şəhər İcra Hakimiyyətinin ehtiyat torpaq fondundan 50 hektarında "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması, həmin təsərrüfatın nizamnaməsinin təsdiq edilməsi, Respublika Aqrar Sənaye Bankının Yevlax şöbəsində təsərrüfatın hesablaşma hesabının açılması, təsərrüfatın dəyirmi möhür və künc ştampının hazırlanmasına icazə verilməsi, sərəncamdan çıxarışın məlumat və icra üçün şəhər torpaq şöbəsinə, Vergi müfəttişliyinə, Statistika idarəsinə, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı alınması üçün Respublika Torpaq Komitəsinə göndərilməsi qərara alınmışdır. - İşdə olan, xx.xx.1996-cı il tarixli aktdan görünür ki, Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq, Kür çayı və Yevlax şəhəri ilə həmsərhəd olan 50 ha torpaq sahəsi seçilmişdir. - İşdə olan, A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"ndan görünür ki, həmin dövlət aktı kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı ilə "Elşən-96" kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş cizgidə (xəritədə) göstərilən sərhəd daxilində olan 50 hektar torpaq sahəsinə aiddir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində isə deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında deyilirdi ki, torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 291 nömrəli Fərmanının 1-ci bəndinin on altıncı abzasının həmin vaxt qüvvədə olmuş redaksiyasına görə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndində (əsasında torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüquqları verilən qərarların qəbul edilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Fərmanın 1-ci bəndinin on yeddici abzasının həmin vaxt qüvvədə olmuş redaksiyasına görə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2ci (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, qalan torpaq sahələri üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktlarının (şəhadətnamələrinin) verilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi həyata keçirir. Göründüyü kimi, "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradıldığı, ona torpaq sahəsinin ayrıldığı və torpaq sahəsindən daimi istifadə hüququnu təsdiq edən dövlət aktının verildiyi zaman qüvvədə olmuş maddi hüquq normalarına görə, yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsini daimi istifadəyə vermək səlahiyyəti olmuşdur. Torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktlarının verilməsi səlahiyyəti isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məxsus olmuşdur. İşdən görünür ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatına torpaq sahəsi Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə ayrılmışdır. Həmin sərəncam hazırda qüvvədədir, nə dəyişdirilməmiş, nə də ləğv edilməmişdir. İddiaçının hazırda mübahisələndirdiyi dövlət aktı isə məhz həmin sərəncam əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində "Elşən-96" kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququ mübahisələndirilən dövlət aktı əsasında deyil, Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı əsasında yaranmışdır. Sərəncam qüvvədə olduğu halda, dövlət aktının mübahisələndirilməsi iddiaçının əldə etməyə çalışdığı nəticəyə çatmasına kifayət etməyəcək. Dövlət aktı ləğv olunsa belə, bu, "Elşən-96" kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ilə bağlı Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə verilmiş hüququn xitamına səbəb ola bilməz. İddiaçı mübahisəli torpaq sahəsinə "Elşən-96" kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququnun aradan qaldırılması üçün bu hüququ yaranmasına əsas verən Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamını mübahisələndirməlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsinə bu barədə izah verilsə də, o, öz izahatında iddiaçının sərəncamı mübahisələndirmək fikrinin olmadığını bildirdi. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, torpaq sahəsi üzərində "Elşən-96" kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququnun yaranmasına əsas verən Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı hal-hazırda qüvvədə olduğuna görə həmin hüququ təsdiq edən dövlət aktı ləğv edilməməlidir. Ona görə də iddia təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" MMC-nin Cavabdehnə qarşı "Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilən 50 ha torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair verilmiş, tarixi qeyri-müəyyən olan A-001332 nömrəli dövlət aktının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-474/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-474/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver