Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-474/2021 29.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “İkinci Biləcik bələdiyyəsi tərəfindən 19.11.2005-ci ildə 15 nömrəli iclas qərarı ilə ona satılmış 357.5 kv.m (faktiki 323.51 kv.m) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, “2-ci Biləcik Bələdiyyəsinin 19.11.2005-ci il tarixli 15 nömrəli iclas qərarı ilə ona ayrılmış 357.5 kv.m torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 07.01.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya 2-ci Biləcik kəndində mağaza tikmək üçün kəndin Bələdiyyəsi tərəfindən 19.11.2005-ci il tarixli 15 nömrəli qərarla 357.5 kvm torpaq sahəsi və onun yerləşdiyi yerin sxemi verilmişdir. Verilən qərara əsasən Biləcik Bələdiyyəsinin hesabına BÜB № 673959 Qəbz ilə iddiaçı tərəfindən kassaya pul ödənilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 şəhər 12 saylı DƏDRX-nin ərazi idarəsinə ərizə ilə müraciət edərək, iddiaçıya ayrılan 0.0375 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdeh orqan 03.11.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqısatqısına dair akt”ın, torpaq sahəsinin ayrılmasına dair Şəki Şəhər İcra Hakimiyyəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilməli olan müvafiq rəylərin olmadığı məlum olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və İkinci Biləcik bələdiyyəsi tərəfindən 19.11.2005-ci ildə 15 nömrəli iclas qərarı ilə ona satılmış 357.5 kv.m (faktiki 323.51 kv.m) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 01.03.2021-ci il tarixli, **********68 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciəti zamanı ərizəyə Şəki rayonu X4 19 noyabr 2005-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarış, kassa mədaxil orderinin qəbzi və sxem əlavə edilsə də, sənədlər toplusunda “Torpaqların alqı- satqısına dair akt”ın, torpaq sahəsinin ayrılmasına dair Şəki Şəhər İcra Hakimiyyəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilməli olan müvafiq rəylərin olmadığı müəyyən edilmiş, bu səbəbdən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X10 filialının 12.10.2020-ci il tarixli, 646 nömrəli arxiv çıxarışından görünür ki, 2-ci Biləcik bələdiyyəsinin 19.11.2005-ci il tarixli 15 nömrəli iclasında iddiaçının bələdiyyəyə ünvanladığı ərizə nəzərə alınmış, mağazanın yerləşdiyi torpaq sahəsi ölçülərək 3-cü qrup üzrə 357,5 kv.m sahənin ona satılması və torpaq sahəsinin dəyərinin nağd olaraq 2-ci Biləcik bələdiyyəsinin hesabına mədaxil olunması qərara alınmışdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, 357.5 kv.m torpaq sahəsinin sxemi tərtib edilmiş və iddiaçı tərəfindən 12.12.2005-ci il tarixdə 673959 nömrəli mədaxil qəbzinə əsasən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. İş materiallarında olan X4 01.03.2021-ci il tarixli, 04 nömrəli məktubunda bələdiyyənin sədri C.Y.Abbasov təsdiq etmişdir ki, həqiqətən X2 X4 19.11.2005-ci il tarixli 15 saylı qərarı ilə köhnə mağaza altında olan 357.5 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06.05.2021-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 323.51 kv.m-dir. İddiaçının iddia etdiyi torpaq sahəsi DWG faylına (özəlləşdirilmiş torpaqların kompleks yer quruluşu layihəsi) əsasən əkin olmaqla yaşayış məntəqəsi kateqoriyasına aiddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla İddiaçı oglu tərəfindən istifadə olunur. Torpaq sahəsinin koordinatları tərtib olunmuş Sxem də göstərilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinasının əsasını torpağın alqı-satqı aktının təqdim edilməməsi təşkil edir. Halbuki, qeyd olunmalıdır ki, bələdiyyə inzibati orqan kimi torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraat aparmalı, həmin icraatın gedişində toplanılmış sənədləri özündə saxlamalıdır. Əgər cavabdeh iddiaçıya aid sənədləri tapmaqda çətinlik çəkirsə, bu zaman inzibati orqan kimi özü dövlət arxivinə müraciət etməli, sənədlərin olmamasının səbəblərini (məhv edilmə, korlanma və s.) araşdırmalı və onların bərpa edilməsi məsələsinə baxmalıdır. Belə bir yükün iddiaçının üzərinə qoyulması yolverilməzdir. Çünki, iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarından çıxarışın həqiqi olmaması sübuta yetirilməyənədək həmin sənəd mötəbər hesab olunur və çoxun azı ehtiva etməsi prinsipinə uyğun olaraq ondan əlavə sənədlərin tələb edilməsinə zərurət qalmır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən alqısatqı aktından başqa bütün zəruri sənədlər təqdim edilmiş, torpaq sahəsinə görə pul ödənilmiş, həmin yerin iddiaçıya məxsus olması təsdiqini tapmışdır. Alqı-satqı aktının olmaması barədə məhkəmə əlavə olaraq qeyd edir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir. Əgər alqı-satqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. Ümumiyyətlə qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə İkinci Biləcik bələdiyyəsi tərəfindən 19.11.2005-ci ildə 15 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 357.5 kv.m (faktiki 323.51 kv.m) torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərcin ona aid edilməsini xahiş etdiyi üçün xərc İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İkinci Biləcik bələdiyyəsi tərəfindən 19.11.2005-ci ildə 15 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 357.5 kv.m (faktiki 323.51 kv.m) torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-474/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-474/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver