Məhkəmə qərarları › İş №2-1(116)-474/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-474/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-474/2024 17.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı1, üçüncü şəxsin vəkili Vəkil, üçüncü şəxs X6 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X8 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları ilə RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən üçüncü şəxs X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsində çıxarış və Torpaq sahəsinin Plan-ölçü sənədinin ləğv edilməsi, Göyçay rayonu Qarabağlar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 ailə üzvləri-İddiaçı2, X5 və X2 JN212A, KOD 40808048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları ilə RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən üçüncü şəxs X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsində çıxarış və Torpaq sahəsinin Plan-ölçü sənədinin ləğv edilməsi, Göyçay rayonu Qarabağlar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 ailə üzvləri-İddiaçı2, X5 və X2 JN212A, KOD 40808048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2710/2023 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998ci il tarixli 41 saylı qərarı ilə İddiaçı1,İddiaçı2, X8 və X4 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-93/2023-nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı Şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, 21.11 2022-ci il tarixli, **********16 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilib göstərilən JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-212A (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də ilə iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi, o cümlədən üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün suallara cavab vermək mümkün olmadı. Lakin iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi ilə üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin 0,2486 ha hissəsi üst-üstə düşür. Qeyd edim ki, (qeydiyyat nömrəsi **********) reyestr nömrəli plan ölçü sənədinin hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı cavabdeh orqanın tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışdan görünür ki, ona məxsus 0,40 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı torpaq sahəsidir.Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41-saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə verilmiş 0,12 ha torpaq sahəsi isə Göyçay rayon Qarabağlar kəndində yaşayış massivində yerləşir. Üçüncü şəxs X6 mülkiyyətində olan 0,40 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq onun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları əkin massivinə deyil, qanunsuz olaraq yaşayış massivinə işlənmişdir. Bütün problemlər bu səbəbdən baş vermişdir. Göründüyü kimi üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədi də torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmamış və plan ölçü sənədinin koordinatları iddiaçının mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə İddiaçı1 və digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üst-üstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir. Bu səbəbdən də, ərizənin icası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-212 KOD 40814048 Torpağın mülkiyyətə verilməsinə dair Şəhaədtnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə 1.12 ha torpaq sahəsi verilmişdir.

3. RX ******* seriya nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0.40 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır.

4. AN-İ ******* seriya nömrəli alqı-satql müqaviləsinin surətindən görünür ki, X3 və digərləri özlərinə məxsus torpaq sahəsini X1.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-4276/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:

1. JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları ilə RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən üçüncü şəxs X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsində çıxarış və Torpaq sahəsinin Plan-ölçü sənədinin ləğv edilməsi;

2. İddiaçı1 ailə üzvlərinin JN212A, KOD 40808048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (baza məlumatlarına uyğun) uyğun olaraq Göyçay rayonu Qarabağlar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi. İddiaçılar tərəfindən üçüncü şəxsin adına RX ******* seriya nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın mübahisələndirildiyi ifadə edilsə də əslində cavabdehin həmin sənəd əsasında aparmış olduğu mülkiyyət hüququnun qeydə alınmasında ifadə olunan faktiki hərəkəti mübahisələndirilir. Prosessual qənaət prinsipinə əsasən məhkəmə iddia tələbinə iddiaçıların nail olmaq istədiyi hüquqi nəticəyə əsasən baxmaqla hesab edir ki,iddiaçıların mübahisələndirdiyi çıxarışın ilkin hüquqmüəyyənedici sənədinin aşkar edilməsi yalnız məhkəmə icraatı çərçivəsində mümkün idi.İddiaçıların məhkəmədənkənar qaydada həmin çıxarışı və ilkin sənədi əldə etmək imkanı istisna edilir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin müəyyən edilmiş hallarından görünür ki, JN-212 KOD 40814048 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı1 və ailə üzvlərinə Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi verilmişdir.Həmin torpaq sahələrinin yerinin müəyyən edilməsi və üst-üstdə düşmə halının araşdırılması məqsədi ilə mütəxəssis rəyi tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-4276/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, baxış zamanı iddiaçının naturada göstərdiyi 0.3945 ha torpaq sahəsi JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi ilə eyni ərazi deyil. Belə ki, baxış zamanı naturada göstərilən 0.3945 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən JN-67A nömrəli Torpağa mülkyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı 0.40 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Elektron baza məlumatlarında mövcud olan kəndin kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilən JN-67A nömrəli Dövlət Aktı üzərində tərtib edilmiş, X6 **********36 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş (RX ******* nömrəli,qeydiyyat nömrəsi **********, plan və ölçü sənədi AN°369910) 0.40 ha torpaq sahəsinin 0.2486 ha hissəsi üst-üstə düşür. Göyçay rayonu S.Vurğun təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində göstərilən İddiaçı1 və ailə üzvlərinə məxsus JN- 212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.12 ha torpaq sahəsi ilə real məkan (faktiki torpaq sahələri) arasında konfiqurasiya, bucaq, sürüşmə və uyğunsuzluq olduğu üçün 0.12 ha torpaq sahəsinin faktiki yerləşmə məkanını təyin etmək mümkün olmadığı səbəbindən torpaq sahəsinin naturada sahəsi, təyinatı, uqodiyası, statusu, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə həyətyanı məqsədilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarındada aşkar edilməmişdir. Baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən 0.3945 ha torpaq sahəsinin X6 faktiki istifadəsində olmaqla kol hasarla əhatə olunduğu və yonca bitkisi əkildiyi məlum olmuşdur. İşin hallarından görünür ki, JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi eyni deyildir.Üçüncü şəxsin adına verilmiş çıxarışın koordinatıları ilkin hüquqmüəyyənedici sənədi olan JN-67A nömrəli Dövlət Aktının koordinatları ilə eynilik təşkil edir. X6 adına Çıxarış və plan-ölçü sənədi TEKUİS baza məlumatlarına əsasən qeydə alınmışdır.İş materiallarına əlavə olunan yerquruluşu planından da görünür ki,iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla ətraf ərazi ilə eyni təyinatlıdır.Həmçinin,iddia olunan və hazırda üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin DWG və TEKUİS bazasında yerləşmə vəziyyətində fərq mövcud deyildir. Nəticə etibarı ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil etmir. Əksinə iddiaçıları tərəfindən faktiki istifadə və iddia edilən torpaq sahəsinin bir hissəsi X6 adına Çıxarışda qeyd olunan torpaq sahəsidir.Yəni iddiaçılar Şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilən torpaq sahəsini deyil, üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq istəyirlər. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki, üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı :

İddiaçılar İddiaçı1, İddiaçı2, X8 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı ““JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları ilə RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən üçüncü şəxs X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsində çıxarış və Torpaq sahəsinin Plan-ölçü sənədinin ləğv edilməsi, Göyçay rayonu Qarabağlar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 ailə üzvləri-İddiaçı2, X5 və X2 JN212A, KOD 40808048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar