Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-476/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iiclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 1992-ci ilin mart ayından 1996-cı ilin iyul ayınadək Azərbaycan Milli Ordusunun sıralarında hərbi qulluqda olmuşdur. xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında "sağ gicgah nahiyəsinin qəlpə yarası" diqanozu ilə müalicə almış, yaranın Azərbaycan Respublikasının Müdafiəsi zamanı alındığı hərbi həkim komissiyasının rəyi ilə təsdiqlənmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona "Müharibə veteranı" adı və vəsiqəsi verilməmişdir. "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə cavab olaraq cavabdeh 24 avqust 2022-ci il tarixli, 4/3-9585 saylı məktubla iddianı rədd etmiş, əsas olaraq Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-4662 nömrəli arayışına əsasən hərbi xidmətdə olmağına dair məlumatın olmaması göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının sədri tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli, 372 saylı məktubda hərbi xidmətə çağırılmağı, hansı şəraitdə, hansı yaraları aldığı dəqiq göstərilmiş və bu məlumatlar arxiv məlumatları əsasında yazılmışdır. Cavabdehə təqdim etdiyi hərbi biletində də bu barədə qeydlər vardır. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Mərkəzi arxivin 19 iyul 2020-ci il tarixli 9/2-4642 nömrəli arayışına əsasən iddiaçının 03 iyul 1992-ci il tarixdən 31 may 1994-cü il tarixədək hərbi xidməti barədə məlumat mövcud deyildir. Bununla da Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 29 iyul 2022-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nın 14.3. 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-9585 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2013-cü il tarixli 192 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında (243 saylı hərbi hissədə) stasionar müayinə və müalicədə olmuşdur (diaqnoz: sağ gicgah nahiyyəsinin qəlpə yarası). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 372 nömrəli qərarından görünür ki, Ucar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sağ gicgah nahiyyəsinin qəlpə yarası” (Ucar rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 4/275 saylı göndərişi, xx.xx.2013-cü il tarixli 55 saylı arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 192 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövllət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 55 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Ucar rayonundan hərbi xidmətə getmişdir. xx.xx.1994-cü il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissədə xidmət keçərək xx.xx.1996-cı il tarixdə Azərbaycan Ordu Sıralarından ehtiyata tərxis olunmuşdur. İddiaçı xx.xx.1996-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-817 nömrəli məktubuna əlavə olunmuş əmrlərdən görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmri ilə iddiaçı hərbi hissənin şəxsi heyətin siyahısına salınaraq sıravi hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 466 №-li fərmanına əsasən və hərbi qulluqçuların qismən ehtiyata tərxis olunmaları haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli N №-li əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq, bütün növ təminatlardan azad edilmiş, hərbi qeydiyyata düşmək üçün hərbi komissarlıqlarının sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə “Priküşkül” təlim mərkəzindən 18 nəfər şəxsi heyət qəbul edilməsi, hərbi hissənin siyahısına daxil edilməsi, bütün növ təminatlarla təmin olunması qərara alınmış, 9 sıra nömrəsinin qarşısında iddiaçının adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 111 nömrəli əmri ilə iddiaçı N saylı hərbi hissənin zabit və gizirləri, sıravi əsgərləri ilə döyüş bölgəsinə ezamiyyətə getmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi xx.xx.2023-cü il 4/3-3424 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə xx.xx.1992-xx.xx.1994cü il tarixlərdə və N nömrəli hərbi hissə xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, ... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində (Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçməsi müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş, daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil edilmiş və N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı, xx.xx.1992 - xx.xx.1994-cü il tarixlərdə N saylı, xx.xx.1994 - xx.xx.1996-cı il tarixlərdə N saylı hərbi hissədə xidmət keçmişdir. N nömrəli hərbi hissə xx.xx.1992 - xx.xx.1994-cü il tarixlərdə, N nömrəli hərbi hissə xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Yəni, iddiaçının xx.xx.1992 - xx.xx.1994-cü il tarixlərdə N saylı hərbi hissədə xidmət keçdiyi dövr həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi xx.xx.1992 xx.xx.1994-cü il tarixlərlə üst-üstə düşür. Həmçinin iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 111 nömrəli əmri ilə N nömrəli hərbi hissənin hərbi qulluçusu olaraq döyüş bölgəsinə ezamiyyətə getməsi də iş materialları ilə sübut olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 372 nömrəli qərarında iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunduğu, diaqnozu - “Sağ gicgah nahiyyəsinin qəlpə yarası” qeyd edilmiş və həmin qərarda yaralanma ilə bağlı - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir (sözügedən qərara əlavə edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının arayışında əsas olaraq 243 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalının 1992-ci il üçün 2 saylı “Stasionar xəstələrin qeydiyyatı” kitabının 551-ci sayındakı qeydə istinad olunmuşdur). Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə iddiaçıya qoyulmuş diaqnozun hərbi travma göstərilməsi və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasının qeyd edilməsi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını birbaşa sübut edir. Cavabdeh orqanın iddia tələbinə qarşı yeganə dəlili 03 iyul 1992 - 31 may 1994-cü il tarixlərdə iddiaçının hərbi xidməti barədə məlumatın mövcud olmaması ilə bağlıdır. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin dəlil iş materialları ilə təkzib olunur. Belə ki, mübahisələndirilən dövr üzrə iş materiallarında iddiaçının xx.xx.1992-ci il tarixli 111 nömrəli əmrlə N nömrəli hərbi hissənin hərbi qulluçusu olaraq döyüş bölgəsinə ezamiyyətə getməsi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunması, xx.xx.1994-cü il tarixdən “Priküşkül” təlim mərkəzindən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil daxil edilməsi barədə sübutlar olduğundan cavabdeh orqanın xx.xx.1992-xx.xx.1994-cü illər üzrə iddiaçının hərbi xidməti barədə məlumatın olmamasına istinad etməsi tamamilə əsasszıdır. Belə olan halda məhkəmə hesab edir ki, istinad olunan Əsanmənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, qanuni əsaslarla ehtiyata buraxılması sübuta yetirildiyindən və istinad olunan Əsanmənin tələbləri baxımından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-476/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-476/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver