Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-478/2024 23.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən Zaqatala rayonu, Aşağı Çardaxlar kəndində yerləşən 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün sənəd toplayan zaman məlum olmuşdur ki, islahat vaxtı iddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. İddiaçı islahat komissiyasının və bələdiyyənin texniki səhvinə görə bu günədək istifadəsində olan torpaq sahəsinə çıxarış ala bilməmişdir. İddiaçı Məmmədov X3 rayonu Aqrar islahat Komissiyasının qərarına əsasən istifadəsinə verilmiş 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən 31 iyul 2023-cü il tarixli məktubları ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizəçi qeyd etdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün qanunda əsas hesab edilən hüquqmüəyyənedici sənədlərin əsillərini, iddia etdiyi torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən kadastr planı və ya torpaq sahəsinin planı-ölçüsünü, yaxud özündə döngə nöqtələrinin koordinatları əks etirən plan cizgi olan-ayrıc aktını və müvafiq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədini ərizəyə əlavə etməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Zaqatala rayonu X4 xx.xx.2023-cü il tarixli 29 nömrəli arayışı.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-2106/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, xx.xx.2002-ci il tarixli Zaqatala rayonu Aşağı Çardaxlar kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı adı qeyd olunmuşdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-2106/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçıların adı qeyd edilmişdir.LakinŞ aqrar islahat zamanı iddia olunan 3.65 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş,nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı tələb olunan mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin hüdudları daxilində TEKUİS məlumat bazasında 0.73 ha torpaq sahəsi X2 və X1 adına işlənilmişdir. İddia olunan torpaq sahəsinin naturada ölçüləri 5.19 hektardır və TEKUİS məlumat bazasına əsasən həmin torpaq sahəsinin 1.04 ha hissəsi X4 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi, 3.42 ha hissəsi X4 mülkiyyətinə aid bələdiyyənin ehtiyyat fondu topaqları (BEF) ərazisi, 0.73 ha hissəsi isə X5 və X1 xüsusi mülkiyyətinə işlənilmiş ərazidir. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi və faktiki istifadə olunan 5.19 hektar torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən 1.04 ha hissəsi X4 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi ilə, 3.42 ha hissəsi X4 mülkiyyətinə aid bələdiyyənin ehtiyyat fondu topaqları (BEF) ərazisi ilə. 0.73 ha hissəsi isə X5 və X1 xüsusi mülkiyyətinə işlənilmiş ərazi ilə üst-üstə düşür. Göründüyü kimi iddia olunan torpaq sahəsi ikə müqayisədə iddiaçınıın faktiki istifadəsində artıq torpaq sahəsi olsa da həmin torpaq sahəsinin 4,46 ha hissəsi Zaqatala rayon X4 mülkiyyətinə aid torpaq sahəsi, 0.73 ha torpaq sahəsi isə xüsusi mülkiyyətə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin oluna bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə