Məhkəmə qərarları › İş №2-1(116)-479/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-479/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-479/2020 05.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının 10.06.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2012-ci ilin iyun ayının 10 da yaşa görə pensiya təyin olunmuşdur. O, 28 noyabr 2019-cu il tarixdə DSMF-nin İsmayıllı rayon şöbəsinə ərizə ilə müraciət edərək 1994-1997-ci illərdə İsmayıllı rayonu Mican kənd C.Məmmədov adına kolxozdakı iş stajına görə pensiyanın yenidən haqq-hesab edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat müraciətinə pensiya təyin edən kommissiyanın 05 dekabr 2019cu il tarixdə keçirilən iclasda baxaraq arxiv arayışına əsasən 1994-1997-ci illərin iş stajının ümumi stajına daxil etməyərək pensiyasının yenidən haqq-hesab olunmasından imtina edilmişdir. Cavabdeh imtinanın səbəbini onunla əsaslandırmışdır ki, həmin dövrlər əmək kitabçasında qeyd olunmayıb. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun C.Məmmədov adına kolxoza işə daxil olmağı barədə əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Həmin qeydin aparılması C.Məmmədov adına kolxozda işləməyinin sübutudur. Ona görə də hesab edir ki, arxiv arayışında qeyd olunmuş illər ümumi stajına daxil edilməklə pensiyası yenidən haqq-hesab edilməlidir. Eyni zamanda Şəki İnzibati- İqtisadi məhkəməsinin 2-1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə təhsil aldığı dövrlər ümumi stajına əlavə edilsə də pensiyaya çıxdığı tarixdən deyil 29 yanvar 2019-cu il tarixdən haqq-hesab edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının 10.06.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 05.03.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının 10.06.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin tarixdə keçirilən iclasının protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehin imtinasında bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4 bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda. Sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Təqdim etdiyi 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd “C.Məmmədov” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün, yaşa görə təyin olunmuş pensiyanın yenidən haqq-hesab olunması barədəki tələbi şöbənin pensiya təyin edən komissyasının 485 nömrəli qərarı ilə mümkün hesab edilməmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri: İddiaçı 10.06.2012-ci il tarixdən yaşa görə 123,76 manat məbləğində pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin növbəti Fərman və Sərəncamlarına uyğun olaraq pensiya məbləği ardıcıl olaraq artırılmaqla 01.10.2019-cu il tarixdən pensiyanın məbləği 200 manata çatdırılmışdır. İddiaçı 07.04.1994-cü il tarixdən 31.12.1997-ci il tarixədək C.Məmmədov adına kolxozda işləməklə 3 il 8 ay 24 gün sosial sığorta stajı vardır ki, həmin dövr ümumi iş stajının tərkibinə daxil ediləcəyi təqdirdə ümumi iş stajı 29 il 4 ay 1 gün olmaqla pensiya 01.12.2016-cı il tarixdən yenidən haqq-hesab edilərək artırılacaqdır. 01.01.2019-cu il tarixdən pensiyanın aylıq məbləği 201,80 manat olmaqla, 01.10.2019-cu il tarixdən aylıq pensiya məbləğində 1,80 manat artıma səbəb olacaqdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 00****** nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin 06.12.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu və 28.01.2020-ci il tarixli **********3 nömrəli məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X3 Filialının 251 nömrəli 28.11.2019-ci il tarixli arxiv arayışının əsli, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, 05.03.2020-ci il tarixli iddia tələbini dəqiqləşdirmə barəsində ərizə aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işləməsi 251 nömrəli 28.11.2019-cu il tarixli arxiv arayışı ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin məktubda qeyd olunan hala görə iddiasını dəqiqləşdirmiş və “1994- 1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının 10.06.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəkiİnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə iddiaçının təhsil aldığı illər sosial sığorta stajına daxil edilmişdir. Cavabdehin 28.01.2020-ci il tarixli məktubundan görünür ki, təhsil illəri sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının pensiya məbləği artacaqdır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artmasından ibarətdir. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2- 1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının 10.06.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasın məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı,işlədiyi dövrlər ümumi iş stajına daxil olunmalı və pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli 13.06.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının 10.06.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar